Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Musavat.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, zərərçəkənlər Əli Mehralıyev, Sədaqət İsmayılova üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmirlər.
Bu səbəbdən onlar məhkəməyə teleqram göndəriblər. Zərərçəkənlər teleqramlarında səhhətləri ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiklərini, ilkin istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini qeyd ediblər. Həmçinin zərərçəkənlər məhkəmədən Vaqif Xaçatryana ömürlük həbs cəzası istəyiblər.
Daha sonra zərərçəkən Salman Rəhimov dindirilib.
Zərərçəkən Meşəli qətliamında ayağından yaralandığını, bu qətliama Vaqif Xaçatryanın başçılıq etdiyini deyib.
Lakin Xaçatryan bütün ittihamları rədd edib:
"Meşəli kəndində Bəxtiyar və Ədillə qardaş kimi olmuşam. Mən onlarda çörək kəsmişəm. Mən onlara qarşı hücum etməzdim. Vallah mən olmamışam. Mən tutulduğuma görə, hamı məni günahlandırır. Mən öz evimdə, ailəmdə başçı, rəhbər olmamışam, o da ola dəstəyə başçılıq edim. Bizim evdə başçı anam idi".
Bu zaman məhkəmədə gərginlik yaranıb. Zərərçəkən israrla qətliama Vaqif Xaçatryanın rəhbərlik etdiyini deyib:
"Sən indi burada deyirsən ki, orada iştirak etməmisən. Amma dəstəyə sən başçılıq edirdin. Hamı sənin adını çəkirdi".
"İki güllə yarası almış, zərərçəkmiş kimi xahiş edirəm ki, Vaqif Xaçatryana ömürlük cəza verilsin. Hadisə zamanı bacım Bəyim yaralanıb, nənəm Sürəyya başından güllə yarası alması nəticəsində ölüb.
Hücum edənlərin əksəriyyəti Badara kəndinin sakinləri idi. Vaqif Xaçatryan, Valeriya və digər şəxslər idi. Çoxunun adını bilmirəm. Vaqif Xaçatryan orada olub, iştirak edib. Valeriya, Armais, Vaqif dəstənin başçıları olub. Badara sakinləri Meşəli kəndinin sakinlərini oradan çıxarmaq istəyirdilər. Dəfələrlə demişdilər ki, sizi buradan çıxaracağıq, evinizi yandıracağıq. Vaqif Xaçatryan Meşəli qırğınının əsas təşkilatçısı olub".
Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ