İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!

Sülhə hazır olduğunu bəyan edən rəsmi İrəvan hərbi qüvvələrini və ağır texnikasını bölgəyə cəmləyir; Azərbaycanın mühüm beynəlxalq tədbirə hazırlaşdığı dövrdə düşmən hərəkətə keçib; komitə sədrindən şok xəbərdarlıq: “Vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya məsələyə daxil olarsa, Cənubi Qafqaz Şərqlə Qərbin yeni savaş meydanına çevrilər”

Son günlər davamlı şəkildə Ermənistanın şərti sərhədlərə əlavə şəxsi heyət və hərbi texnika cəmlədiyi barədə məlumatlar yayılır. Ermənistanda təlim-məşq toplantısına çağırılan şəxslərin Azərbaycanla sərhəddə döyüş mövqelərinə göndərildiyi barədə erməni mediası da bir neçə gün öncə xəbərlər tirajlamışdı. Bildirilirdi ki, təlim-məşq toplantısı 25 gün nəzərdə tutulsa da, çağırışçıların bir çoxu uzun müddət xidmətdə saxlanılır.

“Təlim-məşq toplanışı”na cəlb olunanları isə posta çıxmayacaqları deyilsə də, toplanış məntəqəsindən birbaşa döyüş mövqeyinə aparıblar. Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında da təsdiq etmişdi ki, təlim-məşq toplantısının iştirakçıları döyüş növbətçiliyindədir. Erməni hərbi ekspert Mher Akopyan bildirmişdi ki, qanunvericiliyə görə təlim-məşq toplantısı 5 gün olmalı idi, ancaq sonradan müddət 25 günədək artırılıb.

Qeyd edək ki, cari ilin aprelində Ermənistan təlim-məşq toplantısı adı altında 4799 nəfəri orduya cəlb etmişdi. O zaman Azərbaycan Müdafiə Nazirliyi İrəvanın təxribatlarına sərt etirazını bildirdi və xəbərdarlıq etdi. Bəyan olunmuşdu ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan Silahlı Qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək. Təsadüfi deyil ki, məhz həmin hazırlıqların ardınca şərti sərhədlər boyunca təxribatlar intensiv xarakter aldı. Lakin xəbərdarlıqlar da sözünü dedi və anklav olmayan kəndlərimizin azad olunması baş verdi. Düşmən ölkə geriyə addım atmağa vadar oldu.

Ermənistanın növbəti dəfə şərti sərhədlərdə hərəkətə keçməsi, sürətli şəkildə silahlanmanı davam etdirməklə yanaşı, şəxsi heyəti və hərbi texnikanı döyüş bölgəsinə cəmləməsi cavabsız qalmayıb. Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib. Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirə və müvafiq tapşırıqların verilməsi Ermənistanda narahatlıq yaradıb.

Bu arada, oktyabrın 14-ündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib. Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Beləliklə, Ermənistan rəhbərliyi sülhdən danışır, amma eyni vaxtda şərti sərhədlərə qoşun yığır, silahlanır. Məqsəd nədir? Bölgədə yeni savaş təhlükəsi varmı? Düşmənin atəş nöqtələri öncədən susdurula bilərmi?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq arenada artan hərbi və siyasi gərginlik Cənubi Qafqaz regionunda da öz təsirlərini göstərə bilər: “Xüsusilə bugünlərdə. Bildiyiniz kimi, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan beynəlxalq COP29-a sayılı günlər qalıb. Ölkəmiz növbəti beynəlxalq miqyaslı layihələrdən birinə ev sahibliyi edəcək. Xüsusilə bu şəraitdə xarici aktorlar regionda daha aktivdir”. Komitə sədri təsdiqləyir ki, bugünlərdə Ermənistan sərhəddə hərbi təxribatla vəziyyəti gərginləşdirə bilər: “Belə olan təqdirdə Azərbaycan tərəfdən açılacaq  cavab atəşi pərdənin arxasındakı qüvvələrin işinə yaraya bilər. COP29 ərəfəsində regionda dayanıqlı sülhü bərpa etmək üçün rəsmi Bakı bütün mümkün variantlardan istifadə edir.

Rəsmi İrəvan revanşist manevrlərlə sülhdən yayınma siyasətini davam etdirir".

A.Nağıyev məkrli planın mövcudluğunu istisna etmədi və xəbərdarlığını aşağıdakı kimi çatdırdı: “Ermənistanda müəyyən qruplaşmaların Qərbdən aldığı təlimatla sülh prosesi artıq 4 ildir ki, uzanır. Naxələf qonşumuzun sərgilədiyi bu tutumsuz davranışlar rəsmi Bakının səbr kasasını daşıra bilər. Vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya məsələyə daxil olarsa, Cənubi Qafqaz Şərqlə Qərbin yeni savaş meydanına çevrilər”. Deputat qeyd etdi ki, iqtisadi və hərbi vəziyyəti ürəkaçan olmayan Ermənistan mövcud vəziyyətdə öz daxili sabitliyini qorumaq üçün sülhə getməli, region ölkələri ilə bir sıra sahələrdə əməkdaşlığını genişləndirməlidir: “Hesab edirəm ki, bu, onun üçün ən doğru seçim ola bilər. Azərbaycan hər zaman sülh tərəfdaşı olub və bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə də bunu dünyaya nümayiş etdirib”.

Tural İsmayılov: “Azərbaycan öz əraziləri ilə bağlı hansısa beynəlxalq  təşkilatların rəyini nəzərə alacaq bir ölkə deyil” - Busaat.az

 Tural İsmayilov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayilov da hesab edir ki, Ermənistan COP29 ərəfəsi Azərbaycana qarşı informasiya savaşı açıb: “Ermənistan bir dövlətə yaraşmayan üsullardan, qaydalardan istifadə edərək Azərbaycanın əleyhinə kampaniya aparır. Dezinformasiyalar və təxribatçı hücumların sayı isə günü-gündən çoxalır. Ermənistan  beynəlxalq erməni şəbəkələrinin fəaliyyətlərindən fəal istifadə edir. Azərbaycan sülh istəyən tərəfdir və sabitliyin əldə edilməsi üçün dəfələrlə Ermənistana çağırış edib. Amma bütün bunlara rəğmən Ermənistan Azərbaycanı müharibəyönlü  ölkə kimi təqdim etməyə çalışır. Ona görə də Ermənistanda  həm hakim komanda, həm də revanşistlər və müxalifətdə olanların hamısı bir ağızdan Azərbaycan əleyhinə müharibə ritorikası ilə dezinformasiyalar yayırlar. Halbuki bu gün ağır hücum silahları ilə silahlandırılan Ermənistandır”. T.İsmayılovun sözlərinə görə, digər  tərəfdən Ermənistanın bu gün dövlət olaraq iradəsi çatmır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya hər hansı mövqe qoysun: “Bu gün Ermənistan rəhbərliyi xarici güc faktorlarının əlində oyuncağa çevrilib. Ona görə də hansısa qərarları verə bilmir və mütləq şəkildə xarici ölkələrdən gələn çağırışlara qulaq asır. Hazırda Azərbaycanın Ermənistana savaş açmaq niyyəti yoxdur. Buna baxmayaraq, ölkəmiz Ermənistanın istənilən təxribatına da adekvat cavab verməyə qadirdir”.

Bütün təfərrüatlar onu deməyə əsas verir ki, Ermənistan və onun havadarları, Fransa başda olmaqla, Avropa İttifaqının missiyası, həmçinin bir sıra paytaxtlar Azərbaycanı təxribatlara çəkməklə, COP29 ərəfəsində gərginliyi tətikləmək, müharibə ocağını alovlandırmaq və özlərinin məkrli planlarını reallaşdırmaq üçün unikal fürsət qazanmaq istəyirlər. Bu ilin əvvəlindən Azərbaycanın guya Zəngəzur istiqamətində hücuma keçəcəyi barədə “kəşfiyyat məlumatları” yayan mərkəzlər istəklərinə nail olmaq üçün Ermənistana hər cür dəstək verirlər. Əks təqdirdə, “sülh istəyən” ölkəyə şərti sərhədlərə yerləşdirmək üçün özüyeriyən artilleriya qurğuları göndərməzdilər...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR