 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Avtomobilinin buferinin zədələnməsinə görə özbəöz məhəllə uşağını şapalaqlayan, söyən, təpik zərbələri ilə yerlə bir etməyə çalışan gömrük polkovnikinin məsələsi barədə hüquq-mühafizə orqanlarından, ən azı, DGK-nın özündən açıqlama eşitmək intizarı sürərkən, məlum oldu ki, ictimai fəal, yazıçı İlkin Rüstəmzadənin başına gələn eyni hadisənin sorağı artıq polis bölmələrindən gəlir.
Bilmirəm, İlkinə zərər yetirənlərin məsuliyyətə cəlb edilməsi İlkinə, məhəllə uşağını döyən gömrük polkovnikinin məsuliyyətə cəlb edilməməsi isə polkovnikə ehtramdan irəli gəlirmi, yoxsa yox. Bunu o zaman bilmək olardı ki, polkovnik İlkini döyərdi, o zaman orqanlar seçim qarşısında qalardı. Belədə “zəif bənd” qismində məhəllə adamları, sadə vətəndaşlar qalıb.
Əlbəttə, küçədə maşın saxlamaq üstündə bir şəxsin üstünə hücum etməyin, üç dəfə boğazını sıxmağın, yeddi dəfə pis-pis söyüşlər söyməyin, sürəkli şəkildə çəkinib-dartınmağın, üstəlik, bunu videoya çəkdirməyin bir məsuliyyəti olmalıdır.
Beyin qızanda adamlara elə gəlir ki, öz küçələrində, həyətlərindədirlərsə, buranın, kriminal jarqonla desək, vəziyyətinə bunlar baxır, burada hökumət bunlardır.
Hələ də fəxrlə deyənlər var ki, o vaxt “Sovetskiyə çujoy adam girə bilməzdi”. Niyə, a qardaş? “Sovetski” ayrılıb ayrıca dövlət olmuşdu, Vatikan-zad idi? Bakının bir parçasıydı də, bu muxtarlıq hardan çıxmışdı? Həm də o qədər də elə deyildi axı, hüquq-mühafizə orqanları o nahiyədə vaxtaşırı reydlər, əməliyyatlar keçirirdi və şübhələndiyi şəxslər qoşa-qoşa “içəri” basırdı.
Demək, “yad adam bizim məhəlləyə girə bilməz” söhbəti əfsanədir. İndinin özündə də qafasını belə söhbətlərə qapdıranlar var, arxa küçələrdən keçən, kiməsə qonaq gələn adamların qabağını kəsirlər ki, burada xeyirdirmi, qaqaş, kimin yanına gəlmisən, burda hamının anası-bacısı var.
Sanki prospektlərdə, mikrorayonlarda yaşayanların anası-bacısı yoxdur, təkcə arxa küçələrdə yaşayanların var və onlar məhəllənin namus-qeyrətini, sərhədlərini, ərazi bütövlüyünü qorumağa mükəlləfdirlər.
Olur ki, belə “qeyrətli oğlanlar” qızışır, nəsə bir qələt qarışdırırlar, sonra dallarınca “Fiat Dobla” gələndə quzuya dönür, gedib bölmədə divara söykənir, döşəməyə baxırlar. Sanasan, dünən öz küçəsində “buranın vəziyyətinə biz baxırıq, elə asarıq, belə kəsərik” deyən bunlar deyildi.
Bir adamı təkləyib sıxma-boğmaya salmağın, təhqir etməyin mütləq şəkildə cəzası var. Gömrük polkovniki deyilsənsə, çəkəcəklər ortalığa. Çəkməsələr, dərəbəylik olar. Onsuz da şəhərdə şlaqbaumsuz həyət çox az qalıb, bir azdan girişdə pasport-nəzarət məntəqəsi də təşkil edəcək, viza-zad tələb edəcəklər.
Durduq yerdə şillələnmək heç kəsə xoş gəlmir, amma insanlar, prinsipcə, bir-iki şillənin acısını unuda bilərlər, bir şərtlə ki, şillə adama haqlı yerə, həm də ədəb çərçivəsində vurulsun. Yoxsa doğma məhəllədə aborigen insanla söz güləşdirən yadellini həm şillələyir, həm də sata gəlməz miqdarda “peysər”, “oğraş” adlandırırlarsa, adam o söyüşləri unutmayacaq.
Tərs kimi, bizdə dalaşanda çox söymək və “öldürərəm”, “başını kəsərəm”, “yortaram” deyə ölümlə, eləcə də zorakı intim münasibətdə olmaqla hədələmək çox dəbdir. Beyniçönmüşlər anlamırlar ki, birinci cinayətə təhrik, ikinci isə ağır cinayətdir və ciddi cəzası var. Yekə bir kişiyə “peysər” demək isə onun peysərinə şillə vurmaq vurmaqdan daha ağır bəd əməldir.
Nə edəsən ki, bu ölkədə insanlar xırda şeyə görə dalaşmağa, söyüşməyə meyllidirlər. 39-42-ci paralellərin havasından, suyundan, günəşindəndir, beyin həssasdır, alqoritmi fərqlidir. O, yalnız dörd divar arasında və poqon görəndə reallığı, dünyanın dörd cəhətdən ibarət olduğunu, dəvədən böyük filin mövcudluğunu, canım sizə desin, “bayır”la “içəri”nin fərqini dərk edir.
Belə olanda sonrakı peşmançılıq mərhələsi başlayır. Onda da biri üzüyumşaq, bağışlayan adam çıxır, o biri də Mehdiyev deyir, akademik demir (Nuh söhbəti müasir konyunktura uyğun gəlmir artıq). Məsələn, bir neçə tanış adam İlkinə deyib ki, səni təhqir edənləri bağışla, o da deyib, qırxdır, bir əskik deyil, elə şey yoxdur.
Döyülən, təhqir olunan kiməsə “filankəsi bağışla” deyən adamlar görmüşəm, eyni şey özlərinə qarşı olanda onlardan əfv xahişi edənlərə var-yox söyüşü qoyublar. Döyülən, söyülən başqası olanda hamı humanist olur.
İlkin özü bilər, elə gömrük polkovnikinin şilləsini yeyən oğlan da. Sadəcə, maraqlıdır, onların haqq-hesabı necə oldu, barışıq əldə edildimi, mübahisə sürürmü? İctimaiyyət cavab gözləyir.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ