İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder Vardanyanı Bakı ilə masaya oturtmaq planı...

Rusiya vətəndaşlığından imtina edib, Xankəndinə köçən erməni oliqarxla bağlı oyunbazlığa start verildi; Araik Arutyunyan ona “dövlət naziri” vəzifəsini təklif etdi; rəsmi Bakı nə deyəcək?; siyasi şərhçi: “Onun  hansısa prosesdə iştirakı mümkün deyil”

Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə tərəflər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, “o cümlədən Stepanakert (Xankəndi-red.) və Bakı arasında müzakirə mexanizminin yaradılması yolu ilə” Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatına dair fikir mübadiləsi aparıblar.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, “Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər”. Bu, rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili məsələsidir” mövqeyinə uyğundur, hərçənd erməni baş nazir fikrinin davamında gerçək niyyətini açıqlayır: “Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas söz sahibi Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”, “Azərbaycan "Dağlıq Qarabağla" danışıqlar aparmalıdır". Fransada Makronla görüş zamanı “Azərbaycanla Dağlıq Qarabağ arasında danışıqlar başlasa yaxşı olar” tezisini dilə gətirməsi yeni bir oyunun başladığına açıq işarədir. Təsadüfi deyil ki, separatçı rejimin “lideri” Araik Arutyunyan 44 günlük müharibədən sonra ən sərt mövqe ortaya qoymağa cəsarət edib. Qarabağdakı etnik ermənilərə müraciətində Arutyunyan ilk dəfə olaraq “Azərbaycan-Qarabağ münaqişəsi” ifadəsini işlədib. Separatçı liderin sözlərinə görə, bu münaqişə həll olunmayıb və “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və qeyd-şərtsiz tanınması əsasında” həll edilməlidir. O, daha da irəli gedərək beynəlxalq ictimaiyyəti qondarma “dqr”in “müstəqilliyini” tanımağa çağırıb. Ermənilərin qondarma qurum təmsilçilərini Bakı ilə danışıqlar masasına oturtmaq cəhdi bir neçə ildir ki, davam edir. 44 günlük müharibədən sonra bu mövzunu arxa plana keçirən Ermənistan və Qarabağ separatçıları indi yenidən bu “tələblər”lə çıxış etməyə başlayıblar. Oktyabrın 3-də Qarabağdakı qondarma rejim “təhlükəsizlik şurası” adlı oyuncaq qurumun iclasında bəyanat qəbul edib. Separatçılar Azərbaycanla “danışıqlara hazır olduqlarını” (?-red.), ancaq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə” inadından dönməyəcəklərini iddia ediblər.

Azərbaycan Ermənistanla sülh danışıqlarında birmənalı olaraq Qarabağ erməniləri ilə bağlı məsələnin şərt kimi irəli sürülməsini bloklayıb. Bu mövqe Brüsseldəki bütün görüşlərin rəsmi bəyanatlarında əksini tapıb. İndi görünür ki, İrəvan yeni “taktikanı” işə salıb, bizimlə danışmırsızsa, Qarabağ erməniləri ilə “problemi həli edin” hiyləsini ortaya atıblar. Araikin müraciətindəki məlum ifadə də buna açıq işarədir. Bu “siyasət” “münaqişənin bitmədiyi”, “status” və “Minsk Qrupu” üzərindən həyata keçirən ABŞ və Fransaya Azərbaycana təzyiq üçün yeni bəhanələr verir.

Artıq şübhə qalmır ki, 1 sentyabrda Rusiya vətəndaşlığından imtina edən milyarder erməni oliqarx Ruben Vardanyan da bu məqsədlə Xankəndinə yerləşib. Araik Arutyunyan 4 oktyabrda Vardanyana “dövlət naziri” vəzifəsini təklif etdiyini açıqlayıb. “Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyanın "Artsax"a köçmək qərarını birincilərdən biri kimi müsbət qarşıladım və "Artsax" respublikasının dövlət naziri vəzifəsini tutmağı təklif etdim”, - deyə sərsəm iddiasını sosial şəbəkələr üzərində ermənilərə bölüşən Arutyunyan əlavə edib ki, milyarderə qərarlar qəbul etmək və onları həyata keçirmək üçün ona geniş səlahiyyətlər verməyə hazırdır.

A.Arutyunyanın sözlərinə görə, indi o, təkliflə bağlı Ruben Vardanyanın qərarını gözləyir. “Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığa başlayacağıq”, - o bildirib.

Vardanyan hazırda həmin “vəzifə”ni icra edən Artak Beqlaryanı əvəzləyəcək.

 Qeyd edək ki, “dövlət naziri” işğalçı rejimdə hökumət başçısı hesab olunur. Bu mənada miskin durumda olan ermənilərin başına Vardanyan kimi bir pullu oliqarxın gətirilməsi həm də kritik durumdan xilas variantı kimi düşünülə bilər. Eyni zamanda Vardanyanın barəsində “müharibədə iştirak etməyən” şəxs imicini formalaşdırmaqla onu Azərbaycanla danışıqlarda “tərəf” kimi təqdim etmək qəsdi də olmamış deyil. Araik Azərbaycana qarşı hərbi cinayətlər edib və barəsində 4 maddə ilə cinayət işi açılıb, İnterpol axtarışına verilib. Şübhəsiz ki, belə bir “liderlə” Bakı heç bir şərtlə masaya oturmaz. Bu mənada erməniləri vəziyyətdən çıxartmaq üçün Qarabağ savaşında adı keçməyən Vardanyanın “rəhbər” statusunda erməniləri təmsil etməsi variantı ortaya qoyulub. Təbii ki, bu, yalnız Araikin ağlının məhsulu deyil, burada həm Rusiya, həm Fransa, həm Ermənistanın ortaq anlaşmasından danışmaq olar. Təsadüfi deyil ki, Vardanyan Qarabağa qaçdıqdan bir neçə gün sonra Fransaya səfər etdi və görüşlər keçirdi. Üstəlik, Rusiya vətəndaşlığından imtina etməsinin qarşılığında Moskva tərəfindən hər hansı təpkiyə məruz qalmadı. Qeyd etdiyimiz kimi, Paşinyanın vaxtaşırı Qarabağ məsələsindən məsafə saxlamağa cəhd göstərməsi də Azərbaycanın daxili işlərinə qarışmamaq niyyətindən xəbər vermir. Sadəcə, Ermənistan hakimiyyəti bununla Bakı ilə Xankəndini üz-üzə qoymağa, yaxud onların arasında birbaşa danışıqlara nail olmağa cəhd göstərir. Bunun üçün də ən uğurlu fiqur kimi Vardanyan düşünülüb. Amma Azərbaycan hakimiyyəti üçün fərqi yoxdur: Qarabağ ermənilərinə hər hansı status verilməyəcək!

Hər halda, bu proses-separatçılarla birbaşa danışıqlar aparmaq ritorikasına qayıdış regionda sülhə xidmət etmir. Paşinyan “Qarabağ yükündən” qurtulmaq üçünmü bu birbaşa danışıqlar tezisini ortaya atıb, yoxsa bu xarici havadarları ilə razılaşdırılmış oyundur? Ümumiyyətlə, Vardanyan Bakı ilə danışıqlar masasına oturdula bilərmi?

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”ın suallarına cavabında bildirdi ki, Ermənistan rəsmilərinin açıqlamaları və davranışları, bir qayda olaraq, bir-birini təkzib edir və heç bir hüquqi mexanizmə, məntiqə söykənmir: “Bir tərəfdən, "sülh müqaviləsinə Qarabağ məsələsinin daxil edilməməsinin mümkünlüyü" bildirilir, digər tərəfdən, Ermənistanın xarici işlər naziri rəsmi Bakı ilə heç bir rəsmi statusu və təmsilçilik hüququ olmayan “Xankəndi” arasında müzakirə mexanizmlərinin yaradılmasını Azərbaycanlı həmkarı ilə müzakirə etdiyini dilə gətirir. Əgər sülh müqaviləsində Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı məsələ yer almayacaqsa, o zaman Ermənistan tərəfi ilə bu məsələnin müzakirəsinə nə ehtiyac var? Yəni Ermənistanla imzalanacaq sənədlərin predmeti olmayan hər hansı məsələ, şübhəsiz ki, bu ölkə ilə müzakirə olunmamalıdır". Hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə təmasa gəldikdə isə, E.Mirzəbəylinin fikrincə, bu, Qarabağ iqtisadi rayonunun azərbaycanlı və erməni icmalarının iştirakı ilə baş tuta bilər: “Sözügedən iqtisadi rayonun Azərbaycanlı icmasının statusu legitimdir və Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən tanınır. Eyni addımı Qarabağ iqtisadi rayonunun erməni icması da atmalıdır. Yəni icmanı təsis etməli və qeydiyyat üçün Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İndiki halda özünü hansısa qondarma rejimin təmsilçisi elan edən müharibə cinayətkarı ilə masa arxasında müzakirələrin aparılması mümkün deyil”.

Müharibə canisi, separatçı Araik Arutyunyanın Ruben Vardanyana “vəzifə” təklif etməsinə gəldikdə isə, E.Mirzəbəyli dövlətimizin rəsmi mövqeyini xatırlatdı: “Azərbaycan hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərində yaşayan etnik erməniləri təmsil edən həra hansı bir legitim inzibati ərazi vahidi tanımır və bu baxımdan da Vardanyanın Araikin "təklifini qəbul edəcəyi təqdirdə" Qarabağ iqtisadi rayonunun azərbaycanlı icması ilə birlikdə hansısa prosesdə iştirakı mümkün deyil. Digər tərəfdən, ermənilərin birdəfəlik başa düşməlidirlər ki, Azərbaycan onları heç bir halda tərəf kimi qəbul etməyəcək. Müzakirələr isə Azərbaycanın regional ərazi subyektlərinin rəhbərləri səviyyəsində təhlükəsiz birgəyaşayışı təmin etmək məqsədilə aparıla bilər". Bununla yanaşı, şərhçi qeyd etdi ki, əgər bu şəxs Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasının təmsilçisi seçilərsə, o zaman həmin iqtisadi rayonun azərbaycanlı icmasının təmsilçisi ilə birlikdə birgəyaşayış, təhlüksəzilik və digər məsələlərin müzakirəsində iştirak edə bilər.

Yazı çapa hazırlananadək məsələyə Vardanyanın münasibəti bəlli deyildi. Amma onun bir ay ərzində Qarabağdakı canfəşanlığının məhz “vəzifə olimpi”nə can atmağa hesablandığı şübhə doğurmur. Rəsmi Bakının Qarabağdakı oyunbazlıqlara hansısa formada reaksiya-xəbərdarlığının olacağı isə istisna deyil...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR