Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti də İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləmədi; siyasi şərhçi: “Əgər İsrail hesab etsə ki...”
Yaxın Şərqdə artan savaş gərginliyinin Cənubi Qafqaza da sirayət edəcəyi gözlənilir. Yada salaq ki, Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir vaxtda “Azərbaycanı hazırlaşmağa çağırıb”. O, X səhifəsində “Azərbaycan hazır olmalıdır” yazsa da, konkret fikrini açıqlamayıb.
Qeyd edilməlidir ki, Azərbaycan balanslı və uğurlu xarici siyasəti ilə ilk növbədə özünü bu hadisələrdən kənarda saxlamağa müvəffəq olub. Dayanıqlı iqtisadi və siyasi sistemin yaradılması Azərbaycanı bu cür hadisələrdən və təhlükələrdən sığortalayıb. Amma İranın İsrailə raket zərbələrindən sonra müharibənin Azərbaycanın yaxın sərhədinə sıçraya biləcəyi təhlükəsini artıb. Bu arada Birləşmiş Ştatların müttəfiqləri və Yeddilər Qrupu (G7) İsrailə hücumla əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılıq əldə ediblər. Xəbəri Dövlət Departamenti yayıb. “İranın yeni addımlar atdığını gördükdə, biz buna reaksiya vermək üçün yeni üsulları müəyyən etmək məqsədilə tərəfdaşlarımızla işləyirik”, - deyə mətbuat katibi Metyu Miller bildirib. “Biz həmişə İrana qarşı sanksiyalar tətbiq etməyin yeni üsullarını tapa və ya mövcud sanksiyalarımıza riayət olunmasını gücləndirə bilərik. Bu tədbirləri indi də nəzərdən keçiririk”, - deyə o əlavə edib.
Millerin şərhləri prezident Baydenin jurnalistlərə İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləmədiyini bəyan etməsindən sonra səslənib. “G7 üzvü olan yeddi ölkənin hamısı İsrailin cavab vermək hüququna malik olduğu, lakin proporsional cavab verməli olduğu ilə razıdır”, - deyə Bayden bildirib.
Ağ Ev həmçinin bildirib ki, İranın raket hücumundan sonra gələcək addımları müzakirə etmək üçün İsrail məmurları ilə əlaqə saxlayıb. Baydenin İsrail baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparacağı gözlənilir.
Azərbaycan üçün xoşagəlməz mənzərə onun siyasi və hərbi sahədə əməkdaşlıq etdiyi İsraillə İran arasındakı düşmənçilikdir.
Azərbaycanla İsraili ciddi siyasi və iqtisadi əlaqələr bağlayır. İsrail Azərbaycanın İtaliya, Türkiyə, Rusiya və Çindən sonra 5-ci ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ilin üçüncü rübündə Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 1 milyard 409 milyon dollar olub. Bu, ölkəmizin ümumi xarici ticarətinin 4,55 faizini təşkil edir.
Bu il Azərbaycandan İsrailə 1 milyard 388 milyon dollarlıq mal göndərilib. Bu, ümumi ixracın 7 faizini təşkil edir. İsraildən isə Azərbaycana cəmi 21 milyon dollarlıq mal gətirilib ki, bunun da ümumi idxalda payı cəmi 0,16 faizdir.
Azərbaycandan İsrailə ixrac olunan məhsullar arasında əsas yeri xam neft tutur.
Əgər hadisələr bu istiqamətdə cərəyan edərsə, Azərbaycanın yerləşdiyi regionda ciddi və böyük müharibə başlaya bilər. Bu zaman İrandan böyük qaçqın kütləsi Azərbaycana doğru axışa bilər. Sərhədlərin bağlı olması bizi iranlı qaçqınlar axınından çətin ki, qoruya. İranın vurulması nəticəsində Azərbaycana minlərlə iranlı məcburi köçkün gələ bilər ki, bu da ölkəmizin sabitliyti üçün ciddi təhdid yarada bilər.
Belə bir iddia var ki, İsrail ciddi müttəfiqi olan Bakıya bu kimi əlavə problemlər yaratmamaq üçün İranın qaçqınlar olacaq həddə vurulmayacağı vədini verib.
Yada salaq ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 1-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Bu o deməkdir ki, Naxçıvan-Türkiyə istisna olmaqla, ölkənin quru sərhədləri daha bir müddət bağlı qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında vurğulayıb ki, quru sərhədlərin bağlı qalması daha çox təhlükəsizlik səbəbləri ilə bağlıdır.
Siyasi şərhçi Aydın Quliyev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, İsrailin İrana qarşı quru əməliyyatı və döyüş aviasiyasından istifadə etməklə hərbi əməliyyatlar aparmaq ehtimalı az, uzaqmənzilli raketlərlə vurmaq ehtimalı isə yüksəkdir: “Bu, bizim bölgənin taleyi üçün gözlənilən ssenarilər içərisində ən təhlükəlisi, ən ziyanlısıdır. Sözsüz ki, İsrailin İranı vurması ilə sonuclanacaq nəticələrin ən yaxın qonşularından biri Azərbaycana da təsirləri olacaq. Bunu istisna etmək olmaz. Ən azından ona görə ki, İranda bizim 30 milyon soydaşımız yaşayır və onların Azərbaycan Respublikası ilə, onun vətəndaşları ilə çox sıx mədəni, iqtisadi, həmçinin qohumluq əlaqələri var. Ona görə də İsrailin İranı vuracağı təqdirdə böyük qaçqın kütləsinin ətraf ölkələrə, həmçinin Azərbaycana üz tutacağı istisna deyil. Təbii ki, bu, Azərbaycanın maraqları baxımından və bölgədə sabitlik üçün çox təhlükə vəd edən ssenari olardı. Burada sərhədlərimizin bağlı rejimdə işləməsi qaçqın kütləsinin qarşısını tam ala bilməsi mümkün olmaz. İsrail İranı raketlərlə vurmaq ssenarisini işə salsa, Azərbaycanın öz sərhədlərini hüquqi baxımdan bağlı saxlamasının istənilən nəticəni verəcəyi ehtimalı sıfıra yaxındır. Çünki canını qurtarmağa çalışan qaçqın kütləsi rəsmi dövlət orqanlarına müraciət eləyib viza alaraq gəlməyəcək. Onlar mümkün olan bütün vasitələrlə, qanunsuz yollarla, dövlət sərhədlərimizi ən müxtəlif istiqamətlərdən gizli şəkildə keçməyə çalışacaqlar. Bu, ehtimal olunan ən təhlükəli ssenarilərdən biridir”.
Aydın Quliyev
O ki qaldı İsrailin İranı vurmaq məsələsində müttəfiq olaraq Azərbaycanın mənafelərini nəzərə almasına, Aydın Quliyev qeyd etdi ki, əlbəttə, İsrailin Azərbaycanla münasibətləri çox yaxşıdır: "Amma unutmayaq ki, İsrailin Azərbaycanla müttəfiq münasibətləri Qərbin bir sıra ölkələri ilə müttəfiqləri ilə müqayisədə o qədər böyük faktor deyil. İsrailin İrana hərbi hücum qərarı verməsi onun Qərb ölkələri ilə müttəfiqlik münasibətlərindən və özünün dövlət maraqlarından daha çox asılı olacaq. Əgər İsrail hesab etsə ki, dövlət və milli təhlükəsizlik mənafeləri, ABŞ-ın mənafeləri İrana hərbi hücumu, bombalamağı zərurətə çevrilib onda dostu Azərbaycanın hansı vəziyyətlə üzləşəcəyini düşünmədən hərbi hücumu reallaşdıracaq. İsrail İranı vuracaqsa, özünəməxsus motivləri olacaq. Ancaq burada İsrail üçün çox güclü çəkindirici faktor kimi Türkiyənin mövqeyi var. İsrail yəqin başa düşəcək ki, Qəzzadan, Livandan sonra İranın vurulması Ankarada növbəti hədəfin Türkiyə olacağı fikrini qətiləşdirəcək. Türkiyə də təbii ki, buna seyrçi qalmayacaq. İsrail Böyük Orta Doğu projesinin reallaşdırılması yoluna böyük maneə hesab etdiyi İranı sıradan çıxarmağa çalışırsa, demək, növbəti hədəf Türkiyədir. Türkiyə ilə İran arasında nə qədər rəqabət, mənafe toqquşmaları olsa da İsrailin İrana hərbi zərbələr endirməsi halında Türkiyə məsələlərə daha aktiv formada müdaxilə edə bilər. Təbii ki, bu müdaxilə İsrailin əleyhinə olacaq və Tel-Əvivə ciddi problem yaradacaq. İsrailin hərbi, siyasi rəhbərliyi bütün bunları, şübhəsiz, hesablayır və İranı bombalamaq qərarında çəkindirici faktor olaraq qəbul edir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ