İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur dosent nəvəsinin ölümünün araşdırılmasını tələb edir

Şikayətçi: “İstintaq əsas suala aydınlıq gətirməyib...”

Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanov nəvəsinin ölümünün araşdırılmasını tələb edir. Şikayəti isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi rəhbərliyindən və məhkəmə tibb-ekspertlərindəndir.

Zeyqəm Süleymanovun sözlərinə görə, 2020-ci ilin avqustunda gəlininin anası, dayısı, dayısı arvadı və anasının dayısı oğlu evlərinə basqın edirmişcəsinə gəliblər. Hamilə olan gəlinini və 1 yaş 3 aylıq qız nəvəsini heç bir əsas olmadan özləri ilə aparıblar. Bundan bir neçə gün sonra gəlini həkimə aparılıb və bətnindəki uşaq dünyaya gətirilib və 9 gün sonra ölüb!

Zeyqəm Süleymanov deyir ki, ortada acınacaqlı bir fakt var - məsum bir körpənin ölümü: “Tərəflər də var. Birinci tərəf hər cür qayğı ilə əhatə olunmuş və bətnində sağlam uşaq daşıyan, lakin mənasız bir kaprizə görə ər evindən getmək istəyən ana, ikinci tərəf hamilə qadını israr və təkidlə ər evindən aparanlar, üçüncü tərəf isə məsum uşağın həyatı uğrunda mübarizə aparan həkimlərdir”.

Zeyqəm Süleymanovun iddiasına görə, bu acınacaqlı faktın, yəni məsum uşağın ölümünə bilərəkdən və ya bilməyərəkdən səbəbiyyət verənlər bu tərəflərdən biridir: “Çünki uşaq ata evində ikən sağlam olub. Bunu ertəsi gün həyata keçirilən müayinələr sübut edir. Deməli, məsum körpənin ölümünün səbəbkarını qarşı tərəflər arasında axtarmaq lazımdır, burada başqa bir ehtimal yoxdur”.

Şikayətçi bildirir ki, nəvəsinin ölümünün səbəbkarı kimdir sualına cavab tapmaq üçün Yasamal Rayon Prokurorluğuna müraciət edib: “İlk müraciətim 2020-ci ilin sentyabrda, uşağın ölümündən cəmi bir neçə gün sonra oldu. Lakin nəticə olmadı. Uzun-uzadı mənə izah olundu ki, ölkəmizdə komatoz vəziyyətdə doğulan və sonra ölən uşaq üçün ananı məsuliyyətə cəlb etmək praktikası və uyğun qanun maddəsi yoxdur. Yasamal Rayon Prokurorluğuna 2021-ci ilin noyabrında ikinci dəfə müraciət etdim. Bundan sonra hadisə daha ciddi şəkildə araşdırıldı və iş materialları rəy üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərildi. 28.03.2022-ci il tarixli ekspert rəyində göstərildi ki, həkimlər tərəfindən qoyulmuş ”Erkən doğulmuş uşaq, Tənəffüs pozulması sindromu, Periventrikulyar ödem, Qansızma və Bətndaxili infeksiya" diaqnozları düzgün qoyulub və yeni doğulmuş uşağa göstərilən tibbi yardımlar onun vəziyyətinə uyğun olub. Verilmiş bu rəyə əsaslanan müstəntiq 31 mart 2022-ci il tarixli qərarı ilə 36-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlamasını rədd etdi".

Zeyqəm Süleymanov deyir ki, nəvəsinin ölümü ilə bağlı cavabını almaq istədiyi suala istintaq aydınlıq gətirməyib: “İlk baxışda hər şey məntiqi görünür, lakin gözdən qaçıbmı, əhəmiyyətmi verilməyib, yoxsa bilərəkdənmi toxunulmayıb o suala? Necə olub ki, avqustun 13-də normal vəziyyətdə olan və həyati təhlükəsi olmayan 31 həftəlik döl bir həftə ərzində ana bətnində komatoz vəziyyətə düşüb? Həkimin günahı yoxdursa, kimdir günahkar sualının cavabı niyə yoxdur? Həm də bu sualın cavabını tanınmış alim-həkim tələb edirsə, niyə görməzlikdən gəlinir? Bu bir təsadüfdürmü?”

Prokurorluq qarşısında qoyduğu sualların cavabını ala bilməyən şikayətçi ekspertlərə məsuliyyət daşıdıqlarını yazılı şəkildə xatırladaraq çətinliklə də olsa işin təkrar ekspertizaya göndərilməsinə nail olub və bu dəfə ekspertlər qarşısında qoyulan sualları müstəntiq daha peşəkarcasına 5 qrup şəklində tərtib edib.

Şikayətçi qeyd edib ki, ekspertlər Cavid Cahangirli, Minurə Kazımova və Aynur Fərzəliyevanın imzası ilə ona 2022-ci il iyulun 4-də gəlinmiş 5 bənddən ibarət nəticə təqdim edilib: “Bütün məsələlərə aydınlıq gətirilib. Yalnız 13.08.2020-ci il tarixindən sonra dölyanı suyun axmağa davam etməsinə baxmayaraq həkimə getməmək və ona hətta xəbər verməmək (hüquqi dildə - hərəkətsizlik), həmçinin 19.08.2020-ci il tarixində saat 21 radələrində başlayan qanama ilə həkimə gec müraciət etməklə (23:37) uşağın komatoz vəziyyətdə doğulması arasında səbəbli əlaqə vardırmı” sualı yenə cavabsız qalıb. Bu yenə də təsdüfdürmü? Xeyr! Hadisənin davamı göstərir ki, ortada ekspertlərə, Lənkəran Qəyyumluq və himayəçilik komissiyasına, məhkəmələrə (Lənkəran Rayon və Şirvan Apelyasiya), həmçinin Lənkəran Rayon Məhkəmə icraçılarına təsir edən bir əl var, sahibi görünmür, amma bu əlin fəaliyyəti aktiv şəkildə hiss edilir".

Zeyqəm Süleymanova görə, hamiləliyin son dövrlərində ortaya çıxan erkən doğuş əlamətləri patoloji doğum şöbəsində stasionar müalicəsi üçün bilavasitə göstərişdir: “Bu qaydaya əməl olunmadığı və dölyanı suyun kəsilmədiyi səbəbindən uşaq ananın bətnində köməksiz vəziyyətdə qalıb. Uşağın tibbi müalicəyə və tibbi yardıma ehtiyacı olsa da, nə həkimə gediblər, nə də suyun dayanmadığını həkimə xəbər veriblər. Bir sözlə, uşağı ölümə tərk ediblər. Maddi sıxıntıdanmı, yoxsa acıqlamı etdilər, bilmirəm, ancaq görünən odur ki, ya bilərəkdən, ya da bilməyərəkdən ölümə səbəbiyyət veriblər. Bu isə cinayətdir. Azərbaycan Respublikasının da tərəfdar olduğu beynəlxalq konvensiyaya görə ”uşaq fiziki və əqli cəhətdən yetkin olmadığına görə istər doğulmamışdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi qayğı tələb edən bir varlıqdır". Yəni ana qarnındakı uşaqla istədiyi kimi davrana bilməz. Əgər istədiyi kimi yanaşıb, onu kamatoz vəziyyətə salırsa, burada ananın məsuliyyəti var və ana onu dərk etməlidir. Ekspertiza onu gizlədirsə, o qadın “burada mən, Bağdadda kor xəlifə deyib” istədiyini edəcək. Heç kim onun önünü kəsə bilməz. Nə yazıq ki, belə də oldu... Heç kimə sirr deyil ki, prokurorluqda qəbul edilmiş qərarın ləğv olunmasına nail olmaq və yeni ekspertiza təyin etdirmək heç də asan proses deyil. Bununla belə, təkrar ekspertizada ekspertlərin qoyulan sualdan təkrarən yayına bilməsi də asan məsələ deyil və həm də qarşılarında 40 illik təcrübəli və bilikli həkim varsa..." 

Məsələ ilə bağlı Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Ədalət Həsənovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR