İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD hücumundan xilas oldu - Həyata davam edə bilmədiyi üçün evtanaziya qərarı verdi

2016-cı il martın 22-də Brüssel hava limanında törədilən terror aktından sağ çıxan 23 yaşlı Şanti De Korte dünən həyatını itirib.

Musavat.com xəbər verir ki, ağır depressiya və travma sonrası stress pozğunluğu səbəbindən yaşamaq istəməyən gənc qadın evtanaziya yolu ilə həyatına son qoyub.

İŞİD terrorçularının 32 nəfərin ölümü və 300-dən çox insanın yaralanması ilə nəticələnən bombalı hücumu zamanı o zaman 17 yaşı olan Şanti məktəb yoldaşları ilə Belçika hava limanının gözləmə zalında olub. Partlayışdan sağ çıxan gənc qadın heç bir fiziki zərər görməyib. Lakin o, hadisə ilə bağlı keçirdiyi panik ataklardan və düşdüyü depressiyadan xilas ola bilməyib. O, uzun müddətli reabilitasiya terapiyası keçib və bir sıra antidepresan dərmanlar qəbul edib. Amma bu prosesdə o, 2018 və 2020-ci illərdə iki dəfə özünü öldürməyə cəhd edib.

Hadisədən sonra tez-tez sosial şəbəkələrdən istifadə edərək yaşadıqlarını danışan gənc qadın bir paylaşımda gündə 11 antidepresan qəbul etdiyini, onlarsız yaşaya bilməyəcəyini və özünü artıq heç nə hiss edə bilməyən bir ruh kimi hiss etdiyini bildirib.

Psixoloji problemlərdən əziyyət çəkən Şanti bu ilin əvvəlində Belçikada qanuni prosedur olan evtanaziyaya üz tutmuş və iki psixiatrın müraciətini təsdiqlədikdən sonra 2022-ci il mayın 7-də həyatına son qoyub.

Gənc qadın evtanaziya edildiyi gün sosial media hesabında "Son günə qədər güldüm və ağladım... Sevdim və əsl sevginin nə olduğunu hiss etməmə icazə verildi. İndi rahat gedəcəm. Sizin üçün indidən darıxdığımı bilin", -deyə yazmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR