Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Abbas Bağırov Gəncədə baş vermiş dəhşətli hadisəyə - 18 yaşlı Elgün İbrahimovun küçədə amansız şəkildə döyülərək aldığı ağır xəsarətlər nəticəsində vəfat etməsinə biganə qalmayıb.
Musavat.com bildirir ki, tanınmış sənətçi sosial media hesabında cəmiyyəti bu cür cinayətlərə susqun qalmamasına səsləyib:
“Bir səs, bir haray Elgün üçün ucalmalıdır. Türkiyədə baş verən hər hadisəyə səs veririk, ədalət tələb edirik. Bəs öz evimizdə, öz vətənimizdə baş verən vəhşiliyə niyə səssiz qalırıq? İndi danışmaq zamanıdır. Səssiz qalmamalıyıq! Bu vəhşiliyi törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır. Ədalət gecikməməlidir! Çünki bir uşaq – Elgün – susaraq bizə baxır. Onun haqqı, onun yaşanmamış həyatı üçün susmamalıyıq. Ədalət yerini tapsın. Elgün üçün susmayaq!”
Xatırladaq ki, Elgün İbrahimov Gəncə şəhərində yerləşən 34 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. M.Xəlilov küçəsində baş verən dava zamanı o, ağır şəkildə döyülüb. Xəstəxanaya çatdırılan Elgünə qapalı kəllə-beyin travması, qarın və bədən nahiyələrində çoxsaylı zərbələr diaqnozu qoyulub. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, gənc həyatla vidalaşıb.
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ