İnsanlara hürriyət, millətlərə istiqlal!

Lesotodakılar cinsi azlıqdır, bizimkilər deyil? – ABŞ-nin ayrı-seçkiliyi

Dünən Trampın növbəti çıxışında "8 milyon dollar heç kəsin eşitmədiyi Lesoto adlı Afrika ölkəsində LGBT-nin təbliğinə ayrılıb" cümləsini oxuyanda özümlə qürur duydum ki, o ölkəni azı 3-4 ildir tanıyıram. Ölkənin adı Lesoto, milləti soto, dili sesoto.

Hətta o ölkəylə bağlı “Fibonaççi” yarışması üçün bir əyləncəli sual da hazırlamışdım, neçə ildir, macal tapıb təşkilatçılara göndərə bilmirəm. Həmin sual belədir: “Vatikan və San-Marino ilə yanaşı, o hansı ölkədir ki, yalnız bir qonşusu var və dörd bir tərəfdən onunla əhatələnib?” Cavab: Lesoto. Onu əhatə edən ölkə isə Cənubi Afrika Respublikasıdır.

Bu ölkəni, yəni CAR-ı hamınız tanıyırsınız: aparteid, Nelson Mandela, 2010-cu il mundialı, vuvuzela, Şakira, “Vaka-vaka, ee” və s.

Adam xəritəyə baxanda mat qalır və istər-istəməz düşünür ki, nə əcəb CAR lesotolulara demir ki, bəsdir lesotoluluq etdiniz, müraciət edin, bir quberniyamız olun.

CAR belə bir tələb irəli sürsə, Lesoto nə edə bilər? Heç nə. Çünki heç yerə çıxışı yoxdur. Orası da kəsilib, burası da, Allahdan əlacı da. Məcburdur, CAR-ın bir əyaləti olsun.

Amma siz Mandelanın xələflərindəki qanacağa, qabiliyyətə, türkün sözü, xoşgörüyə baxın, Lesotonu işğal etmirlər. İdeya vermək kimi çıxmasın, son aylar belə bir trend var: güclü zəifin ağzını cırır, dünya birliyi də göz yumur. Lesoto CAR-ın içində yox, qırağında, ya da bu tərəflərdə olsaydı, onda görərdi ki, müstəqil dövlət olmaq necə şeydir. Valalhi, başına elə bir macəra gətirərdilər ki, paytaxtını Maserudan köçürərdi.
Lesoto 30 kv\km-lik ərazi ilə özü Ermənistan boyda bir yerdir – yeni Ermənistan boyda. Yadınızdadırsa, bir ara Ermənistan çox şişmişdi, gəlib Əbdürrəhmanlıya dirənmişdi.

Yeri gəlmişkən, Əbdürrəhmanlı adlı kənd cəmi iki dənədir, hərdən sosial şəbəkədə rast gəlirəm, elə qələmə verirlir ki, guya Füzulidə bu adda çoxlu kənd var: Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Orta Əbdürrəhmanlı, Böyük Əbdürrəhmanlı, Bala Əbdürrəhmanlı, Dağ Əbdürrəhmanlı, Aran Əbdürrəhmanlı, Qıraq Əbdürrəhmanlı, Düz Əbdürrəhmanlı və s. Elə deyil. İlk ikisi var, qalanları yoxdur. Əslində o iki Əbdürrəmanlının da eləcə torpağı var, özləri 1993-cü iə qədər olub.

Mətləbdən yayındıq. Söhbət Lesotodan gedirdi. Lesotonun əhalisi 2 milyon 300 min civarındadır. Kasıbyana bir ölkədir. Krallıqdır. 1966-cı ilə qədər Britaniyanın müstəmləkəsi olub, ona görə də hələ də bu ölkədə camaat milli sesoto dili ilə yanaşı, ingilis dilində danışır. Yəni “ağ adamlar” ingilisdillidir, qara camaat sesotodilli. İşə baxın, axırıncı ingilis Lesotodan 59 il əvvəl çıxıb, amma ingilisin dili Lesotodan çıxmayıb. Biz də deyirik, 33 ildir müstəqilik, nəyə camaat Bakıda hələ rusca danışır, soyadları da yüzdə doxsan “ov”-“yev”lə bitir. Heç demə, bu qanunauyğunluq imiş Ta orasını bilmirəm ki, hansı qanuna uyğundur. Ola bilər, cəngəllik qanununa, ya da Nyutonun qanunlarından birinə düz gəlir.

Əlqərəz, indi aydın olur ki, ABŞ hökuməti 8 milyon dollar sərf edib ki, Lesotoda cinsi azlıqların sayını artırsın.

Bax, burası qəribə işdir, ABŞ administrasiyası LGBT-ni təbliğ etməklə onsuz da sayı az olan lesotoluların doğub-törəməsinin qarşısını niyə almaq istəyirmiş? Dünənə qədər tonqal qırağında dumbul vura-vura rəqs edən kişiləri yollarından sapdırıb sapıq etmək Baydengilin nəyinə lazım imiş, görəsən?

A kişi, sən get, belə şeyləri hindistanlılara başa sal, 1 milyard yarıma çatıblar artıq. Bu templə getsələr, iki ilə 2 milyard olacaqlar. Odur, Çin əhali sayına görə dünya ikincisi olmasına görə narahat olub, doğumu artırmaq üçün təşviqat işlərinə start verib. LGBT-nin təbliği onlara lazımdır. Yazıq lesotoluların nəslini niyə kəsmək istəyirsiniz?

Yenə də şükür edək ki, Trampın çıxışında bizim ölkəmizin də adı çəkilməyib. Adımıza söz çıxardı. Bir ara bizdə USAİD-dən qrant alanlar milli cinsi azlıqlara toz qondurmurdular, biri bir söz deyən ki, üstünə cumur, deyirdilər, alçaq, sən homofobsan. Adam da qorxusundan sözünü danırdı ki, cinsi azlıqları üstünə tökülüşüb suratına cırmaq atarlar, el-oba qarşısında rüsvay olar.

Amma insafən bir dəfə piketvari mitinqlərin birində LGBT-çilər çox aktual və məzəli plakat qaldırmışdılar, iri hərflərlə belə yazmışdılar: “Petuxlar qiymət artımına etiraz edir”.

Əgər vaxtında bu ayrı-seçkilikdən xəbər tutsalar, biizmkilər daha bir etiraz pankartı açardılar: “Bə biz cinsi azlıq deyilik? Lesotoya 8 milyon, bizə - iki dəfə az?”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR