Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası təqdim edib. Bu barədə beynəlxalq arbitraj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.
Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitraj məhkəmələri təyin edilib və sədrləri məlumdur. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır. “Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla, hər iki iş üzrə proses davam etdirilir”, - o deyib və əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.
Ermənistan və Azərbaycan tərəfi də məsələ ilə bağlı hələ ki açıqlama verməyib. Lakin məlumatlara görə, Azərbaycan iddiasında Qarabağda ətraf mühitin və biomüxtəlifliyin məhvinə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. 2023-cü ilin yanvarında təqdim edilən ilk iddia vəhşi təbiətin və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyası çərçivəsindədir. Azərbaycan BMT-nin 2022-ci il hesabatını da sübut kimi göstərib ki, Ermənistan meşələri qırıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistanın vurduğu çoxsaylı zərərlərə görə müvafiq hüquqi addımıların atılmasında israrlıdır: “Ermənistanın dövlət səviyyəsində törətdiyi və 30 ildən artıq davam etmiş işğal və təcavüzdə ehtiva olunan çoxsaylı müharibə cinayətləri bir sıra istiqamətləri, o cümlədən etnik təmizləmədən soyqırıma, mədəni-tarixi abidələri vandallıqla hədəfə almaqdan çoxsaylı ekoloji cinayətlərə qədər geniş spektri əhatələyir. Azərbaycan Respublikası cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə işğal və təcavüzə hərbi-siyasi yolla son qoyaraq bu cinayətlərin qisasını döyüş meydanında alsa da, cənab Prezidentin ifadə etdiyi kimi, biz mübarizəmizi hüquq müstəvisində də davam etdirir və bu illər ərzində Ermənistanın vurduğu çoxsaylı zərərlərə görə aidiyyəti bərpaedici addımların atılmasında israrlıyıq. 30 illik işğal dönəmində Livan ölçüdə bir ərazidə - Qarabağ və Şərqi Zəngəzurda erməni cinayətlərinin izləri, o cümlədən hələ də minalanmış sahələrin mövcudluğu şəraitində, müharibə cinayətlərinin təhdidlərinin qaldığı bir şəraitdə Bakı üçün iddialarını hüquq müstəvisində təkzibedilməz dəlillərlə sübut etmək çətin deyil. Özünün heç bir faktiki və hüquqi əsasa sahib olmayan iddialarını qarayaxmalar, böhtanlar, habelə Qərbdəki dəstəkçilərinin ötürdüyü tezislər hesabına formalaşdıran Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq məhkəmələrə real faktlar təqdim etmək iqtidarındadır və məhkəmə iddialarını məhz bu istiqamətdə qurub. Azərbaycan Respublikasının beynəlxalq məhkəmələrə müraciətində yalnız iki məqsəd hədəflənir. Birincisi, törədilmiş çoxsaylı cinayətlərə görə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması, ikincisi isə bu illər ərzində ölkəmizə vurulan milyardlarla zərərin əvəzinin ödənilməsi”.
B.Məhərrəmov vurğuladı ki, bu məhkəmə prosesi, eyni zamanda 30 il ərzində işğal, təcavüz və çoxsaylı müharibə cinayətlərinə susan beynəlxalq ictimaiyyətin və qlobal insan haqları institutlarının, o cümlədən beynəlxalq məhkəmələrin və digər beynəlxalq mexanizmlərin özləri üçün də bir sınaqdır: “Sirr deyil ki, biz işğal və təcavüz dövründə bu strukturların heç birinin ədalətə, haqqa və ümumbəşəri dəyərlərə xidmət etdiyinə şahidlik etmədik. Bu gün müxtəlif beynəlxalq mexanizmlər əsasında formalaşdırılan məhkəmələr iddialar əsasında regionda 30 il ərzində baş vermiş prosesləri, o cümlədən Ermənistanın çoxsaylı cinayətlərini tam, hərtərəfli və qərəzsiz araşdırmaqla əslində həm də öz üzərlərindən bu cinayətlərə göz yummaqda, susmaqda ehtiva olunan ortaqlıq ləkəsini ata bilərlər. Bizim hədəflərimiz aydındır, iddialar kifayət qədər dəqiq, sərrast və korrekt formada müəyyən edilib, real əsaslara söykənir. Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan özü öz gücü hesabına haqq-ədaləti və beynəlxalq hüququn aliliyini təmin etməyə qadirdir. Bu mənada, hər kəs əmin ola bilər ki, beynəlxalq məhkəmələrə müraciət, əslində bu strukturlara verilən şansdır, həmin məhkəmələrin qərarlarından asılı olmayaraq Azərbaycan regionun hərbi-siyasi gücü kimi özü beynəlxalq hüquq normalarının tələblərinə müvafiq olaraq arzuladığı hüquqi status-kvonu da tam şəkildə bərpa edəcək”.
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev isə “Yeni Müsavat”a açıqlamasında prosesin gedişatı ilə bağlı təfərrüatları şərh etdi: “Ermənistan Azərbaycana qarşı işğalının nəticəsi olaraq bir neçə istiqamət üzrə reparasiyaya cəlb edilməlidir: 1. İşğal dövründə on minlərlə azərbaycanlı qətl edilib, 4 minə yaxını itkin düşüb. Etnik təmizləmə Ermənistan dövlətinin sistemli fəaliyyəti ilə zorakılıq, soyqırım, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Azərbaycan tərəfindən həbs edilən Araik Harutyunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan və b. cinayətlərin iştirakçılarıdırlar. Sözügedən cinayətlərə dair Nürnberq tribunalının təcrübəsi mövcuddur. O təcrübədən istifadə etmək lazımdır; 2. İşğal dövrü ərzində erməni vandallarının özbaşınalığı nəticəsində beynəlxalq hüququn norma və prinsipləri pozularaq Azərbaycanın tarixi və mədəniyyət abidələri qəsdən məhv edilib. Haaqa Konvensiyası, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, Avropa Mədəniyyət Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq sənədlərlə tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi mexanizmləri həyata keçirilir. 3. 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın enerji resursları Ermənistan dövləti tərəfindən qanunsuz istismar edilib. Bununla da Ermənistan 1994-cü il Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub. Artıq bu istiqamətdə Azərbaycan tərəfindən 27 fevral 2023-cü il tarixində kompensasiya tələbi ilə dövlətlərarası iddia qaldırılıb. Məhkəmə prosesi Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında həyata keçirilir. İddianın əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı nəticəsində kompensasiyanın ödənilməsi təşkil edir; 4. Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüz eyni zamanda ətraf mühit üçün ciddi fəsadlara səbəb olub. Meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı təbii ehtiyyatların tükənməsinə və biomüxtəlifliyinin məhv olmasına səbəb olub. İşğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz fəaliyyət nəticəsində Azərbaycanda 500-dən artıq vəhşı heyvan növü məhvolma təhlükəsi altındadır. Bununla da Ermənistan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozub. Konvensiyaya uyğun olaraq, Azərbaycan tərəfindən Ermənistana qarşı Haaqada Beynəlxalq Arbitraj Məhkəməsində dövlətlərarası arbitraj prosesi başladılıb".
P.Mehdiyev qeyd etdi ki, tarixi arbitraj işinin məqsədi 30 il ərzində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalı dövründə ətraf mühitin və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə Ermənistanı məsuliyyətə cəlb etməkdir: “İşğal dövrü ərzində Ermənistan tərəfindən Azərbaycana vurulan iqtisadi zərər ilkin hesablamalara görə təxminən 800 milyard ABŞ dolları təşkil edir. Bu, BMT Baş Assambleyasının "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnaməsi ilə bir daha təsdiq olunub. Tarixə nəzər yetirsək, I Dünya müharibəsindən sonra bağlanan Versal müqaviləsi yalnız Almaniyanı müharibədə günahlandırmaqla kifayətlənməyərək, eyni zamanda onu 132 milyard qızıl marka və ya bu günün dəyəri ilə təxminən 269 milyard dollar məbləğində maliyyə ödənilməsi tələbi qarşısında qoydu. Bu təzminatın ödənişi 92 il çəkdi. II Dünya müharibəsindən sonra Yalta konfransında Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükünün qoyulması barədə qərar qəbul edildi. Almaniyanın üzərinə Polşaya vurduğu 1,3 trilyon dollar dəyərində zərərə görə təzminat tələbi qoyuldu. Fransa kömür yataqlarından istifadə etmək və bəlkə də daimi olaraq Fransaya birləşdirmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti öz üzərinə götürdü. Hollandiya 1949-cu ildə təxminən 69 kv.km alman ərazisini özünə birləşdirdi və həmin ərazilər yalnız 1957-ci ildə Qərbi Almaniya Hökumətinə geri verildi, Hollandiya-Almaniya müqaviləsinə əsasən, Qərbi Almaniya Hollandiyaya 280 milyon alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarıldı.
İkinci Dünya müharibəsində sonra müttəfiqlər, təxminən 10 milyard (1948) dollar dəyərindən çox alman patentinə, müəllif hüquqlarına və ticarət nişanlarına əl qoydular. Milyonlarla alman, düşərgələrdə, mədənçilikdə, məhsul yığımında və ya sənayedə müttəfiqlər üçün çalışmaq üçün bir neçə il məcburi əməyə məcbur edildi".
Hüquqşünas hesab edir ki, Azərbaycanın legitim hərbi güc tətbiq etməsi nəticəsində Ermənistanın işğalı aradan qalxdığından, BMT tərəfindən təcili olaraq dəymiş maddi ziyanla bağlı iddiaları nəzərdən keçirmək üçün təzminat komissiyasının yaradılması vacib məsələlərdəndir: “Beynəlxalq hüquqda təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsinin ərazini geri qaytarmaq-restitusiya, reparasiya, təzminat zəmanətləri kimi bir sıra formaları var. Ermənistan təzminat ödənilməsində təkcə, pul yox, digər kompensasiya formalardan da istifadə edə bilər. Əgər maliyyə durumu buna imkan vermirsə, beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistanın "dostları" həmin fond vasitəsilə Ermənistanın təzminatının ödənilməsində iştirak edə bilər. Yaxud Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılaşmasına gedə bilər. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər. Bütün bu öhdəlikləri yerinə yetirmək üçün beynəlxalq qurumların təcavüzkar ölkəyə təsiri çox vacib məsələlərdən biridir. BMT və digər beynəlxalq insan hüquqları müdafiə təşkilatları Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər. Ermənistanla sülh danışıqları da həmçinin mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır. Təbii ki, təzminatın ən əsas formalarından biri də təcavüzü heç vaxt təkrarlamamaq zəmanəti olmalıdır. Digər tərəfdən, beynəlxalq tribunalardan Ermənistan Azərbaycan xalqından, xüsusən 30 illik işğaldan əziyyət çəkmiş əhalidən üzr istəməlidir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ