İnsanlara hürriyət, millətlərə istiqlal!

Akademikin pikselləri

“İnsanlar yalana dözürlər, amma gözlərinin açılmasını sevmirlər”

(“Simona” filmindən)

Camaat tələsir, amma bağban işini gözəl bilir, armudun haçan yetişəcəyini, Ramiz müəllimin ətrafındakı proseslərin tam yekunlaşacağını və sairəni... Moskva bir günə tikilmədiyi kimi, Moskvanın adamlarını da bir günə... tutmaq çətindir. (Az qalmışdı müəllifin şairliyi başına vursun, birtəhər əlindən tutub saxladım - müəllif). 

Al Paçinonun baş rolda oynadığı “Simona” adlı bir köhnə kino var, orada qəhrəman kompüterdə obraz yaradırdı, guya onun gerçək aktrisa olduğunu hamıya sırıyırdı. Lakin axırda zibilə düşürdü: kompüterdəki həmin süni obraz onun həyatına müdaxilə etməyə başlayırdı. Məcbur olurdu kompüterdə həmin faylı məhv eləsin. Bax, orada Simonanın məhv epizodu yadımda belə qalıb: süni intellekt “aktrisası” ekranda yavaş-yavaş silinir, yoxa çıxırdı. Ramiz müəllimin hazırda piksel-piksel sökülməsi mənə həmin filmi xatırlatdı. Bir gün hansısa, növbəti vəzifəsindən azad edilir, başqa gün adına olan ordenlər saytdan itir, üçüncü gün şəkilləri yoxa çıxır. 

Film kimi həyat yaşayırıq, daha sizə nə lazımdır? Uşaq pulu, pensiya, nə bilim, ət-yağ... Püff... Qarınqulu olmayın, mənəvi həyata atılın. Ətrafımızda bu cür monumental sənət əsərləri oynanılır.  

Bəlkə bu qələbəmiz də 44 günə yekunlaşacaq, hələlik villa ətrafındakı yüksəklikləri yavaş-yavaş ələ keçiririk. Dünən Balakən icra hakimiyyəti azad edildi, məsələn. Proses itkisiz, ağrı-acısız keçə bilərdimi? Çətin işdir. Hazırda, deyilənə görə, azı 2 sıra nəfərimizi Ramiz müəllim gözündən vurubdur, bunlardan biri Fəzail müəllimdir, ikincisi Elman Nəsirovdur. İnşallah, itkilərimiz daha çox olmaz. Ölüm sevinməsin qoy. Şair də bu kimi məqamlarda yaxşı demişdir: “Öləsən, bir düşmən sevindirəsən”. 

Ramiz müəllimi ictimai-siyasi sferamızdan tamamilə rədd edəndən sonra həmin sferanın bərpa-təmir işlərinə çoxlu milyardlar lazım olacaqdır. O bizim milli məscidlərimizə donuz bağlamışdı. 

Ancaq bəzi hadisələr hətta üzü-üzlər görmüş, min cür faciələrlə üzləşmiş uca millətimizi də şoka salır, tükümüzü ürpərdir, qanımızı dondurur. Məsələn, dünən Balakən icra hakimiyyətində əməliyyat keçirilməsi, başçının həbsi xəbərini eşidəndən özümüzə gələ bilmirik. Korrupsiya, vəzifə cinayətləri, üstəlik, adı da İslamdır... Dəhşətdir. Şokdayıq. (Bunu elə bil təkrar yazdım, amma yəqin məni başa düşürsünüz - şokun nəticəsidir). 

Əlim qələm tutmur, bu yazını kompüterdə yazıram. Dilim-dodağım quruyub. Bir tərəfim işləmir. Gözümə cin-şeytan, qulyabanı, halarvadı, müxalifətçi görünməkdədir. Axı necə ola bilər ki, bizdə icra başçısı korrupsiyaya qurşansın, cinayət eləsin? Siz belə şey görmüşdünüzmü? 

Altıncı mərtəbədə yaşayan qonşumuz xəbəri eşidəndə dözməyib, özünü atmışdı, paltar ipinə ilişməsə kişi ölürdü. Həyətdə məktəblilər 20 qəpikdən mərc gəlmişdilər ki, əgər Balakənin icra başçısının həbsi doğru çıxsa 1-ci sinifdə oxuyan hansısa uşağı bıçaqlayacaqlar. Neçə xalaqızı və xalaoğlu evlənməyi saxladı, maşın yollarında motoru söndürüb səkidə qusan, skuteri yerə çırpıb ağlaşan, nə bilim, motosikletin karbüratorunu ağzına soxan... Çox kritik dönəm yaşamaqda idik, türk qardaşlarımız demişkən. 

Türkiyə yazdım, ağlıma gəldi, nə qədər çalışsaq da hələlik biz ora çata bilmirik. Qardaşlarımız inkişaf və dövlətçilikdə bizdən yüz yıl öndədir. Örnək üçün, bu yaxında orada bir nəfəri korrupsiya-zad işlərinə görə qoduqluğa basmışdılar, məlum olmuşdu 200 lirəlik pulun üzərində həmin zatın şəxsi imzası vardır - Mərkəzi Bankda çalışanda vəzifəsinə uyğun olaraq çap edilən pulları imzalayırmış. 

Gəlin səmimi etiraf edək, bu nəsə başqa leveldir.   

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR