İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatın seçkidəki 13729 səsi Novella Cəfəroğluna qarşı - qalmaqal

Tanınmış hüquq müdafiəçisi Müsavatdan çıxarıla bilər; həmkarları onun müdafiəsinə qalxdılar: “Partiyada onun yerini tutacaq...”  

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə 25 namizədlə qatılan Müsavat Partiyası Milli Məclisdə təmsilçilik qazana bilməyib. Partiyadan verilən bəyanatda bunun səbəbi kimi “seçkilərin ədalətli və şəffaf keçirilmədiyi” göstərilir. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun  parlament seçkilərinin şəffaf keçirildiyi ilə bağlı bəyanatı isə üzvü olduğu Müsavat Partiyası tərəfindən etirazla qarşılanıb.

Müsavat Partiyasının üzvləri seçkilərlə bağlı Novella Cəfəroğlunun mövqeyini bölüşmədiyini bildirib. Müsavat Partiyasının üzvləri sosial şəbəkə hesablarında Novella Cəfəroğlunu istefa verməyə çağırıb.

“Hörmətli Novella xanım, sizin mövqeyiniz Müsavat Partiyasına xələl gətirir, istefa verin”- paylaşımların ümumi məğzi bundan ibarətdir. Novella Cəfəroğlu isə bu paylaşıma belə münasibət bildirib: “Müsavat Partiyasının Məclisini toplayıb bu məsələni müzakirəyə çıxarın. Mən də çox məsələlərə aydınlıq gətirə bilərəm. Son sözümü deyib çıxıb gedərəm. Müsavat Partiyası mənim qəlbimdədir, həmişə də elə qalacaq. Sizlər Müsavat Partiyasına nə başucalığı gətirmisiz, onları da araşdıraq. Mən bəyanatda 63 dairədə olan müşahidəçilərin yazdığı və bizə verdiyi məlumatlara istinad edərək seçkinin şəffaf olduğunu bəyan etmişəm”.

Sözcü - Razim Əmiraslanlının deputatlığa namizədliyi qeydə alındı - "Mən  qələbə üçün əzmlə bu yola çıxmışam”

Razim Əmiraslanlı

Mövzu ilə bağlı Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı Cebheinfo.az-a deyib ki, bu məsələ mütləq müzakirə olunacaq: “Novella xanımın mövqeyi partiyanın mövqeyi ilə daban-dabana ziddir.  Novella xanım Müsavat Partiyasının üzvü olduğu üçün mütləq müzakirə olunacaq”.

Azpolitika.info  isə Müsavat Partiyasının  1 sentyabr növbədənkənar parlament seçkilərində fəaliyyəti ilə bağlı maraqlı araşdırma aparıb. Bildirilir ki, 1 sentyabr seçkilərində partiya Naxçıvan MR-dəki 6 seçki dairəsinin heç birindən namizəd irəli sürməyib. Beləliklə, 300 minə yaxın seçici ilə - müsavatçıların seçki şüarlarının təbirincə desək, vətəndaşlarla ünsiyyət qurmaq imkanından istifadə etməyib, yaxud sadəcə buna resursları çatmayıb.

Bakı şəhəri üzrə təqribən 1.6 milyon seçicini əhatə edən 30 seçki dairəsindən isə Müsavat cəmi 6 namizəd irəli sürə bilib. “Ölkənin siyasi mərkəzində belə zəif performans göstərmək, şübhəsiz ki, təkcə iqtidarın yaratdığı siyasi maneələrlə bağlı deyil. Bu rəqəm 4 seçki dairəsinin olduğu Sumqayıt şəhərində isə cəmi 1 nəfər təşkil edir. Beləliklə, Müsavat paytaxtdan sonra ölkənin ən böyük iki şəhərindəki 8 dairədən cəmi 3-də namizədlə iştirak edə bilib. Bununla yanaşı, Müsavat Partiyası vaxtilə güclü sosial bazaya malik Qarabağ və Qərb bölgəsində də azsaylı namizədlərlə seçkiyə qatılıb. Belə ki, partiyanın Qazax, Ağstafa, Tovuz seçki dairələri üzrə namizədi olmayıb, Gədəbəy və Şəmkirdən isə cəmi 2 namizədlə prosesdə iştirak edib. Məclis sədri Arif Hacılının doğulduğu Zaqatala rayonunda da  (Şimal-Qərb bölgəsindən) partiya yalnız Şəkinin iki dairəsindən namizəd irəli sürüb. Müsavat Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının seçiciləri ilə bu kampaniya dövründə təmas qura bilməyib”, - deyə yazıda bildirilir. 

O da qeyd olunur  ki, MSK-nın saytında müsavatçı namizədlərin aldıqları ümumi səslər qalib elan olunan bir iqtidar namizədinin səsinə bərabərdir - toplam 13729 səs. 

Novella Cəfəroğluna qarşı addımlar onun hüquq müdafiəçisi olan həmkarlarının narazılığına səbəb olub. 

Çingiz Qənizadə həmkarlarını sərt tənqid etdi - 15.11.2018, Sputnik  Azərbaycan

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Novella Cəfəroğlu hüquq müdafiəçiləri tərəfindən həmişə hörmətlə, ehtiramla qarşılanan, xüsusi yeri olan nüfuzlu şəxsdir, Müsavat Partiyasının üzvüdür: “Hüquq müdafiəçilərinin bir çoxu müxtəlif partiyaların üzvləridir, o cümlədən mən də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya üzvlüyü vətəndaşın hansısa məsələyə münasibətdə mövqeyini dəyişə bilməz. Yəni vətəndaş harada özünü haqlı bilirsə, öz fikrini deyə və bu fikir partiyanın mövqeyi ilə uyğun olmaya da bilər. Novella Cəfəroğlu seçkilərdə müşahidəçilik həyata keçirmiş "Mənim səsim" seçki koalisiyasının gəldiyi nəticəni açıqlayıb. Orada Novella xanımdan başqa da bir sıra hüquq müdafiəçiləri təmsil olunurdu. Onlar seçkiləri izləyiblər və gəldikləri qənaəti açıqlayıblar. Buna görə də Novella Cəfəroğlunu hədəfə almaq başadüşülən deyil. Bəs fikir müxtəlifliyi harada qaldı? Əgər Novella xanım partiya üzvlüyündən xaric ediləcəksə, itirən daha çox Müsavat Partiyası olacaq. Bu gün bəlkə də heç Novella Cəfəroğlunun partiyaya ehtiyacı yoxdur. Sadəcə, Xalq Cümhuriyyətinə-Müsavat hökumətinə olan sevgisi onu bu gün Müsavat Partiyası ilə bağlayıb. Əslində Novella xanım siyasi fəaliyyətlə məşğul deyil. O, sırf insan hüquqları ilə məşğuldur. Bizim də başımızın tacıdır. Ona qarşı hücumları dayandırmaq lazımdır". 

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq  [Video-müsahibə]

Səidə Qocamanlı

“Mənim səsim” seçki Monitorinq Koalisiyasının üzvü Səidə Qocamanlı isə bildirdi ki, onların seçki hesabatı məhz 1 sentyabr seçki gününə həsr olunub və 500 nəfər müşahidəçinin səhər saat 8.00-dan səsvermə bitənədək apardığı müşahidələr əsasında verilən məlumatlara əsasən hazırlanıb: “Özü də biz o məlumatları yazılı surətdə almışıq. Bu məlumatlar bizə qeyd etdiyim müddətdə olan vəziyyəti göstərdi. Ona görə də bizə heç kimin iradı ola bilməz, biz təmiz işləmişik və hesabatın dəqiqliyinin  üzərində qalırıq.  Novella Cəfəroğlunun hədəfə alınması və Müsavatdan çıxarılması məsələsinə baxılacağını deyiblər.  Novella xanımı da, mənim özümü də partiyadan çıxarmaq istəyirlərsə, çıxarsınlar. Müsavatçılığı qəlbimizdən çıxara bilməyəcəklər. Müsavat sevgisi bizə babalarımızdan qalıb. O sevgi qanla keçib. Müsavatda Novella xanımın yerini tutacaq ikinci adam tapılmayacaq”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR