Onlayn ictimai-siyasi qəzet
Müqavilənin bağlanması üçün əsas olan sənədlər necə yoxa çıxıb? Notariusu prosessual hərəkətlərə cəlb etməyə kim mane olur?
Üzvlərinin sayı, səviyyəsi və çərçivəsini hələ müəyyənləşdirib qurtarmadığımız mafiya tipli mütəşəkkil cinayətkar dəstənin Bakıda həyata keçirdiyi müdhiş mənzil cinayəti ilə bağlı araşdırmalarımız davam edir.
İş üzrə bütün oxlar Bakı şəhəri, 46 saylı notariat ofisinə, həmin ofisin xüsusi notariusu Tamilla Hüseynbala qızı Kərimovaya yönəlib. Belə ki, zərərçəkmiş S.Şirvanova deyir ki, ona göstərilən mənzilin satın alınması barədə razılıq əldə olunduqdan sonra mənzili satan tərəfin nümayəndələri (Şahin və digərləri), vasitəçilik edən (makler xidməti göstərən) Səadət təklif ediblər ki, alqı-satqı notariusda rəsmiləşdirilsin. Eyni zamanda təkid ediblər ki, məhz 46 N-li notariusda rəsmiləşdirilsin. Səbəb kimi də göstəriblər ki, mənzilin rəsmi sahibi Xuraman Bağırova hazırda ağır xəstədir və məhz həmin notarius ofisinə yaxın yerdə yaşayır. Şahin S.Şirvanovanın şəxsiyyət vəsiqəsinin surətini istəyib və notariusa göndərdiyini deyib.
S.Şirvanova, Səadət, Səadətin onun hüquqşünası kimi təqdim etdiyi şəxs, S.Şirvanovanın qızı 46 saylı notariat ofisinə gedəndə nahar fasiləsi olub. Buna baxmayaraq, onlar ofisin iki işçisinin gözlədiyini görüblər. Müqavilə artıq əsasən hazır imiş. S.Şirvanova deyir ki, notarius ümumiyyətlə onu qəbul etməyib. Baxmayaraq ki, Xuraman Bağırovanın nümayəndələrindən “Faiq” dəfələrlə onun yanına girib çıxıb və aydınca görünüb ki, onlar burda birinci dəfə deyillər. Ən maraqlısı isə odur ki, maxinasiya üzə çıxdıqdan sonra S.Şirvanova Tamilla Kərimovaya müraciət edib, saxta olduğu deyilən müqaviləni niyə təsdiq etdiyini soruşub. Tamilla Kərimovaya şikayət edəcəyini deyəndən bir neçə dəqiqə sonra Şahin ona zəng edib, notariusa heç nə edə bilməyəcəyini söyləyib, ona hədə-qorxu gəlib. Maraqlı olan odur ki, sonradan beynəlxalq axtarışda olduğu məlum olan Şahin S.Şirvanovanın Tamilla Kərimova ilə söhbətindən az müddət sonra bundan necə xəbər tutub? Şübhə qalmır ki, ki, Şahin və notarius əvvəldən tanış və əlaqədə olublar!
Aydındır ki, bu şübhəni aradan qaldıran inandırıcı dəlillər olmayınca, şübhə qalacaq. Lakin notarius nəinki bu şübhələri dağıdacaq dəlillər ortaya qoyub, əksinə, şübhəni inama çevirəcək dərəcədə yeni hallar meydana çıxıb. Belə ki, mənzilə aid notariat işinin içində 70 min manat vəsaitin notariusun depozit hesabına köçürülməsi də daxil olan notarial hərəkətlərin edilməsi üçün zəruri əsas olan sənədlər və ya onların surətləri (alqı-satqı predmeti olan mənzilin mülkiyyət aidiyyəti, maliyyə arayışlar və s) ümumiyyətlə yoxdur! Cinayət predmeti olan mənzilin sənədlərinin də olmamasını, itdiyini xatırlayaq, maraqlı üst-üstə düşmədir, elə deyilmi? Həmin sənədlər həqiqətən də olmayıb, yoxsa cinayət hadisəsi həyata keçirildikdən sonra “itib” və ya itirilib? Bunları hüquq-mühafizə orqanları aydınlaşdırmalıdır. Təcrübəli notarius kimi tanınan Tamilla Kərimova bunu necə izah edəcək? Deyə bilərmi ki, məlum notarial hərəkətləri belə sənədlər olmadan müqavilə bağlayan şəxslərin şifahi şəkildə dediklərinə əsasən icra edilib. Lakin nəzərə alınmalıdır ki, ofislərdə notarial hərəkətlər kameraların çəkilişi ilə aparılır deyə bunu da aydınlaşdırmaq çətin deyil. Digər tərəfdən, onun apardığı alqı-satqı müqaviləsindəki məlumatlar, mənzilin, ünvanı, texniki xarakteristikasına dair çoxsaylı və mürəkkəb faktlar, müqvilə tərəflərinə dair informasiyalar elə şəkildə və məzmundadır ki, bu mümkünsüzdür. Üstəlik, müraciət etdiyimiz hüquqşünas ekspertlər, o cümlədən notarius təcrübəsi olan şəxslər birmənalı şəkildə belə müqavilənin baza sənədlər olmadan bağlanılmasının heç bir halda mümkün olmadığını, qanunlara sadiq heç bir notariusun belə hallarda ehtimal olunan ən yüksək rüşvət müqabilində belə bunu etməsinin mümkün olmadığını bildirirlər.
Notarius lisenziyadan məhrum edilə bilər və lisenziyanın qeyri-formal dəyəri məsələn, araşdırdığımız işdə cinayət predmeti olan mənzilin dəyərindən bir neçə dəfə çoxdur deyirlər! Odur ki, müəmma artır. Belə güman etmək olarmı ki, Tamilla Kərimova bunu kiminsə hec cür imtina edə bilmədiyi göstərişə, tapşırığa, xahişə, hədəyə və ya digər, məsələn, şəxsi münasibətlərlə bağlı səbəblərə görə edib? Hər şey ola bilər. Ancaq birmənalı aydındır ki, müqavilə hansısa baza sənədləri əsasında hazırlanıb, lakin həmin sənədlər ya əvvəldən notariat işinə daxil edilməyib, ya da ordan götürülüb.
Bunu aydınlaşdırmaq üçün 46 saylı notariat ofisinin xüsusi notariusu Tamilla Hüseynbala qızı Kərimovanın Xuraman Bağırova və S.Şirvanova arasında bağlanmış alqı-satqı müqaviləsi xüsusi yer tutur. Biz aşağıda fotosurəti verilən sənədin mətndə olduğu kimi İlkin alqı satqı müqaviləsi şəkilində yox alqı-satqı müqaviləsi şəklində adlandırmağımız təsadüfi deyil. S.Şirvanovanı təmsil edən 12 saylı hüquq məsləhətxanasının vəkili Mirismayıl Hadi təəccüblə bildirir ki, onun hüquqlarını müdafiə etdiyi şəxsə 70 min manat zərər vurulmasına səbəb olmuş hərəkətlərə görə qanuna görə məsuliyyət, həm də maddi məsuliyyət notarus daşıyır. “Nə üçün bu tipli notarius hərəkətləri zamanı tələb olunan elementar hərəkətlər edilməyib” sualına Tamilla Kərimova cavab verib ki, bu, ilkin alqı-satqı müqaviləsidir, əsas müqavilə olsaydı, digər sənədləri də araşdırıb yoxlayardı. Çoxları əsas alqı-müqaviləsi, ilkin alqı-satqı müqaviləsi nədir, fərqini bilməyə bilərlər. Lakin hətta heç bir hüquqi savadı olmayan şəxsə də məlumdur ki, istər ilkin alqı-satqı, istər əsas alqı-satqı müqaviləsi olsun, istənilən halda bunlar (ilkin və ya əsas olmasından asılı olmayaraq) alqı-satqı müqavilələridir, ümumiyyətlə, müqavilədir və qanunvericilikdə müqavilələrin bağlanması, tərtib, təsdiq edilməsi zamanı notarial prosesi həyata keçirilməsinə dair qayda və tələblər bunlara (əsas və ya ilkin olmasından asılı olmayaraq müqaviləyə) eyni dərəcədə aiddir. Əvvəldən deyək ki, bu, xüsusən daşınmaz əmlakın alqı-satqısına dair son dövrlərdə ölkədə baş verən neqativ hallarla bağlı xüsusi təfərrüatlı, detallı şəkildə çoxsaylı normativ aktların hazırlanması və qüvvəyə minməsində ifadə olunub. Həmçinin bu prosesin mühüm həlqəsi olaraq notariat xidmətləri ilə bağlı Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, hökumətin müxtəlif aktlar, metodiki tövsiyələr, göstərişlər, habelə yarırəsmi qadağalar müəyyənləşib. Məsələn, notariuslar üçün ev alqı-satqısı zamanı “xidmət əraziləri” var ki, bundan kənar ünvanları rəsmiləşdirmirlər.
Və haqqında bəhs etdiyimiz alqı-satqı müqaviləsinə münasibətdə 46 saylı notariat ofisin xüsusi notariusu Tamilla Kərimova bu prinsip və qaydalara əməl etməməklə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 10.1. maddəsində təsbit olunan “Xüsusi notariusun andını kobud şəkildə pozub. Andda o cümlədən “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirəcəyimə and içirəm” müddəası var. Elə həmin qanunun Notariusun vəzifələrinə dair 9-cu maddəsində deyilir ki, “Notarius öz vəzifələrini yerinə yetirərkən:
1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;
2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;”
Tamilla Kərimova nəinki onun fəaliyyəti üçün əsas olan qanunun bu tələbinə vicdanla və qərəzsiz olaraq əməl etməyib, əksinə, notariusun depozit hesabına 70 min manat vəsait köçürülməklə notarial hərəkətləri edən Səyalə Şirvanovanı qəbul belə etməyib və indi isə hər gün ofisə yüzlərlə adam gəlir, hamını qəbul edə bilmərəm deyə yumşaq deyilsə, vəzifə etikasızlığı e Sanki, təkrar edirik, notariusun depozit hesabına 70 min vəsait köçürülməsi, üçüncü dərəcəli hansısa sənədin surətini təsdiq etmək deməkmiş. Tamilla Kərimova, onun qanunsuz hərəkəti nəticəsində 70 min zərər düşüb, ev-eşiksiz qalmış S.Şirvanovaya belə münasibətdə nəyə və kimə arxayındır? Belə ki, müraciət etdiyimiz bütün hüquqşünas ekspertlər rəy verir ki, onun hərəkətlərində açıq-aydın cinayət təhqiqatının və dərhal başladılmalı olan xidməti təhqiqatın predmeti vardır və qanunun tələbinə Tamilla Kərimovanın qanunu pozması təsdiqlənərsə o, 70 manatı S.Şirvanovaya ödəməli olacaq. Lakin bir aydan çox keçməsinə baxmayaraq və S.Şirvanovadan Tamilla Kərimovanın hərəkətlərindən Ədliyyə Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq, nə cinayət, nə də xidməti təhqiqat başlamaq istəyirlər və ya bundan çəkinirlər. Qeyri-rəsmi şəkildə bildirilir ki, bunun üçün ədliyyə nazirinin şəxsi göstərişi olmalıdır və hələ ki, bu göstəriş yoxdur.
Mövzuya qayıdacağıq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ