Onlayn ictimai-siyasi qəzet
Ukrayna lideri ikinci sülh konfransında Rusiyanın iştirakını mütləq sayır, Kreml lideri də danışıqlardan imtina etmir, lakin yeni reallıqlar çərçivəsində...; bununla belə savaş tezliklə bitənə oxşamır və “Ramşteyn”də toplaşan koalisiya yeni dəstək paketi elan etdi
Ukrayna lideri Volodimir Zelenski ikinci sülh konfransında Rusiyanın iştirakını vacib sayıb. Prezident bəyan edib ki, detallı sülh planı hazırlanır və Qərbdəki tərəfdaşlara təqdim olunacaq. O, Donbas, Zaporojye və Xerson cəbhələrində yeni hücumların anonsunu da verib. Eyni zamanda, etiraf edib ki, Kurksda bəzi yerlərdən çıxarılıblar və hazırda 60 minlik rus qoşunu bu istiqamətdə cəmlənib. O, Kurksda 6 min rus hərbçisinin həlak olduğunu və yaralandığını açıqlayıb. Ukraynanın dövlət başçısı əlavə edib ki, bu müddətdə Rusiyanın 1300 kv.km. ərazisi Ukrayna ordusunun nəzarətinə keçib. Onların arasında 100-dən çox yaşayış məntəqəsi var. O bildirib ki, Rusiyanın bu ilin payızınadək dayandırılması üçün təcili tədbirlər görülməlidir.
Rusiyalı həmkarı Vladimir Putin isə əsas vəzifənin Donbasın “azad edilməsi” olduğunu açıqlayıb. Kreml başçısı ölkəsinin sülh danışıqlarından heç vaxt imtina etmədiyini də bildirib. Hər iki liderin açıqlamalarında hərb və sülh mesajları var. Təhlilçilər qeyd edirlər ki, ikinci zirvə görüşündə Rusiyanın iştirakı olarsa, atəşkəslə bağlı müəyyən ümidlər yarana bilər. Analitiklər Rusiyanın bu təklifi dəyərləndirməsini istisna etmirlər, lakin sammitə qədər tərəflər konfidensial müzakirələr aparmalıdırlar. Əgər bütün detallar razılaşdırılarsa, görüş xatirinə toplaşmaq olmazsa, Rusiya və Ukrayna nümayəndələri bir araya gələ bilərlər.
“Yeni Müsavat” yada salır ki, Kiyevlə Moskva arasında son danışıqlar İstanbulda olub. Putin də həmin anlaşmanı xatırladıb və yenidən o masaya qayıtmağı təklif edib. O zaman Zaporojye və Xersonun ilhaqı gündəmdə deyildi, yəni danışıqlar bərpa olunarsa, Rusiyanın bu iki regionu güzəştə getməsi istisna deyil. Hərgah, Rusiya prezidenti əvvəlki açıqlamalarında bunun əksini qeyd edib. O, 4 regionun birləşdirilməsini qəbul etməyə və Kiyevi Alyansa üzvlükdən imtinaya çağırıb, bu halda hərbi əməliyyatların dayanmasını mümkün hesab edib. İndisə liderlərin son bəyanatları belə ehtimallar irəli sürməyə əsas verir ki, ilin sonuna qədər atəşkəs mümkündür. Sadəcə, bunu gərək NATO da istəsin. Anqlosaksonlar Rusiyanın “dişlərini çəkir” və gücsüz vəziyyətə gətirməyi hədəfləyir. Bu savaşın strateji məqsədi Rusiyanı zəiflətməkdir. Putin də etiraf edib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir. Ona görə indi hansı yol seçiləcək - sammitdə danışıqlar və atəşkəs, yoxsa döyüşə davam...
“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair ”İstanbul prinsipləri"nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında..." - Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində yenə eyni şərtləri təkrarlayıb. Lavrovun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, amma təbii ki, yeni reallıqlar nəzərə alınmaqla... Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”. Rusiya yeni reallıqlar deyəndə həm də özünə birləşdirdiyi 4 regionu nəzərdə tutur. Ukrayna isə masaya oturmazdan əvvəl rus qoşunlarının 1991-ci il sərhədlərinə qayıtmasını tələb edir. Lakin bu savaş tezliklə bitənə oxşamır. Çünki ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Bunu da ABŞ-nin müdafiə naziri Lloyd Ostin “Ramşteyn” formatında keçirilən görüşdə bildirib. Qeyd olunub ki, ABŞ 250 milyon dollar dəyərində əlavə hərbi yardım paketini elan edib.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev insan qırğınını dayandırmaq üçün tərəflərin mümkün qədər tez masaya oturmalı olduqlarını düşünür. Onun fikrincə, hər iki tərəf itirir və hər gün insan həlak olur: “Bu müharibənin sürünən formaya keçməsi qurbanların sayının artmasına səbəb olur. Rusiya və Ukrayna liderləri faciələrə son qoymaq üçün konsensus əldə etməlidirlər. Son bəyanatlardan da hiss etmək olur ki, masaya oturmaq haqda fikirləşirlər. Xüsusən Zelenski bunu istəməlidir. Çünki müharibə onun ölkəsində gedir və şəhərlər bombalanır. Ukrayna prezidenti bilməlidir ki, bu savaşdan onun fikirləşdiyi qələbə ilə çıxmaq mümkün olmayacaq. Yəni Ukrayna ordusuna verilən dəstəyə, ən güclü silahlara baxmayaraq, onlar rus qoşunlarını tamamilə geri çəkə bilməyəcəklər. Fakt budur ki, Rusiya 4 regiona yerləşib və Krım da daxil olmaqla Donbası vermək niyyətində deyil”.
Ekspert hesab edir ki, Zaporojye və Xersonun güzəşti müzakirə edilə bilər, lakin Donetsk və Luqansk qaytarılmayacaq: “Hərçənd, adını çəkdiyim digər iki regionun da qaytarılması da Moskva üçün müzakirə mövzusu deyil. Konkret tələb irəli sürürlər ki, Ukrayna bu ərazilərdən imtina etsin. Sözsüz ki, Kiyev razılaşmır və geri çəkilmir, Qərbdəki müttəfiqləri də döyüşməyə çağırır. Amma sonu görünməyən bir müharibədir və Ukrayna ordusu bu qədər dəstəklə bərabər ərazilərini tamamilə geri ala bilməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ