 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının restavrasiyasına başlayır.
Musavat.com bildirir ki, bu barədə agentliyin sosial media hesabında məlumat verilib.
“Paytaxt Bakının Mərdəkan qəsəbəsində yerləşən bu tarixi abidə 13-cü əsrdən bu günə miras qalan Şirvanşahlar memarlığının ən mühüm nümunələrindən biri kimi yenilənəcək”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, TİKA rəhbəri Abdullah Eren bir neçə günlük Azərbaycana səfərə gəlib.
İlk rəsmi səfəri çərçivəsində Eren Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:
“Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyinin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik”.
Səfər çərçivəsində A.Eren Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə də görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabrın 30-da həmçinin, mədəniyyət nazirinin müavini Fərid Cəfərovla görüş keçirilib.

Görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nigar HƏSƏNLİ,
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ