Onlayn ictimai-siyasi qəzet
İsrailin Fələstin və Livanda quru əməliyyatlarını davam etdirdiyi bir vaxtda dünyanın diqqət mərkəzində Təl - Əviv və Tehran arasında artan gərginlik dayanır. İranın raket zərbələrindən dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu İranı ağır cavabla təhdid etdi. Lakin hələlik İsrailin bu cavabın formasını və vasitələrini müəyyən etmədiyi güman olunur. Bəzi ekspertlər, İsrailin bu mövzu ilə bağlı ABŞ-la məsləhətləşmələr apardığını düşünürlər. İsrail hökuməti də başa düşür ki, növbəti qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi riski olduqca yüksəkdir. Belə bir ssenaridə Vaşinqtonun dəstəyi İsrail üçün həyati əhəmiyyət daşıyır.
ABŞ isə hazırda Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almağa çalışır. ABŞ Prezidenti Co Bayden də bölgədə böyük müharibədən yayına biləcəklərinə ümid etdiyini bildirib. İsrailin İranın neft terminallarını və yataqlarını vurmasına dair suallara cavab verən Bayden, bu mövzunun müzakirə edildiyini təsdiqləyib.
Müharibə təhlükəsi və İranın cavab variantları
Region ekspertləri İsrailin İrana cavab zərbəsi olaraq, İranın neft yataqlarını, nüvə stansiyalarını, raket istehsalı və buraxılış mərkəzlərini hədəfə alacağını ehtimal edirlər. Bununla yanaşı, sui-qəsd variantı da gündəmdədir. Neft yataqlarının vurulmasının ciddi iqtisadi riskləri olduğunu nəzərə alaraq, İsrailin İrana gözlənilməz sui-qəsd hücumları təşkil etməsi də mümkündür. Çünki İrana qarşı raket və ya hava zərbələri mütləq cavabla qarşılanacaq və bu, regionu daha ağır müharibəyə sürükləyə bilər.
İranın meydan oxuması və Ayətullah Xameneyinin çıxışı
İranın dini lideri Ayətullah Əli Xameneyi Tehranda, dörd illik fasilədən sonra, cümə namazı qılaraq İsrailə meydan oxudu. Bu hərəkət, Xameneyinin uzun müddətdir açıq şəkildə çıxış etməməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Namazda demək olar ki, bütün dövlət rəsmiləri və böyük xalq kütlələri iştirak edirdi. Xameneyinin çıxışı emosional olmaqdan çox, sakit və təmkinli tonda olub, özünü proseslərdən üstün göstərən bir ruhani lider obrazını nümayiş etdirib. Onun müraciəti yalnız Tehran xalqına deyil, Livan, Suriya, Fələstin və Yəməndəki silahlı qruplara ünvanlanmış kimi görünürdü.
Dini lider İranın İsrailə qarşı hücumlarını qanuni adlandırıb və vurğulayıb ki, İran öz vəzifələrinin icrasında nə tələsmir, nə də gecikir. Eyni zamanda, lazım gəldikdə yenidən bu addımların atılacağını qeyd edib. Xameneyinin bu çıxışının, Qərb mediasında onun bunkerdə gizləndiyinə dair yayılan xəbərlərə cavab olduğu ehtimal edilir.
Yaxın Şərqdə genişlənən müharibə cəbhəsi
Yaxın Şərqdə hərbi əməliyyatlar sürətlə genişlənir. İsrail aviasiyası Suriyanın şimal-qərbində yerləşən Laziqiyyə əyalətindəki Xmeymim hərbi-hava bazasını vurmaqla toqquşma dairəsini daha da genişləndirdi. Bombardmanlar Livan və Qəzza bölgələrində gecə boyu davam edib. Yəmən husiləri və İraq silahlı qrupları isə növbəti dəfə İsrail ərazisini raket atəşinə tutub. Qəzzada isə Həmas İsrail əsgərlərinə qarşı yenidən hücumlar həyata keçirib. Livanın cənub-şərqində Kfar Kila və Adaisa, cənubunda isə Marun ər-Ras qəsəbələri yaxınlığında irəliləyən İsrail quru qüvvələri Hizbullahın pusqularına düşüb. Hizbullah döyüşçüləri dağlıq və meşəlik ərazilərdə uzun müddətdir hazırladıqları müdafiə mövqeləri və tunellər vasitəsilə İsrail qüvvələrinə ağır zərbələr endiriblər. Quru əməliyyatlarının ilk günlərində baş verən toqquşmalar göstərir ki, 2006-cı ildə olduğu kimi, İsrailin Litani çayına qədər irəliləməsi asan olmayacaq və ordu ciddi itkilər verəcək.
Ərəb dövlətlərinin müşahidəçi mövqeyi
Körfəz ərəb ölkələri isə son toplantılarında İrana İsraillə toqquşmada tərəfsiz qalacaqlarına dair təminatlar veriblər. Görünür ki, regionun ərəb dövlətləri bu müharibənin öz ərazilərinə sıçramaması üçün Tehrana müəyyən təminatlar verərək münaqişəni öz sərhədlərindən kənarda saxlamağa çalışırlar.
Nəticə etibarilə, Yaxın Şərqdə münaqişənin dərinləşməsi və genişlənməsi ehtimalı artmaqda davam edir. İsrail və İran arasında gərginlik müharibəyə çevrilərsə, regionda sülh və sabitlik uzun müddət bərpa edilə bilməz.
Xüsusi olaraq Musavat.com üçün
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ