Onlayn ictimai-siyasi qəzet
Siyasi şərhçi: “Tramp isə qalib gələrsə, ən azından faciələrin artmamasına nail ola bilər”
ABŞ-də kritik prezident seçkisinə bir ay qaldı. Rusiya da daxil, az qala bütün dünya gələn ay - noyabrın 5-də bu fövqəl dövlətdə keçiriləcək seçkinin nəticələrini gözləyir. Söhbət hər şeydən öncə Üçüncü Dünya Müharibəsi riskinin artıb-artmayacağından gedir.
Maraqlıdır ki, sabiq prezident, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin qalib gələcəyi təqdirdə dünyanı qlobal fəlakətə sürükləyəcəyini iddia edir. Bu nədir - bir seçki fəndi, ittiham, yoxsa?
Bəs seçkiyə bir ay qalmış rəqiblərin şansları necə görünür? Qalib olma ehtimalı daha çox kimin adı ilə bağlıdır? Qarşıdakı bir ayda Ukrayna cəbhəsində və Yaxın Şərqdəki hərbi konfliktdə kardinal dəyişiklik mümkünmü?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin sözlərinə görə, Trampın bu çıxışı ilk növbədə demokratlar haqqında seçicilərdə mənfi rəy yaratmağa hesablanıb.
“Bununla özünü dünyada sabitliyin bərqərar olacağının müəllifi kimi göstərmək istəyir. Halbuki dünyada xaosu, fəlakəti gətirən imperialist qüvvələrdir. Mən bu çıxışlarına görə Trampın qalib gələcəyinə inanmıram. Çünki o, Ukrayna torpaqlarının Rusiyanın nəzarətində qalması şərti ilə müharibəni dayandırmaq istəyir. Rusiya bütün demokratik dünya üçün qəbul olunmazdır. Tramp özü bu addımı ilə növbəti fəlakəti gətirə bilər. Eyni zamanda elə onun prezidentliyi dövründə Qüds İsrailin paytaxtı kimi tanınıb. Və bununla da Yaxın Şərqdə münaqişə daha da dərinləşib. Həmçinin onun prezidentliyi dövrdə İranla da gərginlik artıb”.
Politoloq hesab edir ki, Kamala Harrisin tərəfdarları müharibə komandası kimi təqdim olunur, bu qütb Ukraynanın vətən müharibəsini axıra qədər davam etdirmək istəyən qüvvələrdir: “Dünyada fəlakətin olmamasının yeganə yolu var. Rusiya qoşunları Ukrayna sərhədlərindən geri çəkilməlidir. Eləcə də Yaxın Şərqdə Şərqi Qüdsün paytaxt olması şərti ilə Fələstin dövləti yaradılmalıdır. Bu, BMT-nin də qərarıdır və dünyanın bir çox ölkələrinin dəstəklədiyi mövqedir. Əgər Tramp Ukraynada işğala son qoya bilməyəcəksə, müstəqil Fələstin dövlətinin yaranması üçün dəstək verməyəcəksə, elə onun prezidentlik dövründə də münaqişə zonalarında eskalasiyalar davam edəcək”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev isə Trampın qalib gələcəyini bildirir. Onun fikrincə, Qərbin bu dəstəyi ilə Ukrayna onsuz da yaxın perspektivdə torpaqlarını geri qaytara bilməyəcək: “Artıq Kiyev də, NATO-da başa düşürlər ki, hazırkı hərbi əməliyyatlar nəticəsində Ukrayna itirdiyi 20 faiz ərazini geri qaytarmaq gücündə deyil. Belə bir sürünən müharibə yalnız qurbanlar deməkdir. Tramp isə qalib gələrsə, ən azından bu faciələrin artmamasına nail ola bilər. O, çox praqmatik siyasətçidir. Bundan əvvəl prezident olduğu dövrdə də Ağ Ev ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə etməyib, ölkəsinin sosial-iqtisadi məsələləri ilə məşğul olub. Ümumiyyətlə, respublikaçılar demokratlardan fərqli olaraq dünyada idarə olunan xaos yaymırlar. O baxımdan ümid edirəm ki, Tramp yenidən prezident seçilərsə, Ukraynada gərginlik azalacaq, yaxın Şərqdə ən azı kövrək sabitlik əldə olunacaq, eləcə də Avropa Birliyi ölkələri ABŞ-nin iqtisadi təzyiqlərindən bir qədər azad olacaqlar.
Ukrayna müharibəsi Avropa Birliyini ABŞ-dən asılı vəziyyətə salıb. Tramp isə dünyanın nəzarətdən çıxan beynəlxalq münasibətlərini sahmana salmaq istəyir".
Şahanə RƏHİMLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ