Onlayn ictimai-siyasi qəzet
"İranın ABŞ-İsrail cütlüyü qarşısında məğlubiyyəti bölgədə yeni durum yaradacaq və bu, Moskva ilə Pekin maraqlarına ziddir".
Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Yaxın Şərqdə artan gərginlik böyük dövlətləri qarşı-qarşıya qoyub:
"ABŞ, Böyük Britaniya və bəzi Avropa dövlətləri İsrailin özünümüdafiə hüququnun olduğunu bildirərkən, digər dövlətlər bunun əleyhinə siyasət yürüdürlər. İsrail-İran müharibəsi fikir ayrılığını daha da dərinləşdirib. Bu, "Soyuq müharibə" illərini xatırladır. O illərdə də dünya ikiyə bölünmüş, bir qisim ABŞ-ı, digərləri keçmiş SSRİ-nin siyasətini dəstəkləyirdi.
Rusiya ABŞ-İsrail cütlüyünün İrana qarşı təzyiqini və bölgədə mümkün müharibəni qətiyyətlə pisləyib. Halbuki, özü Ukraynaya qarşı müharibəni davam etdirir. Çin nisbətən ehtiyatlı mövqedən çıxış edərək İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətin əleyhinə olduğunu bəyan edib. Tehran Rusiya və Çinin İrana dəstəyini artıracağına ümidlidir. Rusiya Ukraynada işğal ərazisini genişləndirməyə çalışır. Kreml İranı müdafiə etsə də, ABŞ-İsrail cütlüyünün bu ölkəyə qarşı hücumunu dayandırmaq gücündə deyil.
Rusiya iki cəbhədə mübarizə apara bilməyəcək. Çin ABŞ-la münasibətlərdə son illərdə gərginlik yaşasa da, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini təhlükə altına qoymaq istəməyəcək. Bu səbəbdən Çin də Rusiya kimi İranı qorumaq üçün bu ölkəyə real dəstək verməyəcək.
Moskva və Pekin ABŞ-ın formalaşdırdığı birqütblü dünyanı dəyişməyə çalışırlar. Rusiya və Çinin formalaşdırmağa çalışdıqları çoxqütblü dünyada İrana da rol ayrılıb. Ona görə də Moskva və Pekin müharibə nəticəsində İranın zəif bəndə çevrilməsini istəmirlər. ABŞ-İsrail cütlüyünün isə İranla bağlı öz planları var".
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ