Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Ali Radasının söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin “Maşa və Ayı” cizgi filmi ilə bağlı ciddi narahatlıq ifadə edib.
Deputat bununla bağlı Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasına (SNBO) və Təhlükəsizlik Xidmətinə (SBU) rəsmi müraciət ünvanlayıb.
Yurçişinin fikrincə, bu məşhur uşaq filmi uşaqların şüuruna rus ideoloji elementlərini sırımağa xidmət edir. O, misal olaraq samovarın istifadəsini və bəzi səhnələrdə balalayka ilə müşayiət olunan musiqiləri göstərib. Deputat hesab edir ki, bu məqamlar Rusiya mədəniyyətinin simvollarını incə formada təbliğ edir.
Deputat əlavə edib ki, filmdə militarizasiya elementləri də mövcuddur. Onun sözlərinə görə, bir epizodda Maşa NKVD papağı geyinmiş şəkildə göstərilir ki, bu da sovet hərbi irsinə istinad kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, bu il “Maşa və Ayı” cizgi filminin YouTube kanalı Ukraynada uşaq kontentləri arasında lider olub. Kanal il ərzində 800 milyon baxış toplayıb və 18 milyon abunəçiyə malikdir.
Məsələ ilə bağlı Ukrayna rəsmilərinin qərarı gözlənilir. Deputatın təşəbbüsü isə cəmiyyət arasında müzakirələr doğurub – bir tərəf bunu təhlükəsizlik tədbiri kimi görür, digər tərəf isə uşaqların sevimli cizgi filminin siyasiləşdirilməsinə etiraz edir.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ