Onlayn ictimai-siyasi qəzet
Hərbi rəssam, heykəltaraş Natiq Camal ömrünün 25 ilini Azərbaycan Silahlı Qüvvələrinə həsr edib. O, Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yaradılmış Hərbi Rəssamlıq Studiyasının rəisi olub.
64 yaşlı həmsöhbətimiz hərb tariximizin qədim vaxtlarından bu günədək olan dövrü əhatə edən portretlərin yaradılması ilə məşğul olur. Natiq bəy hazırda şəxsi emalatxanasında fəaliyyət göstərir və Vətən müharibəsində xüsusi xidmətləri ilə seçilən hərbçilərimizin portret və heykəllərini yaratmaqla onları tarixə həkk edir. Emalatxanada xüsusi təyinatlılara həsr olunmuş əsərlər xüsusi ilə diqqət çəkir. Onunla söhbətimizə elə özündən danışmaqla başladıq:
“1961-ci ildə Bakıda anadan olmuşam. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin “Heykəltaraşlıq və rəsm müəllimi” fakültəsini bitirmişəm. İki il Moskva hərbi dairəsində xidmətdə olmuşam. Daha sonra indiki Akademik Musiqili Komediya Teatrında çalışmışam. Orada səhnə rəssamı idim. 30 ildir ki, Rəssamlar İttifaqının üzvüyəm. Bizdə rəssamlığa meyllilik genetikdir. Atam da vaxtı ilə Tiflisdə rəssamlıq akademiyasına daxil olubmuş. Balaca bacım da rəssamdır.
Mən haralarda işləməmişəm ki...90-cı illərdə müharibə başlayanda Müdafiə Nazirliyinə müraciət etdim ki, bir rəssam kimi hansı köməyi göstərə bilərəm. Rəhmətlik general-leytenant Çingiz Məmmədov dedi ki, bina var, onu milli hərbi tarix muzeyinə çevirmək lazımdır. Beləliklə, 1993-cü ildə Müdafiə Nazirliyində işə başladım. 4 nəfərlə Hərbi Rəssamlıq Studiyasını qurduq. Orada qədim döyüşlərimizin portretini hazırlayırdıq. O vaxtkı müdafiə naziri 60 şirvan pul ayırmışdı. Bu pulla biz material, rəng aldıq. 4 metr hündürlüyü, 6 metr eni olan bir tablo hazırlamışdım. Orada Qızılbaşların yürüşünü çəkmişdim. Mən sıfırdan muzey qurdum. Sərdarabad döyüşü ilə bağlı rəsm əsərini çəkmişdim. Ruslar onu görəndə dəhşətə gəlmişdilər. Əsərlərimdən Azərbaycan İstiqlal Muzeyinə də vermişəm.
Hətta Türkiyənin hərbi ateşşesi də istəmişdi ki, onların da ofisində belə əsərlər olsun. Türkiyənin İstiqlal Marşına əsər çəkmişdim, buna görə türklər məni bağrına basırdı”.
Natiq Camal deyir ki, 2018-ci ildə çalışdığı şöbə ixtisar olunduğu üçün o vaxtdan işsiz qalıb. O, artıq 7 ildir ki, balaca və köhnə emalatxanasında hərbi döyüşlərin, Vətən müharibəsi iştirakçılarının portretini yaradır:
“Ox ucluqlarından başlamış, 17-18-ci əsrlərin silahlarına kimi çəkirdik. Böyük İsgəndərin Güney Azərbayacana yürüşü, Qara Yusif, Dərbəndin qarşısında Fətəli xan, Şah Təhmasib, Şah ismayılın yürüşü... görün nə qədər portret əlimizin altından keçib. Hələ Atropatın 3 metrəlik heykəlini demirəm. Son işim isə Babəkin büstüdür. Mənim muzeydəki işimi bərpa etsəydilər, gedib daha başqa əsərlər də yaradardım. İndi emalatxanamda xüsusi təyinatlıların, Vətən müharibəsi qəhrəmanlarının portretini yaradıram. Alan olsa, daha çox hərbçimizin şəklini çəkərdim. Rəhmətlik Qənirə Paşayeva sağ olanda portretlərin bir neçəsini aldı. Hətta demişdi ki, hərbçilərimizin portretlərindən ibarət sərgimi keçirəcək. Amma ömür imkan vermədi.
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev mənə əməkdar rəssam təqdimatı yazmışdı. 2018-ci ildən bu yana gözləyirəm. O adı da ala bilmədim. İşim, alıcım olsaydı, necə əsərlər yaradardım. Axı portret havayı başa gəlmir, ona da pul lazımdır”,-deyə söhbətimizin sonunda N. Camal gileylənir.
Şahanə Rəhimli
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ