İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİCS-in valyutası yaradılır - bu funksiyaları olacaq

Planlar o zaman ciddi nəticələr verə bilər ki...

Bir həftə sonra - oktyabrın 22-də Kazanda BRİCS ölkələrinin sammiti keçiriləcək. Azərbaycan daxil, daha 25 ölkə tədbirə dəvətli statusundadır. Artıq Prezident İlham Əliyevin 2 günlük Kazan sammitinə qatılacağı dəqiqləşib. O da məlumdur ki, rəsmi Bakı təşkilata üzvlük üçün müraciət edib.

Məlumatlara görə, qarşıdakı sammit ABŞ dollarına əsaslanan qlobal maliyyə sisteminə alternativ üçün “yol xəritəsi” təqdim edə bilər. Analitiklərə görə, söhbət çoxvalyutalı ödəniş platformasının yaradılmasından gedir. Həmçinin qismən qızılla dəstəklənən yeni BRİCS ticarət valyutasının buraxılmasının müzakirəsi mümkündür. Bildirilir ki, belə bir alternativin meydana çıxması tarixi hadisəyə çevrilə bilər, çünki bu, dünya maliyyə strukturunun müharibədən sonrakı əsaslarını müəyyən edən 1944-cü il Bretton Vuds sistemindən kənara çıxmaq üçün ilk ciddi cəhd olardı.

Bu baxımdan qismən qızıl və neft, minerallar və metallar kimi təbii ehtiyatlarla dəstəklənən BRİCS valyutasının buraxılması ilə bağlı mümkün qərar qlobal iqtisadi sistemi kökündən dəyişə bilər. Ekspertlərin xüsusi diqqəti son iki ildə BRİCS üzvlərinin rekord sürətlə qızıl almasına yönəlib.

Qızıl tarixən maliyyə böhranlarından sonra valyutaları sabitləşdirmək üçün istifadə edilib və bu cür fəaliyyət qlobal maliyyə “yenidən qurulması”na hazırlıqlara işarə ola bilər.

Qeyd edək ki, BRİCS valyutasının yaradılmasının əsas təşəbbüskarı Rusiyadır. Ukraynadakı işğalçı müharibəyə görə sanksiyalara məruz qoyulan Rusiya var gücü ilə Qərb maliyyə sisteminə qarşı hansısa mərkəzin formalaşdırılmasına çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yanvarında elan etdi ki, həmin ilin avqustunda keçiriləcək BRİCS sammitində blokun vahid valyutasının yaradılması müzakirə olunacaq. Lakin həmin sammitdə bu məsələ ciddi müzakirə mövzusuna çevrilmədi.

İlk əvvəl belə bir valyutanın yaradılması ideyası Valday Club tərəfindən 2018-ci ildə irəli sürülüb. İdeya BRİCS ölkələrinin milli valyutalarından ibarət SDR (Special Drawing Rights) kimi valyutalar səbətinin yaradılması idi. Yeni ehtiyat valyutanın adının R5 olması təklif edilirdi - o vaxtkı BRİCS üzvlərinin milli valyutalarının adlarının baş hərfinə görə: real, rubl, rupi, renminbi, rand.

2014-cü ilin iyulunda BRİCS ölkələri əsas məqsədi üzv ölkələrin infrastruktur layihələrini maliyyələşdirmək olan, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ kimi fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatı olmasını hədəflədikləri Yeni İnkişaf Bankını (NDB) yaratdılar. Bankın baş ofisi Şanxayda yerləşir. Yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və 2021-ci ilin sentyabrında şəhər rəhbərliyi onu rəsmi şəkildə istifadəyə təhvil verib.

NDB "Fitch Ratings" və "S&P Global Ratings"dən AA+ uzunmüddətli kredit reytinqləri alıb ki, bu da banka beynəlxalq kapital bazarlarında maliyyə cəlb etməyə imkan verir. 2020-ci ildə NDB beynəlxalq kapital bazarlarında debüt istiqraz emissiyalarını həyata keçirdi: 5 il müddətinə 2 milyard dollar və 3 il müddətinə 1,5 milyard dollar. Lakin ötən müddətdə əldə olunan vəsaitlərin kifayət qədər uğursuz yerləşdirilməsi nəticəsində bankın investisiya imkanları məhdudlaşdı. Ötən 10 ildə NDB ilə bağlı qarşıya qoyulan məqsədin heç 5 faizinə belə nail olunmaması göstərir ki, qlobal səviyyədə oturuşmuş sistemlərə alternativ yaratmaq çox çətin olmaqla bərabər, yüksək təşkilatlanma tələb edir. BRİCS ölkələri arasında indiki halda belə bir təşkilatlanmanın olduğunu söyləmək mümkün deyil.

2015-ci ildə BRİCS-in maliyyə nazirləri SWIFT-ə bənzər çoxtərəfli ödəniş sisteminin yaradılması ilə bağlı məsləhətləşmələrə başlayıblar. Bundan əlavə, valyuta inteqrasiyasını sürətləndirmək və gücləndirmək üçün tədbir kimi milli valyuta və fond birjaları üçün platformanın yaradılması təklif olunur. Hesab olunur ki,  bu, BRİCS ölkələrinin valyutaları ilə likvidliyi və ticarət həcmini artıracaq və valyuta risklərinin hedcinq edilməsi imkanlarını genişləndirəcək.

Xüsusilə Rusiyada ümid edirlər ki, belə tədbirlərin həyata keçirilməsi Amerika və Avropa banklarını konversiya zəncirindən kənarlaşdırar. Məsələn, hazırda UnionPay ödəniş sistemində nağdsız əməliyyatlardan istifadə etməklə rubl-yuan cütlüyü üçün xarici ödənişlər dollara konvertasiya tələb edir ki, bu da ABŞ banklarında müxbir hesablardan istifadəni zəruri edir.

Bu problemi həll etmək üçün 2019-cu ildən etibarən beş dövlətin ərazisində fəaliyyət göstərəcək və iştirakçı ölkələrin milli ödəniş sistemlərini birləşdirəcək vahid ödəniş sisteminin - BRİCS Pay-in inkişafı davam etdirilir. BRİCS Pay ilə ABŞ bankları vasitəsilə dollara konvertasiya artıq lazım olmayacaq, çünki ödənişlər BRİCS ölkələrinin milli valyutaları ilə həyata keçiriləcək.

BRİCS Pay sistemi həm də ittifaq üzvlərinə SWIFT, Visa və Mastercard kimi beynəlxalq ödəniş təşkilatlarından asılılığını azaltmağa imkan verəcək. Pilot layihə 2019-cu ilin aprel ayının əvvəlində Cənubi Afrikada başlayıb. BRİCS Pay-in 2025-ci ilə qədər tam fəaliyyət göstərəcəyi gözlənilir.

Lakin bu planlar o zaman ciddi nəticələr verə bilər ki, BRİCS ölkələrinin qarşılıqlı ticarətinin 50 faizdən çoxu bir-biri ilə olsun. Hazırda BRİCS ölkələri xarici ticarətinin yalnız 6 faizini bir-biri ilə həyata keçirir. Bu, artıq yeni valyuta emissiyasının aktuallığını azaldır.

BRİCS Pay vahid ödəniş sisteminin işə salınması təşəbbüslərini nəzərə alsaq, yeni valyutanın fiziki formada buraxılmasının mümkünlüyü suallar doğurur. Əgər ödəniş sistemi nəzərdə tutulduğu kimi işləsə, o zaman BRİCS ölkələrinin valyutaları arasında konvertasiya sürətli və rahat olacaq. Eyni zamanda ölkələr pul siyasətində suverenliyi, qərarların qəbulunda isə müstəqilliyini qoruyacaqlar.

Vahid valyutaya keçid zamanı ölkələr pul siyasətinin aparılması üçün ümumi qaydaları razılaşdırıb işləyib hazırlamalı olacaqlar. Avropa İttifaqının təcrübəsi göstərir ki, bütün iştirakçıların ehtiyaclarını nəzərə alan ədalətli valyuta ittifaqı yaratmaq mümkün deyil. İqtisadi inkişafın müxtəlif səviyyələri disbalanslara gətirib çıxaracaq və böhranlara səbəb olacaq.

Çox güman ki, yeni valyuta BRİCS ölkələri və ya onların ticarət tərəfdaşları arasında xarici ticarət əməliyyatları üçün ödəniş vasitəsinə çevrilə bilər. Belə valyuta ittifaq ölkələrinin birjalarında alına və nağdsız formada mal və ya xidmətlərin ödənilməsi üçün istifadə oluna bilər.

Yeni valyutanın dövriyyəyə buraxılması prosesi çox uzun bir prosesdir. Məsələn, Avropa ölkələri üçün vahid valyutanın yaradılması ideyası ötən əsrin 60-cı illərində irəli sürüldü, lakin avro valyuta kimi çox sonralar meydana çıxdı. Nağdsız valyuta dövriyyəsi 1999-cu ildə, əsginas və sikkələr isə 2002-ci ildə Avropada dövriyyəyə buraxılıb.

Ekspertlərin fikrincə, BRİCS-də vahid valyuta ideyası 2050-ci ildən tez reallaşa bilməz.

Bu arada "BRİCS" akronimini yaradan iqtisadçı Jim O’Neill blok valyutasının yaradılması ideyasını tənqid edib və bunu “gülünc” adlandırıb. O’Nil hesab edir ki, bu ideya iflasa uğrayacaq, çünki BRİCS blokunun bütün mövcudluğu ərzində bu ölkələr inteqrasiya baxımından heç nə əldə etməyiblər.

O’Neill xüsusilə qeyd edir ki, valyutanın inkişafı üçün lazım olan mərkəzi bankın yaradılması ilə bağlı ölkələrin razılığa gəlməsi çətin olacaq. "Financial Times"ə danışan O’Nill-in sözlərnə görə, inkişafı getdikcə daha fərqli istiqamətlər götürən iqtisadiyyatlar üçün vahid valyuta yaratmaq demək olar ki, mümkün deyil.

Ancaq Braziliyadan alternativ bir fikir var: "Trace Finance"nin valyuta siyasəti departamentinin rəhbəri Evandro Casianu hesab edir ki, rəqəmsal şəkildə valyuta yaratmaq kifayət qədər realdır, lakin bunun üçün 5 ildən 10 ilə qədər vaxt, BRİCS ölkələri arasında çox sıx inteqrasiya lazımdır.

BRİCS valyutasının yaradılması ideyasını əsaslandırmaq üçün son illərdə dolların dünya ehtiyatlarında payının azalmasına diqqət yetirilir. 2024-cü ilin ikinci rübünün sonunda dolların dünya valyuta ehtiyatlarında payı son üç onillikdə ən aşağı səviyyəyə düşüb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, buna səbəb mərkəzi bankların ehtiyatlarının xeyli hissəsini qeyri-ehtiyat valyutalarına çevirməsidir. Qurumun məlumatına görə, aprel-iyun aylarında dolların beynəlxalq valyuta ehtiyatlarında payı 0,7 faiz bəndi, il ərzində isə 1,2 faiz bəndi azalaraq 58,22 faizə düşüb. Bu, 1995-ci ildən bəri ən aşağı səviyyədir.

Lakin baxaq görək, dolların azalan payı hansı valyutalara gedib. BVF-nin məlumatına görə, keçən il ərzində payı azalan digər ehtiyat valyuta Çin yuanı olub, 0,31 faiz bəndi azalaraq dörd ilin minimumuna - 2,14 faizə düşüb. Dolların və yuanın payının azalmasının əsas benefisiarı qeyri-ehtiyat valyutaları olub - mərkəzi banklar onlara il ərzində ehtiyat investisiyalarını 0,63 faiz bəndi artıraraq 4,25 faizə çatdırıblar. Ehtiyat valyutalar arasında ən çox Avstraliya dollarının payı - 0,27 faiz bəndi artaraq 2,24 faizə, eləcə də Yapon yeninin 0,22 faiz bəndi artaraq 5,59 faizə yüksəlib. Funt sterlinq və Kanada dolları hər biri 0,17 faiz bəndi artaraq, müvafiq olaraq 4,94 faiz və 2,68 faiz təşkil edib. İsveçrə frankının payı son bir ildə demək olar ki, dəyişməyərək 0,2 faiz səviyyəsində qalıb.

Son bir ildə avronun payı ənənəvi 20 faizdən aşağı qalaraq 19,72 faizdən 19,76 faizə yüksəlib. Avropa valyutası altı rüb ardıcıl olaraq bu səviyyəyə çata bilmir.

Bu rəqəmlərə baxdıqda görürük ki, hazırda dünya ehtiyatlarının 90 faizindən çox BRİCS-in qarşı durmağa çalışdığı Qərb ölkələrinin valyutalarındadır. BRİCS-in ən güclü üzvü olan Çin yuanının payı 45 dəfəyə yaxın azdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR