Onlayn ictimai-siyasi qəzet
2023-2024–cü tədris ili üçün Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından narazı qalanlar var.
Elm və Təhsil Nazirliyinin qarşısına toplanan bir qrup müəllim Azərbaycan dili və ədəbiyyat fənni suallarında nöqsanlara yol verildiyini bildiriblər.
Onlar sualların çətinliyindən və quruluşundan gileyləniblər.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya bildirilib ki, 14 iyul tarixində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb və 29-cu test tapşırığında səhv olduğu aşkarlanıb.
Qeyd edilib ki, həmin test tapşırığı 1 280 nəfərə doğru, 3 842 nəfərə səhv hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın hamıya doğru hesablanması nəticəsində 1 280 nəfərin nəticəsi sabit qalıb, 3 842 nəfərə 2,5 bal (səhv cavaba görə 0,5 bərpa), 959 nəfərə isə 2 bal artırılıb.
Əlavə olaraq qeyd edilib ki, 17 iyulda edilən apelyasiya müraciətləri iyulun 21-dək emal olunacaq: "Bildiririk ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan 1 seans keçirilib və namizədlərə eyni məzmunda test tapşırıqları təqdim olunub".
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ