İnsanlara hürriyət, millətlərə istiqlal!

Kıbrısın müstəqilliyini tanımaq problemi - Moskvanın tərəddüdü

Rusiya adada konsulluq açır, amma...

Rusiyanın ilin sonunadək  Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açacağı gözlənilir.  Bundan əlavə, bölgəyə birbaşa uçuşların başlanacağı deyilir. “İzvestiya” qəzetinə danışan yüksək səviyyəli mənbələr Rusiyanın birbaşa uçuşlar açacağını təsdiqləyib. Rusiya Federasiyası Kıbrısın şimalında konsulluq açmaq imkanını nəzərdən keçirir. Bu istiqamətdə işlər aparılır. Çünki 10 mindən çox Rusiya vətəndaşı orada yaşayır və onlar üçün konsulluq xidmətləri mövcud deyil. 2022-ci ilin sonuna qədər açılacağı gözlənilən konsulluq binası Şimali Kipr Türk Cümhuriyyəti olması göstərilmədən “Şimali Lefkoşada Rusiya konsulluğu” adlandırılacaq. 

Birbaşa uçuşları isə yalnız özəl şirkətlər həyata keçirəcək və bu, Rusiya dövlətinin qərarı olmayacaq: “Bu, Rusiya özəl aviaşirkətinin təşəbbüsüdür. Aviaşirkət birbaşa uçuşlar təşkil etməyi planlaşdırır. Lakin bu, Şimali Kipr Türk Cümhuriyyətinin Rusiya tərəfindən diplomatik olaraq tanındığı anlamına gəlmir. Moskvanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyi eyni qalacaq” - qəzet yazır.  Rusiya rəsmiləri bu məsələdə Tayvanı misal çəkir. Onların sözlərinə görə, ölkələr Tayvanı rəsmən tanımır, lakin Taybeydə ofislər açıblar.

Yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin  77-ci Baş Assambleyasındakı çıxışında beynəlxalq ictimaiyyəti Kıbrısı ən qısa zamanda tanımağa çağırıb. Ərdoğan Putinlə görüşündə bu mövzunu gündəmə gətirdiyini deyib. Ərdoğan Rusiyadan Kıbrısa birbaşa uçuşlara başlamaqdan məmnun olacaqlarını bildirib. “Bildiyiniz kimi, Rusiyanın turizm potensialı çox yüksəkdir. Şimali Kipr Türk Cümhuriyyəti üçün ən mühüm gəlir mənbələrindən biri də turizmdir. İnanıram ki, Şimali Kipr Türk Cümhuriyyətinə turizmin bu cür axını gələcək. Şimali Kipr Türk Cümhuriyyəti  turizm üçün çox yaxşı infrastruktura malik bir ölkədir. Bu mövzuda alınacaq nəticələr, inşallah, Şimali Türk Cümhuriyyətini daha da irəliyə aparacaq. Ümid edirəm ki, önümüzdəki dövrdə tanınması ilə Şimali Kipr Türk Cümhuriyyətini çox fərqli bir gələcək gözləyir”, - deyə Ərdoğan bildirib.

Rusiya Donetskin “müstəqilliyini” tanıdığı halda, Kıbrısla bağlı tərəddüdlərinin səbəbləri yəqin ki, beynəlxalq hüquqa bağlı deyil. Rusiya beynəlxalq hüququ saymır,  heç vaxt da siyasətində prioritet hesab etməyib, amma indi... Rusiya Yunanıstandan çəkinir, yoxsa başqa səbəblər var? Türkiyə Krımı tanımadığı üçün Moskva da bu addıma getmir?

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Kipr məsələsinin tənzimlənməsi ilə bağlı BMT-nin sabiq baş katibi Kofi Anandın “Anand planı”nın yunanlar tərəfindən imtinasından sonra Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınması istiqamətindən diplomatik səylər artırıldı.  Türkiyə diplomatik fəaliyyətini aktiv fazaya keçirdi: "Bir sıra dövlətlər ŞKTC-nin müstəqilliyini rəsmən tanımasa da müxtəlif sahələr üzrə əlaqələr qurub. Naxçıvan Muxtar Respublikası da Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyıb və fəal münasibətlər qurub. Rusiya vətəndaşları üçün Şimali Kipr cəzbedici turizm və biznes məkanıdır. Rəsmi Moskva maraqlıdır ki, indiki dönəmdə yeni çıxış əldə etsin. Lakin dünya birliyi tərəfindən Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanınmaması müəyyən baryer yaradır. Burada problem təkcə Yunanıstan deyil. Kipr Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Kipri təkcə yunan kəsimi ilə deyil, türk kəsimi ilə bütöv qəbul edir. Əgər Rusiya Şimali Kiprdə birbaşa konsulluq açarça, bu, Avropa İttifaqının etirazına səbəb olardı. Onsuz da Rusiya ilə Avropa İttifaqı arasında qarşıdurma var və şimal qonşumuz sanksiyalar altındadır. İttifaqla əlavə ziddiyyətlər rəsmi Moskvaya lazım deyil. Türkiyənin Krımı və Ukraynadan qoparılmış digər 4 regionu Rusiyanın ərazisi kimi tanımayacağını çox yaxşı dərk edir. Ancaq beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətindən yeni imkanlar əldə etməsi də çox vacibdir. Hesab edirəm ki, rəsmi Ankara ilə Moskvanın isti münasibətləri Şimali Kiprlə əlaqələrə də müsbət təsir göstərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR