İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məşədi Dadaş" məscidi icması ətrafında müəmma: Hacı Şahinin yerinə kim gələcək?

Dini Komitə artıq məsələyə müdaxilə edib, məscidə imtahanla imam təyin etməyə hazırlaşır

Tanınmış ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənlinin martın 2-də qəfildən dünyasını dəyişməsindən sonra onun yerini kimin tutacağı ilə bağlı müzakirələr davam edir. Dini cameədə Hacı Şahinin yerini tutmağa ən şanslı namizəd kimi tanınmış ilahiyyatçı Hacı Ramilin  və Hacı Elbrus Kərimovun adları hallanırdı.

Son  günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə "Məşədi Dadaş" məscidinə Elbrus Kərimovun dini xadim  təyin olunması barədə  məlumatlar yayılmışdı. Buna səbəb cümə namazının qılınmasının Hacı Elbrus Kərimova həvalə edilməsi olmuşdu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə məscidə din xadimi təyinatını təkzib etdi. Dini Komitə bildirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna görə, İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu qayda əsasında həyata keçiriləcək.

Martın 13-də isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Məşədi Dadaş" məscidi dini icmasının üzvləri ilə görüşüb. M.Qurbanlı çıxışında Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimlərini sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradılır, onlara lazımi qayğı göstərilir.

Dövlət Komitənin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, "Məşədi Dadaş" məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb. Digər təfərrüatlar haqda məlumat verilmir.

Qeyd edək ki, "Məşədi Dadaş" məscidi  ilk vaxtlarda İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub. 2014-cü ildə isə məscidin nəzdində “Darul-Hikmət” Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəzin nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur. Məscid 2002-2023-cü illərdə axund, imam-camaat və imam-cümə olaraq fəaliyyət göstərmiş Hacı Şahinin adı ilə birgə anılıb.

Hay-küylü xəbər başlığı ilə oxucunu bir dəfə aldatmaq olar" - 30.06.2017,  Sputnik Azərbaycan

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Hacı Şahinin ölümündən sonra nə qədər boşluq yaransa belə, dini icmaya rəhbərlik etmək üçün yeni imam-camaat təyin olunacaq: “Allahdan Hacı Şahinə rəhmət diləyirəm. Azərbaycan insanının qəlbində önəmli iz buraxmış, dövlətinə və millətinə sadiq din xadiminin dünyadan köçməsi cəmiyyətimiz üçün böyük itkidir. Nə qədər zaman keçsə də, Hacı Şahinin cəmiyyətdəki yeri görünəcək, onun itkisi təəssüflə xatırlanacaq. Lakin Allah qatında hər kəsin qədərində ölüm anlayışı dünyaya gələndən yazılıdır, bu hikməti də kimsənin dəyişməyə gücü yetməz. İnanclı kəsim "Hər canlı ölümü dadacaq" hikmətinə tapınır, bu hikmətlə təsəlli arayır. Yeni təyinat da Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin səlahiyyəti çərçivəsində həyata keçiriləcək. Məncə, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi də yeni təyinat barədə qərar verərkən məsləhətləşmələr aparacaq və yeni təyinat zamanı əsas götürüləcək. Bir-birini yaxından tanıyan icma üzvləri üçün yeni imam-camaat təyinatında kənardan kiminsə gətirilməsinə inanmıram. Məncə, buna gərək də yoxdur. İnanıram ki, "Məşədi Dadaş" dini icmasına təyin ediləcək yeni rəhbər Allah Rəsulu Hz.Məhəmmədi (s) və Əhli-Beytini (ə)  sevən və bu sevgini insanlara aşılayan din xadimi olacaq. Ümid edirəm ki, həmin din xadimi də öz fəaliyyətində Hacı Şahinin təbliğ etdiyi ənənə və prinsiplərə sadiq qalacaq, dövlətini və millətini sevən, milli kimliyini fəaliyyətində rəhbər tutan insan kimi tanınacaq".

Şeyx “vurulur”?

Kənan Rövşənoğlu

Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirdi. O qeyd etdi ki, Azərbaycanda köhnə dini qanunvericiliyə əsasən, icma formalaşır: “Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınır və bundan sonra icmanın və ya QMİ-nin təklif etdiyi imam - daha əvvəl axund qeyd olunurdu - rəsmi olaraq məscidə təyin olunurdu. Amma bu qanun sonradan dəyişdi və məscidlərə imam təyinatı DQİDK-ya verildi, hazırda qüvvədə olan qanuna və əsasnaməyə görə, məscidə İmam komitədə imtahan vermiş şəxslər olur. Yəni məscidin icması ilə hər hansı əlaqəsi olmayan, məsələn, ucqar bir rayondan olan şəxs Bakıdakı hansısa məsciddə imam vəzifəsi vakant olarsa, müraciət edib imtahanda iştirak edə və əgər nəticəsi və digər şərtlər uyğun olarsa, gəlib o məscidin imamı ola bilər. Əvvəlki kimi imamın icma ilə bağlı belə demək olarsa, əlaqəsi qalmayıb. Mərhum Hacı Şahindən sonra ilahiyyatçı Elbrus Kərimovun təyin olunmasına gəlincə, bu, təyinat deyil. İcmanın və məscid camaatının seçimi idi. Söhbət rəsmi təyinatdan getmirdi. Çünki Hacı özü də Dini Komitədə imtahan verməmişdi, icmanın və QMİ-nin təyinatı ilə köhnə qayda ilə o məsciddə fəaliyyət göstərirdi. İndi isə DQİDK bütün ölkə məscidlərində tədricən yeni qaydaya əsasən imtahan vermiş diplomlu ilahiyyatçıları təyin edir. Proses yeni başlayır və yəqin ki, yaxın dövrdə bütün məscidlərdə imam təyinatı bu şəkildə mərkəzləşdirilmiş imtahanla baş tutacaq. O ki qaldı "Məşədi Dadaş" məscidinin imam təyinatına, açıqlamadan da göründüyü kimi, Dini Komitə artıq məsələyə müdaxilə edib, məscidə imtahanla imam təyin etməyə hazırlaşır. Mənim, açığı, o görüş barədə detallı bilgim yoxdur. Güman ki, növbəti vakant məscid siyahısına "Məşədi Dadaş" da əlavə olunacaq. Bu imtahan nəticəsində seçilən şəxs icmaya təyin olunacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR