İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin 44 ay öncəyə qayıtdı-savaşın 1346-cı günü- “Burada mənəm..."

 

Xəbər verdiyimiz kimi, Budapeştdə planlaşdırılan Tramp–Putin sammiti ABŞ tərəfindən Moskvanın sərt tələbləri səbəbindən ləğv edilib. Bu azmış kimi, Rusiya Vaşinqtona Ukraynadakı müharibənin dayandırılması üçün memorandum göndərib. Sənəddə Ukraynanın ərazi güzəştləri, ordusunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti kimi şərtlər irəli sürülüb.

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığı da yaşanıb. Baş verənlər Vaşinqtonun Rusiya ilə münasibətlərdə yumşalma kursundan kəskin dönüş etməsinə səbəb olub. Nəticədə ABŞ Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Göründüyü kimi, dünya yenidən 2022-ci il 22 fevralda Rusiya prezidenti Vladimir Putinin etdiyi məşhur çıxışa qayıtdı. Belə ki, Moskvanın Vaşinqtona göndərdiyi şərtlərin hər birini Kremlin sahibi 44 ay öncə səsləndirmişdi.

Nə baş verir? Kollektiv Qərb bundan sonra nə edəcək? Gördüyümüz odur ki, “rus ayısı” dişini qıcayıb, qarşısına qoyduğu hədəflərə çatmaqda israrlı görünür.

Ekran şəkli 2025-10-31 140715.jpg (49 KB)

Siyasi şərhçi Rəhman Bayramov Musavat.com-a bildirdi ki, Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin sammitinin ləğvi sadəcə diplomatik hadisə deyil, müharibənin mənasız bir mərhələyə çevrildiyinin etirafıdır: “Budapeşt sammitinin ləğvi beynəlxalq münasibətlər sistemində yeni strateji balanssızlığın təzahürüdür. Tramp–Putin görüşü, əslində, Rusiya ilə ABŞ arasında uzunmüddətli geosiyasi qarşıdurmanın mümkün yumşalma mərhələsi kimi nəzərdə tutulurdu. Lakin Moskvanın Vaşinqtona göndərdiyi memorandum bu ehtimalı aradan qaldırır. Kreml Ukraynadan ərazi güzəştləri, ordunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti tələb etməklə, sülhü deyil, yeni status-kvonun təsdiqini hədəfləyir. Bu, Rusiyanın diplomatik ritorikasında “təhlükəsizlik təminatı”, beynəlxalq sistemin baxışında isə “geosiyasi ultimatum” kimi dəyərləndirilir.

ABŞ tərəfi memorandumun qəbulunu beynəlxalq hüququn prinsiplərinə zidd sayır. Dövlət katibi Marko Rubio ilə Sergey Lavrov arasında keçirilən gərgin telefon danışığı Vaşinqtonun mövqeyinin dəyişməz olduğunu göstərdi: Ukraynanın ərazi bütövlüyü danışıqlar predmeti deyil. Trampın Kremlin təkliflərini “mənasız” adlandırması da məhz bu səbəbdən baş verir. Bunun ardınca ABŞ administrasiyası Rusiya neft sektoruna qarşı yeni sanksiyalar paketi açıqladı. Beləliklə, “taktiki barış” cəhdləri “strateji qarşıdurma” mərhələsinə keçməyə istiqamətlənir”.

Siyasi şərhçinin sözlərinə görə, artıq Rusiya-Ukrayna müharibəsinin 1346-cı günü tamamlanır, amma nəticə dəyişmir: “Rusiya itkilərini milyonlarla ifadə edən, iqtisadi baxımdan sanksiyaların dərinləşdirdiyi durğunluqla üz-üzə qalan bir dövlətə çevrilir. Ukrayna isə mütəxəssislərin hesablamasına görə bərpa olunması üçün 524 milyard dollardan artıq vəsait tələb edən bir ölkə halına gəlir. Hər iki tərəf tükənir, amma siyasi qərar mexanizmləri dəyişmir. Bu, artıq sadəcə müharibə deyil, beynəlxalq güc arxitekturasının yenidənqurma prosesi, çoxqütblü dünyanın sərt və bəzən xaotik doğuluşudur.

Putinin irəli sürdüyü şərtlərin arxasında üç strateji məqsəd dayanır: birincisi, Qərbi “nüfuz zonaları” anlayışına qayıtmağa məcbur etmək; ikincisi, postsovet məkanında geosiyasi hegemonluq prinsipini bərpa etmək; üçüncüsü isə daxili auditoriya qarşısında “Rusiya heç nədən geri çəkilmir” prinsipini qorumaq. Bu strategiya ilə Kreml həm Qərbin diplomatik iradəsini sınayır, həm də münaqişəni “zamanla qalib gəlmək” metoduna çevirir.

Lakin uzanan müharibə artıq regional təhlükəsizlik strukturunu tamamilə sarsıdır. Avropa enerji bazarının parçalanması, silahlanma xərclərinin kəskin artması və qlobal inflyasiyanın yüksəlməsi beynəlxalq iqtisadi sabitliyə sistemli təhdid yaradır. Ukrayna cəbhəsindəki hər gün, əslində, yeni geosiyasi bərabərsizliyin formalaşdığı gündür.

Burada əsas sual yaranır: müharibə uzandıqca kimin təhlükəsizliyi möhkəmlənir? Rusiya üçünmü, Qərb üçünmü, yoxsa heç kim üçünmü? Sülh masası hər dəfə niyə devrilir — çünki siyasi iradə yoxdur.

Bu gün Budapeşt sammitinin ləğvi göstərir ki, münaqişə artıq hərbi deyil, siyasi menecmentin böhranıdır. Bütün tərəflər diplomatik təşəbbüsləri maksimalist tələblərlə əvəzləyib. Sülhə aparan yol isə yalnız bir sualın cavabında gizlidir: beynəlxalq sistem gücün yox, hüququn dilinə qayıtmağa hazırdırmı?”.

Cavanşir ABBASLI

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR