Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə gətirilməsi, mülki missiyanın fəaliyyətinin daha da genişləndirilməsi, bəzi kəşfiyyat məlumatlarının toplanılmasına cəhd göstərilməsi, Fransa generallarının Azərbaycanla sərhədə gəlməsi, ərazilərimizi binoklla, müxtəlif texniki vasitələrlə izləmə cəhdləri Azərbaycan tərəfindən diqqətlə izlənilməkdədir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloq xatırladıb ki, hətta əraziyə casusların göndərilməsinin şahidi olmuşuq:
“Azərbaycan dövləti bu cür təxribatların qarşısını almağa hazırdır və bunu həyata keçirir. Amma məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, Avropa İttifaqı bir tərəfdən Şarl Mişelin rəhbərliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanması üçün səylər göstərdiyini bildirir, digər tərəfdən isə Aİ-yə daxil olan bəzi dövlətlərin, xüsusilə Fransanın canfəşanlığı ilə tərəflər arasında münasibətlərin nizama salınması mümkün qədər təxribata çəkilir. Bir tərəfdən fransızlar “Bastion” zirehli texnikalarını Ermənistana göndərir, digər tərəfdən zenit-raket kompleksi göndərməyə başlayır, müxtəlif platformalarda anti-Azərbaycan mövqeli qərarların qəbul edilməsinə çalışır.
Eyni zamanda Avropa İttifaqının bütün imkanlarından istifadə edib Ermənistana dəstəklərini davam etdirirlər. Missiyanın fəaliyyətinə, tərkibinə baxsaq, fransızlarla yanaşı, almanların da burada olduğunu görəcəyik. Onların hamısının keçmiş hərbçilər, eks-təhlükəsizlik xidməti işçiləri də olduğunu bilirik”.
Politoloq hesab edir ki, Avropa İttifaqının ölkəmizə qarşı tutduğu mövqe – Azərbaycanı izləmək cəhdləri ilə Ermənistan üzərində təzyiq elementi yaratmaqla bunu bizə qarşı istifadə etməyə çalışırlar:
“Bölgədə sülhün olmaması üçün bütün imkanları səfərbər ediblər. Məncə, bu, çox ciddi məsələdir, buna xüsusilə diqqət yetirilməlidir. Aİ-nin bir tərəfdən sərhədə mülki missiya gətirməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında guya sülh danışıqları prosesi ilə bağlı addımlar atdığını deməsi siyasi riyakarlıq kimi dəyərləndirilə bilər”.
Samir Hümbətov vurğulayıb ki, Ermənistanda xüsusi canfəşanlıqla müharibəyə hazırlıq gedir:
“Görürük ki, Fransa və Hindistan açıq şəkildə, xüsusilə Fransa lisenziyası olan silah-sursat və hərbi texnikaların Ermənistana göndərilməsini həyata keçirirlər. Bu ondan xəbər verir ki, Qərb açıq şəkildə, Hindistan da onlara dəstək verməklə Ermənistanla Azərbaycan arasında yeni bir müharibəyə rəvac verməyə çalışır. Düşünürəm ki, məqsəd bölgəni yenidən qarışdırmaq və öz niyyətlərinə çatmaq üçün nə mümkün variant varsa, ondan istifadə etməkdir. Əldə olan məlumatlara əsasən, Fransa hərbçiləri Ermənistanın piyada və dağatıcı bölmələrinə təlimlər keçirlər. Fransız istehsalı olan və Ermənistanın bu günə qədər istifadə etmədiyi, yaxud edə bilmədiyi bəzi silah-sursat və hərbi texnikanın necə istifadə edilməsi ilə bağlı da erməni hərbçilərinə xüsusi təlimlər keçirlər. Hətta Hindistandan bir qrup hərbçinin də Ermənistana gətirildiyi və silah-sursat, hərbi texnikanın necə istifadə edilməsi ilə bağlı bəzi təlimatların aparıldığı da deyilir. Bizim bütün bunlardan dövlət olaraq kifayət qədər məlumatımız var. Azərbaycan dövləti açıq şəkildə beynəlxalq ictimaiyyəti bununla bağlı məlumatlandırmaqla həm də o vəzifəni icra edir ki, qarşıdan yeni bir müharibə gəlir, Ermənistanı sürətli şəkildə silahlandırmaqla bölgədə yeni gərginlik yaratmağa çalışırlar. Bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən həm Fransanın təxribatçı mövqeyinin qarşısı alınmalı, həm də Hindistanın Ermənistana silah-sursat və hərbi texnika yardımı etməsi dayandırılmalı, Qərbin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tutduğu mövqe sürətli şəkildə dəyişməlidir”.
Politoloq hesab edir ki, bölgədə gərginliyi yenidən qızışdırmağa, onu daha dərin, çıxılmaz bir hala gətirməyə çalışacaqlarsa, bölgənin sülhə aid olan arxitekturası tamamilə dağılacaq və yaxın gələcəkdə biz sülhdən danışa bilməyəcəyik:
“Əgər Fransa başda olmaqla, digər Qərb ölkələri Cənubi Qafqazdakı mövcud - nə sülh, nə hərb vəziyyətini dəyişməklə yeni gərginlik yaradacaqlarsa, bu, bölgədə qaçılmaz və uzunmüddətli gərginliyə, münaqişəyə səbəb ola bilər”.
Aytən Novruz
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ