Onlayn ictimai-siyasi qəzet
“Qarabağ ermənilərinin öz evlərinə qayıtması haqda yalnız Azərbaycanla sülh əldə ediləndən sonra danışmaq mümkün olacaq”.
“Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Armenpress” agentliyinə və “Şant” telekanalına müsahibəsində bildirib.
“Biz məsələyə realist yanaşmalıyıq. Müxtəlif amillər var. Qarabağa qayıtmazdan əvvəl təhlükəsizlik məsələləri həll olunmalı və müəyyən şərtlər təmin edilməlidir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ermənilərin bölgəyə geri qayıtması daha uzaq perspektivin problemidir. Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq mümkündür və çətinliklər “irəliləməyə” mane olmamalıdır.
Əslində Ermənistan prezidenti radikal-revanşistlərdən fərqli olaraq, gerçəyi etiraf edib. Bu da ondan ibarətdir ki, öncə sülh müqaviləsi imzalanmalı, ondan sonra yerdə qalan məsələlərə, o sırada kommunikasiyaların açılması məsələsinə baxıla bilər. Sülh sazişi üçün isə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəa aradan qalxmalıdır.
Bütövlükdə Ermənistan rəhbərliyi bu məsələdə aşağı-yuxarı eyni, reallığa yaxın mövqe tutur. Hərgah, ara-sıra “etnik təmizləmə”dən də dəm vurur, konstitusiyanı dəyişməyə tələsmək istəmir.
Artıq o da məlumdur ki, Ermənistanla imzalanacaq sülh sənədində Qarabağın “q”sı belə olmayacaq. Yaxud olacaqsa, onda qərbi azərbaycanlıların geri dönüş məsələsi ilə paritet şəkildə, “güzgü prinsipi” üzrə əksini tapacaq.
Bu mənada sülh müqaviləsindən sonra soydaşlarımızın qayıdışı mövzusu eyni dərəcədə gündəmə gələ bilər. Qarabağdan könüllü köç etmiş keçmiş Azərbaycan vətəndaşlarının geri qayıdış şərtləri isə çoxdan bəlli: öncə onlar konstitusiyamızı və bayrağımızı qəbul etməlidirlər.
Bəs yuxarıdakı sözlərlə Xaçaturyan öz toplumuna, özəlliklə Qarabağın keçmiş erməni sakinlərinə hansı mesajı çatdırmaq istəyir?
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu fikirlərdə hiylə müşahidə edir: “Ermənistan prezidenti Vaaqn Xaçaturyanın "Armenpress" agentliyinə və “Şant” telekanalına verdiyi açıqlama hesab edirəm ki, təktərəfli və hiyləgər yanaşmanın nümunəsidir. Prezident Xaçaturyan əksər erməni siyasiləri kimi Azərbaycana qarşı revanşist və militarist məzmunlu çıxış etməsə də, ermənilərin Qarabağa qayıdışını aktuallaşdırmağa çalışır. Bu isə əslində təkcə rəsmi İrəvanın deyil, həm də anti-Azərbaycan mövqeli güc mərkəzlərinin maraqlarının ifadəsidir. Ona görə də bu tip yanaşma bütün hallarda qəbuledilməzdir. Ermənistan rəhbərliyi əgər ermənilərin Qarabağa dönüşünü müzakirə predmeti kimi aktuallaşdırmağa çalışırsa, qərbi azərbaycanlıların da haqlı olaraq öz doğma yurdlarına qayıdış hüququnu beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz tərkib hissəsi kimi qəbul etməlidir. Həm də nəzərə alınmalıdır ki, soydaşlarımızın Qərbi Azərbaycana qayıdış prosesi cənab Prezident İlham Əliyevin taktiki gedişi yox, strateji hədəfi kimi qarşıya qoyulur. Biz ölkə başçımız cənab İlham Əliyevin strateji xətt kimi müəyyən etdiyi Qərbi Azərbaycana qayıdışa addım-addım yaxınlaşmaqdayıq. Elə bu səbəbdən də rəsmi İrəvan yaranmış geopolitik gerçəkliyin fərqindədir və Vaaqn Xaçaturyanın dili ilə yumşaq ritorikadan, konstitusiya dəyişikliyindən və sülh prosesindən danışır, həm də vaxt qazanmağa hesablanmış növbəti və məkrli gedişlərindən birini edir".
Mürvət Həsənli
Qərbi Azərbaycan İcmasının qurucularından biri, qurumun Qəyyumlar Şurasının sədri Mürvət Həsənli də bu fikirdədir: “Cənab Prezidentin də dediyi kimi, biz mütləq Qərbi Azərbaycana qayıdacağıq. Bu hər bir qərbi azərbaycanlının ən böyük arzusudur. Biz çox ləyaqətlə, şərəflə bu işə nail olacağıq. Buna qəti şübhəmiz yoxdur. Cənab Prezidentin dediyi kimi, biz ora tankların üstündə deyil, öz minik maşınlarımızla rahat şəkildə qayıtmaq istəyirik. Bununla bağlı Ermənistan rəhbərliyinin çıxışlarına baxıram, yaxından izləyirəm. Onlar sülh müqaviləsində olan bir neçə şərtdən həmişə dolayısı yolla qaçırlar. Bu da ermənilərin hər zaman olan xarakterlərindən biridir. Əsas məqsədləri hiyləgərcəsinə bu işin altından çıxmaqdır. Bizim sülh şərtlərində erməni konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması məsələsi var. Amma Ermənistan tərəfi hələ ki bunu etmir. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Qərbi Azərbaycan bizim vətənimizdir. Babamın babasının atası da orada doğulub. Onların bizim kəndlərimizdə qəbir yerləri var idi. Biz onları ziyarət etmək istəyirik. O yerlərə qayıtmaqda əsas məqsədimiz öz torpaqlarımıza sahib çıxmaqdır. Başqa heç bir məqsədimiz yoxdur. Öz torpaqlarına qayıtmaq istəyənlərin hansı günahı ola bilər ki? Bizim ora qayıtmağımız alver predmeti ola bilməz. Ermənilərin Cənubi Qafqaza gəldikləri tarix hamımıza məlumdur. Bu uzun bir tarix deyil. Biz isə qədim tarixdən bu torpaqlardır. Əsrlər boyu o torpaqların inkişafında xidmətlərimiz olub. Ona görə tarixi torpaqlarımıza qayıtmağı qarşımıza məqsəd kimi qoymuşuq. Bu hədəfimizə də başda Ali Baş Komandanımız olmaqla nail olacağıq, inşallah. Özü də inanırıq ki, çox yaxın zamanda biz buna nail olacağıq. Zaman-zaman içərimizdən olan satqınlarımız o torpaqları düşmənə veriblər. Bizlər bununla heç zaman barışmayacağıq. Cənab Prezident nəyi nə zaman edəcəyini yaxşı bilir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ