İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Kremlə Zəngəzur “pası”, Mirzoyandan isə... - Qərbin gözlənilən cavabı

Erməni baş nazir yola nəzarətin Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etmir, XİN isə əksini söyləyir; dünənə qədər bundan imtina edən, Lavrovun “10 noyabr sənədi sabotaj edilir” bəyanatına meydan oxuyan Nikol Moskva səfərindən sonra mövqeyini dəyişir, ya necə... - təhlil

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Zəngəzurdan keçən yola nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə biləcəyini istisna etməyib. Lakin oktyabrın 14-də rəsmi İrəvan bu bəyanatı təkzib edəcək açıqlama yayıb.

“Üçtərəfli bəyannamənin 9-cu bəndində Ermənistan Respublikasının öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidini təşkil etməsi və onların təhlükəsizliyinə təminat verməsi nəzərdə tutulur. Bu, bəyanatda çox sadə şəkildə yazılıb. Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya FTX-nin Sərhəd Xidmətinin bu yolda fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmur”. Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, Ermənistan “Sülh qovşağı” layihəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün yol xəritəsini dəqiq ifadə edib, onun çərçivəsində Azərbaycan tərəfinə təkliflər göndərmişik: “Üçtərəfli bəyannamədə faktiki olaraq nəzərdə tutulan regionun bütün nəqliyyat və iqtisadi infrastrukturlarının blokdan çıxarılmasında maraqlı olmaqla, biz Azərbaycana təklif vermişik və blokun açılması prosesinə bir gün əvvəl başlamağı təklif edirik”. Bununla belə, politoloq Elxan Şahinoğluna görə, bu, Nikolun dəhliz məsələsində geri addımı kimi qiymətləndirilə bilər. Analitik vurğulayıb ki, bu, Kremlin dəhlizə nəzarət məsələsində uzun müddətdir Nikol Paşinyana etdiyi təzyiqin nəticəsidir: “Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla Moskvada son görüşündə Ermənistan-İran sərhədinə nəzarətin erməni hərbçilərə təhvil verilməsi ilə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsini qəbul edib. Bununla Paşinyan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirmiş olacaq”.

Ekspert hesab edir ki, Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan və Ermənistan arasında sülh sazişindən daha əhəmiyyətlidir: “Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədinin açılmasına, ticarətin başlamasına, diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”.

Politoloq onu da bildirir ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab verir: “İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini Rusiyaya verir və bu, Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti həm də Orta dəhlizə nəzarəti deməkdir. Belə çıxır ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək. Buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Rusiya İran və Türkiyə sərhədini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə, bunun qarşılığında istəkləri olacaq”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, onsuz da Rusiyanın sərhəd qoşunları 1992-ci ildən Ermənistanda yerləşib: “Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, Ermənistanın dəhlizə nəzarəti mümkün deyil. Ona görə də hiss olunur ki, buna razılıq verilib. Əminəm ki, bu istiqamətdə məsələlər hansısa formada inkişaf edəcək”. Sabiq nazir Paşinyan tərəfindən verilən razılığın müvəqqəti olduğunu da istisna etməyib: “Hansısa bəhanə tapıb məsələni ləngidəcəklər. Məlum olduğu kimi, Ermənistan Zəngəzurdan keçən dəmiryol xəttini məhv edib. Həmin yolun bərpası bir müddət çəkəcək. Ona görə də Ermənistanın mövqeyinin dəyişib-dəyişməyəcəyini gözləmək lazımdır. Hər halda, inanmıram ki, ermənilər öz sözünə uyğun hərəkət edəcəklər. Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Təhlükə var. Bu, ondan ibarətdir ki, Paşinyan ziddiyyətli açıqlamalar verir”.

“Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir. Birinci halda söhbət 61 kilometrlik marşrutdan, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan (Zəngəzur dəhlizini nəzərdə tutur - red.) gedəcək” - Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu belə deyib. Onun sözlərinə görə, marşrutla bağlı yekun qərardan asılı olmayaraq, nəqliyyat-logistika əlaqəsi qurulacaq. “Bu və ya digər şəkildə biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər. Bu, zaman məsələsidir”, - deyə türkiyəli nazir əminliyini bildirib. Nazirin fikrincə, heç bir ölkə öz ərazisinin Pekini Londonla birləşdirən beynəlxalq nəqliyyat arteriyasının bir hissəsinə çevrilməsinə qarşı çıxmamalıdır. Bəs Nikolun Rusiyanın xeyrinə geri addım atmasına, daha dəqiq Kremlə “pas” verməsinə Qərbin, özəlliklə qapısında “qol” görən ABŞ-ın reaksiyası nə olacaq?

Halbuki buna qədər İrəvan yola nəzarəti Rusiya FTX-yə verməkdən imtina edirdi. Hətta Rusiyanın birinci diplomatı Sergey Lavrov Ermənistanın bu mövqeyini 10 noyabr sənədinin sabotaj edilməsi adlandırmışdı. Nədənsə, Paşinyanın son Moskva səfəri, MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı, orada velosiped sürməsi, hoteldən əl-ayağını uzatmış vəziyyətdə yaydığı fotosu, ən nəhayət, Putinlə ikitərəfli görüşündən sonra dəhlizə kontrol məsələsində fikrini dəyişmiş kimi görünməkdədir.

Qabil Hüseynli: Britaniya hökuməti öhdəliklərini yerinə yetirməli idi

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan Putinlə ikitərəfli danışıqlarda razılaşıb. Onun fikrincə, Kreml lideri dəhlizin Rusiyasız açılmasının mümkünsüzlüyünü ona izah edib: “Ermənistan İran və Türkiyə sərhədlərinə tamamilə özü nəzarət edə bilər. Hazırda İran sərhədləri birgə mühafizə olunacaq, amma gələcəkdə yalnız erməni sərhədçilərinin olmasına razılıq verilməsi mümkündür. Rusiya üçün İran sərhədlərində əsgərinin olmasından daha vacib Zəngəzur koridoruna nəzarət etməkdir. Paşinyan başa düşür ki, Qərbin dəstəyi ona bu məsələdə kömək etməyəcək. Amma yenə də onun bir erməni olduğunu nəzərə almalıyıq və sabah başqa bir açıqlama verilə bilər. Bu məsələdə Paşinyanın ABŞ-ı şantaj etməsi də istisna deyil”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə də düşünür ki, Moskvada Putinlə Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib: “Amma Orta dəhlizi Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyə və Böyük Britaniyanın geosiyasi maraqlarına ziddir. Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyini güclənməsi, Orta dəhlizə tam nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi bu idi. Görünür, Putin Paşinyanı ikitərəfli danışıqlarda iqtisadi və hərbi müstəvidə təhdid edib ki, belə bir beynəlxalq layihəyə Rusiyanın nəzarət etməsinə razılaşıb".

Ekspertin qənaətinə görə, ümumiyyətlə, Rusiyanın Zəngəzur  dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir: “Ermənistanın baş naziri də yaxşı bilir ki, məsuliyyətli və təhlükəli bir prosesə razılıq verib. Ona görə də növbəti prosesdə öz mövqeyindən geri çəkilə bilər. ABŞ bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləyəcək. Çünki Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcəkdisə, Rusiya və Gürcüstan üzərindən, həmçinin İran üzərindən Orta dəhlizin bağlanmasına nə ehtiyac var idi?! Ona görə də ABŞ bununla bağlı Ermənistanı bu qərarından imtinaya sövq edə bilər".

News 365

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, Ermənistan Zəngəzur dəhlizi ilə əlaqədar mövzuların vərəqlənmə vaxtı çatanda ya Bakının tələb və şərtlərini icra edəcək, ya da onun üçün daha böyük sıxıcı günlər başlayacaq: “Başqa sözlə, Moskvadakı görüşlər fonunda demək olar ki, Əliyev hərtərəfli oynayır, Paşinyan isə Ermənistanın dağınıq və qeyri-müəyyən diplomatiyasını, onun mənfi nəticələrini toparlamaq üçün Kreml mətbəxinə boylanır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR