İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyat "ŞEF"ləri Azərbaycana nə üçün gəlirlər? - SENSASİON DETALLAR

Bakıya gələn baş kəşfiyyatçıların gerçək məqsədi və niyyəti nə olub; ekspertlərdən maraqlı açıqlamalar

Son aylarda dünyanın aparıcı ölkələrinin kəşfiyyat rəhbərləri Azərbaycanda səfərdə olub. Bu səfərləri zəruri edən amillər barədə konkret açıqlamaların olmaması təəccüblü olmasa da, müzakirələrə rəvac verməkdədir.

Qeyd edək ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun Bakıya səfərindən sonra, oktyabrın 2-3-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də Bakıda səfərdə oldu.

Həmçinin Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur Bakıda tələbələrlə görüşdü. Riçard Murun ADA Universitetində tələbələrin qarşısında mühazirə oxuduğu bildirildi.

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun Azərbaycana ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün səfər etdiyini Ağ Evin Bakıdakı missiyası açıqladı. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşmüşü. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilirdi. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”.

Rusiyanın baş kəşfiyyatçısının səfəri ilə bağlı yayılan məlumatda deyilirdi ki, Narışkin Bakıda bir sıra görüşlər keçirib. Söhbətlərdə beynəlxalq vəziyyət, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub.

Maraqlıdır ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor daha sonra Ermənistana getdi. Bildirildi ki, İrəvanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla keçirilən görüşdə Ermənistanla ABŞ arasında əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. “Tərəflər xüsusilə ikitərəfli gündəliyin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanın təhlükəsizlik sisteminin modernləşdirilməsi üçün gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər. Bir sıra regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub”, - məlumatda deyilir.

Şübhəsiz ki, intensiv xarakterli bu səfərlərdə yalnız sözügedən istiqamətlər üzrə müzakirələr aparılmayıb. Müzakirələrin əsas mövzusunun Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi olmadığı da bəllidir. Bəs bu səfərlərdə məqsəd nə ola bilər: müzakirə masasında Rusiya məsələsimi var idi, yoxsa İran mövzusu?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ayrı-ayrı ölkələrin, o sıradan da ABŞ, Böyük Britaniya və Rusiya xüsusi xidmətlərində yer alan rəhbər vəzifəlilərin Bakıya səfərləri ilk deyil: “Əlbəttə, qlobal təhlükəsizlik arxitekturasının tam  dağıldığı  bir vaxtda  belə səfərlər, sadəcə, ikitərəfli əlaqələri əhatə etmir və ancaq informasiya mübadiləsi məqsədi daşımır. Burada qlobal məsələlər də gündəmdə olur, onlarla bağlı mövqelər çatdırılır, nələrsə dəqiqləşdirilir, bir sıra hallarda isə istəklər səsləndirilir. Mən bu fikirdəyəm ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun,  Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıya səfərlərində də bizim regionla yanaşı, Yaxın Şərqdə və Ukraynada baş verənlərə də  toxunulub. Çünki Yaxın Şərqdə və Ukraynada baş verənlər bu və ya digər dərəcədə bizim regiona da təsirsiz ötüşmür. Eyni zamanda Azərbaycanın tutduğu mövqe də oradakı proseslərə bu və ya digər dərəcədə təsir edə bilər və edir”. S.Alıyev əlavə etdi ki, amma kimin hansı missiya, eləcə də təkliflə gəlməsindən asılı olmayaraq, Azərbaycanın həm regionda, həm də regiona dışında baş verənlərə ancaq öz milli maraqlarından yanaşacağı kimsəyə sirr deyil: “Bir çox hallarda bu yanaşma gələn qonaqların təmsil etdikləri dövlətlərinki ilə üst-üstə düşə də, düşməyə də bilər. Məsələn, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Bortnikovun son açıqlamalarından birində qeyd olunduğu kimi, biz də bu fikirdəyik ki,  Avropa Birliyinin Ermənistandakı "mülki" missiyası burada casusluqla məşğuldur, eyni zamanda da həmən ölkəni NATO-nun forpostuna çevirmək yönündə hazırlıqlar aparır. Nəzərə alsaq ki, hayalətli siyasət yeridənlərin bu hazırlıqları region üçün yaxşı heç nə vəd etmir, təbii ki, biz  Rusiyadan da çox ona qarşı çıxmalıyıq və çıxırıq da. Çünki Rusiyadan fərqli olaraq biz bu regionun bir parçasıyıq".

Birləşmiş Ştataların dövlət katibi Blinkenin  60 konqresmenin adından özünün özünə yazdırdığı müraciətə gəldikdə, deputat qeyd etdi ki, bəli, onun hayalətli geosiyasi istəkləri dəfələrlər rədd olunduğu üçün belə bir cızmaqara meydana çıxıb: “Siz həmin Blinkenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə haçan zəng etdiyini və həmin zənglər zamanı hansı məsələlərə toxunulduğunu, qarşı tərəfin hayalətli təkliflərinə necə dəqiq, yerində oturducu cavablar verildiyini bir daha gözdən keçirsəniz, özünüz də bunu açıq-aydın görəcəksiniz. Və cənab Prezidentin Cəbrayıldakı xəbərdarlığından sonra artıq onlar da bilməmiş  deyillər ki, Azərbaycanın əleyhinə yönələn  məkrli niyyətlərini burada reallaşdırmamaları üçün başqa cavab addımlar da atılacaq. Biz artıq onun bir addımlığındayıq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə öncə xüsusi bir məqama diqqət çəkdi: “ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorunun və Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakıya səfərlərindən fərqli olaraq Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıya gəlişi yerli xəbər agentlikləri tərəfindən təsqid olunmadı. Onun Bakıda kimlərlə görüşdüyü də açıqlanmadı. Biz, sadəcə, Narışkinin açıqlamasından anladıq ki, o, Bakıda olub. Rusiya rəsmiləri açıq deyirlər ki, Qərb ölkələrinin, o cümlədən ABŞ, Avropa İttifaqı və NATO-nun Cənubi Qafqazda artan fəallıqlarından narahatdırlar. Bu ölkələrin hansısa rəsmisi Azərbaycana və ya Ermənistana səfər edən kimi rusiyalı rəsmilər ya Bakıya gəlir, ya da İrəvana gedirlər. Görünür, Kreml hesab edir ki, ABŞ və Avropa İttifaqı Rusiyanın Ukrayna müharibə aparmasından istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək istəyirlər”. E.Şahinoğlunun fikrincə, Rusiya rəsmiləri Azərbaycan və Ermənistana səfərlər etməklə Vaşinqton və Brüsselə izah etməyə çalışırlar ki, Ukrayna müharibəsinə baxmayaraq, Cənubi Qafqazdakı maraqlarından imtina etməyəcəklər. Politoloq qeyd etdi ki, Fransa Azərbaycan əleyhinə siyasət aparmaqla ayağına güllə sıxmış oldu: “Çünki Azərbaycanla münasibətləri gərginləşdirərək yalnız Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını qorumaq və möhkəmlənmək mümkün deyil. Eyni səhvi ABŞ təkrarlamaqdadır. ABŞ Konqresinin Azərbaycan əleyhinə siyasəti, Nümayəndələr Palatasının Ağ Evdən Azərbaycana qarşı sanksiya tələbi əks-effekt verəcək. Onsuz da Vaşinqtonun Gürcüstanla münasibətləri pozulub, üstəgəl, bölgənin əsas ölkəsi olan Azərbaycanla da münasibətlərinin gərginləşməsi ABŞ-ın təhlükəsizlik maraqlarına zidd olacaq. Rusiya ABŞ-ın Gürcüstan və Azərbaycanla münasibətlərinin gərginləşməsi fonunda Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etməyə, daha da güclənməyə çalışacaq. Bunun Gürcüstan və Azərbaycan üçün də risqləri var. Rusiya Qərbə qarşı mübarizədə Gürcüstan və Azərbaycanla ittifaq qurmağa çalışır. Bu, müstəqil siyasət yürüdən Azərbaycanın və Gürcüstanın maraqlarına ziddir. Bakı və Tiflisin Vaşinqton və Brüssellə münasibətlərində sualların sayı artsa da, Rusiyanın qatı anti-Qərb siyasətini Cənubi Qafqaza inikas etdirməsi bölgə üçün təhlükəlidir. Cənubi Qafqaz böyük dövlətlərin qarşıdurma meydanına çevrilərsə, bundan əziyyət çəkən bölgə ölkələri olacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR