Onlayn ictimai-siyasi qəzet
Orxan İsgəndərov: “Başqası kimi olma, öz güclü tərəflərinə fokuslan”
Bir neçə ildir Azərbaycanda maraqlı bir karyera yüksəlişi layihəsi icra olunur. “Yüksəliş” layihəsi uğurla icra olunur.
Qeyd edək ki, Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yaxın günlərdə dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Onlar dövlət rəhbərliyinin ölkənin intellektual potensialının inkişafına yönəlik atdığı addımları, eləcə də “Yüksəliş” müsabiqəsinin bacarıqlı kadrların şəxsi və peşəkar inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıblar. H.Hacıyev qalibləri təbrik edərək, onların müsabiqədəki uğurlu nəticələrini Azərbaycan dövlətinin müasir idarəetmə sistemi və ölkənin inkişaf strategiyası üçün dəyərli töhfə adlandırıb.
Hikmət Hacıyev müsabiqənin mentorluq proqramında əldə edilən uğurları vurğulayaraq qaliblərin qarşılıqlı təcrübə əsasında liderlik qabiliyyətlərinin daha da gücləndiyini dilə gətirib. O, mentorluq proqramı çərçivəsində baş tutacaq növbəti görüşlərin qaliblərə böyük fayda verəcəyinə əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin mentorudur.
Yada salaq ki, 2019-cu il iyulun 26-da Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin sədri, Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri, Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Anar Ələkbərov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.
Həmçinin müsabiqənin şərtlərinin təyin edilməsi ilə bağlı İşçi Qrupu da yaradılıb.
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Orxan İsgəndərov “Yeni Müsavat”a müsabiqədə əldə etdiyi uğurdan danışıb. Qeyd edək ki, Orxan İsgəndərov avqustun 22-də Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr, ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bir sıra, o cümlədən insan kapitalının idarə edilməsi üzrə “SHRM-CP” beynəlxalq dərəcəli sertifikatlara malikdir.
Müsabiqə qalibi deyir ki, ötən il də “Yüksəliş”də iştirak edib, amma uğurlu olmayıb: “Məntiqdən bir suala cavab verə bilməmişdim deyə keçə bilməmişdim. Burada mərhələlər o şəkildə dizayn olunub ki, yalnız hazırlaşmaqla da olmur. Bu ya təcrübədən, ya da bəzi səriştələr var ki, o anadangəlmə insanda olur və onun üzərində çalışmalısan. Sadəcə, təcrübəni inkişaf etdirirsən. Misal üçün, orada səkkiz səriştə dəyərləndirilir, onlardan biri kommunikasiyadır. Kommunikasiya bacarığı bizdə ya var, ya da yoxdur. Bu zaman nə edirik? Bizdə daha qabarıq olan digər səriştələrin üzərində çalışaraq onları göstərməyə çalışırıq. Bu, yarım final və final mərhələsində vacibdir. Biz orada güclü tərəflərimizə fokuslanmalıyıq ki, digərlərindən fərqlənə bilək.
Amma əvvəlki mərhələlərdə ümumi dünyagörüşü, məntiq, idarəetmədən suallar verilir. Məntiq və idarəetmədən nisbətən hazırlaşmaq olar. Məntiq daha çox magistr imtahanına hazırlıq mərhələsindəki suallara oxşayır. İdarəetmədə daha çox beynəlxalq sertifikatlı insanlar olur ki, layihələrin idarə edilməsi mərhələsində həmin biliklərdən tətbiq edə bilirlər. Avropa, Amerika, Qərbyönümlü yanaşmaları bilən insanlar bu mərhələdən asanlıqla keçə bilir. Ümumiyyətlə isə deməzdim ki, bu müsabiqə çətindir, əksinə, maraqlıdır. Hazırlaşmaq da olur, amma əsas yanaşmamıza diqqət etməliyik və güclü tərəfimizi aşkar etməliyik".
O.İsgəndərov qeyd edir ki, bu müsabiqənin hər bir mərhələsində iştirak etmək təcrübə qazandırır: “Bu təcrübə unikaldır. Ölkə üzrə bunu başqa müsabiqələrdə əldə etmək olmur. Hər kəs burada nə isə qazanır. Hər kəsin müsabiqədə iştirakını tövsiyə edirəm. Ümumiyyətlə isə həyəcanı dəf etmək lazımdır, xüsusilə məntiqlə bağlı mərhələdə həyəcana görə bəziləri uduzmuş oldu. Bunun səbəbi biliklərinin az olması deyildi, sadəcə, oradakı həyəcan, soyuqqanlılığın saxlanıla bilməməsi idi. Yarımfinal və finalda onu tövsiyə edə bilərəm ki, güclü tərəflərinizə daha çox fokuslanın. Başqası kimi olmağa çalışmayın. Kimsə olmağa gərək yoxdur, özünüz olun, güclü tərəflərinizin fərqində olun”.
O ki qaldı yeni təyinatıma, əslində mən müsabiqədə iştirak edərkən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışırdım. Artıq iki ay olar ki, Mədəniyyət Nazirliyinə keçmişəm. Yüksəliş Müsabiqəsinin şəffaflığına etibar olunduğuna görə rəhbərlər yeni işçini daha tez qəbul edirlər. Yeni iş yerimdə bunun avantajını yaşaya bildim. Bilirsiniz ki, yeni işdə etibar əldə etmək çətin olur, vaxt tələb olunur. Bu baxımdan “Yüksəliş” faydalı oldu".
Yada salaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanmışdı.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ