İnsanlara hürriyət, millətlərə istiqlal!

Ortaq əlifbadan sonra planlaşdırılan strategiya - Türk dünyasının vahid xəritəsi

 

Mütəllim Rəhimli: “Yeni dünya nizamına ya hazırlaşmaq lazımdır, ya da onun içərisində əriməkdən başqa yol qalmayacaq”

Türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda başqa addımlar planlaşdırılıb. Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkəkdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin keçirilməsi bu addımlardan biridir. Sammitin təşəbbüskarı Qırğızıstan prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək. Sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək. Toplantının məqsədləri kimi Türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib. 

Türk dövlətlərinin inteqrasiyası yolunda daha bir addım atılıb. Ankarada sentyabr ayında keçirilən toplantıda Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Toplantıda təşkilata üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və üzv ölkələrin hərbi attaşeləri iştirak ediblər.

Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar. Türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib və bu haqda dəfələrlə müxtəlif açıqlamalar verilib. Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanmaqdadır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək Türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya bu cütlük Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında Türk dünyasının vahid xəritəsi ilə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərinin iştirakından yanlış nəticə çıxarılıb. Guya vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib.  

Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna baxmayaraq, Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətlənidirməkdə davam edir. Rusiya Türk dünyasından çəkinməkdənsə Ukrayna müharibəsini necə bitirəcəyini, o cümlədən ABŞ və Fransa hərbçilərinin Ermənistanda yerləşdirilməsinin qarşısını necə alacağı barədə düşünsün.

Türklərin ortaq əlifbasının yaradılmasının bir çox üstün cəhətləri var. Biz bunun həm də siyansi önəmindən söz aça bilərik. Ortaq əlifba türkdilli xalqların bir-birini başa düşmələrinə, yaxınlaşmalarına, möhkəmlənmələrinə və dəyərlərin birləşməsinə başlıca əsas yaradacaq. Artıq hər bir türk xalqı eyni əlifbadan istifadə edəcək.

Bu əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın daha da inkişafına töhfə verəcək. Fərqli coğrafiyalarda yaşayan türk xalqları təhsildən iqtisadiyyata, siyasətdən ədəbiyyata qədər bir çox sahədə daha da yaxınlaşacaq, inteqrasiya sürətlənəcək. Bu, təkcə Türk dünyasının deyil, dünyanın və bölgənin gələcəyinə dərindən təsir edəcək bir addımdır. Ortaq yazı mədəni birliyin ilk şərtlərindəndir.

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Mütəllim Rəhimli 

Bu barədə Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, yeni dünya nizamına ya hazırlaşmaq lazımdır, ya da onun içərisində əriməkdən başqa yol qalmayacaq: "Hədəfi dünya xəritəsinin yenilənməsi olan müasir münaqişə və müharibələrin getdikcə daha da artığını müşahidə edirik. Çox güman ki, proses daha da gərginləşəcək. Belə bir şəraitdə türk dövlətlərinin də dəyişən dünyaya çevik və doğru-düzgün reaksiya verməsi tələb olunur. Əks halda, onların bəziləri yox olmaq, digərləri böyük güclərin əlində alətə çevrilmək, qalanları isə təbii sərvətlərinin istismarı ilə barışaraq xalqlarının səfalət içərisində yaşaması ilə razılaşmaq məcburiyyətində qalacaqlar. Buna görə də türk dövlətlərinin indiki dövrdə siyasi və iqtisadi birliyinə çox ciddi zərurət yaranıb. Nəzərə almaq lazımdır ki, türk xalqlarını ilk növbədə onların üzərində formalaşmış ayrı-ayrı dövlətlər daha çox parçalayıb. Onlar arasında mənəvi və mədəni fikir ayrılığının yaranması qapalı sərhədlərin mövcudluğuna bağlı olmuşdur. Deməli, birlik yaratmaq üçün ilk növbədə fikir ayrılığını aradan qaldırmaq lazımdır. Bunun üçün vahid əlifba ilə bağlı qərarın qəbul edilməsi önəmli addımdır. Bu xalqların bölünməsinə və ayrılmasına səbəb olan nüansların aradan qaldırılmasına köməklik edəcək. Bu istiqamətdə addımları daha da artırmaq lazımdır. Xüsusilə türk dövlətləri arasında iqtisadi birliyin gücləndirilməsi istiqamətində ciddi işlər görülməlidir. Bu müasir dünyanın tələbidir və mürəkkəb rəqabət müstəvisində sağ qalmağın bəlkə də yeganə yoluna çevrilməkdədir. İqtisadi əlaqələrin çoxkanallı şəbəkəsinin formalaşdırılması xalqların yaxınlaşmasına, hazırda ortada olan barışmaz ideoloji, siyasi, mədəni, əxlaqi fərqliliyin aradan qaldırılmasına yardımçı ola bilər.

Bununla belə, biz daha çox pafosla danışmağa üstünlük verməməliyik, konkret nəticələr doğuran işlər görməliyik. Əks halda, türk dövlətlərinə qarşı yeni güclərin formalaşmasına və birləşməsinə səbəb olar. Türk dövlətlərinin əlaqələri və inteqrasiyası təvazökarlığa söykənməli, üçüncü tərəfi təhdid etməməlidir. Bütün bunlar isə hər kəsə izah oluna bilər.

Türk dünyasının vahid xəritəsinin yaradılması da gözəl ideyadır. Amma bunu başqalarında qıcıq yaradan bir təbliğata çevirməməliyik. Bütün bunlar türk dövlətlərinin inteqrasiyası və güclənməsi istiqamətində yeni vəzifələr müəyyən edəcək".

Yazını hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR