Onlayn ictimai-siyasi qəzet
Hikmət Babaoğlu: “COP29-la bağlı qarayaxma kampaniyası həyata keçirmək Azərbaycanı yarımçıq sülhə təşviq etmək məqsədi daşıyır”
Ermənistan rəhbərliyinin Azərbaycanla real və işlək sülh müqaviləsi əvəzinə, yarımçıq sülh sənədi imzalamaq ətrafında siyasi hoqqabazlığı davam edir. Son vaxtlar bu qeyri-səmərəli ritorikaya Bakıya ünvanlı ciddi ittiham notları da əlavə olunmaqdadır.
“İrəvan Bakının sülh sazişinin razılaşdırılmış hissəsini imzalamaq üçün siyasi iradəsini görmür və Azərbaycanda ”Qərbi Azərbaycan"dan danışılması Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır".
Bu iddianı Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı səsləndirib.
“Deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır, amma tərəflər arasında bütün problemləri tənzimləyəcək bir saziş yoxdur. Biz əlimizdə olan sənədi imzalamağı, qalan məsələlərin müzakirə olunmasını təklif edirik”, - deyə erməni nazir bildirib.
Mirzoyana görə, Ermənistanda və Ermənistan cəmiyyətində Azərbaycanın Ermənistanın hesab olunan əraziləri ilə əlaqədar gələcək planları barədə narahatlıq var. “Bu gün Azərbaycan tərəfi Ermənistanın demək olar ki, bütün ərazisini özündə birləşdirən ”Qərbi Azərbaycan"dan danışır",- deyə erməni nazir bildirib.
Bununla belə, Mirzoyanın sözlərinə görə, noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti sülh prosesini irəli apara bilər. Hərçənd Ermənistanın rəsmi informasiya agentliyi olan Armenpess-də (AzərTac-ın analoqu) COP29-la bağlı Azərbaycan əleyhinə iftira dolu yazılar gedir.
Göründüyü kimi, İrəvan həmişəki riyakar ampluasından çıxmaq istəmir və özü haqda konstruktiv, Bakı haqda isə sülhdən yayınan, müharibə istəyən tərəf obrazı yaratmağa çalışır. Halbuki hamı bilir ki, Qərbi Azərbaycan İcması QHT olaraq, heç də Ermənistana ərazi iddiası üçün yaradılmayıb. Aydındır ki, bu kimi əsassız iddialar Ermənistanın özünün Azərbaycana və Türkiyəyə qarşı öz konstitusiyasında əksini tapmış torpaq iddialarından dünyanın diqqəti yayındırmaq və arxa plana keçirmək üçündür.
Hikmət Babaoğlu
Millət vəkili, professor, Qərbi Azərbaycan İcmasının (QAİ) sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində Azərbaycanın sülh təşəbbüslərinin Ermənistan tərəfindən qəbul edilmədiyini xatırlatdı. Millət vəkili Ermənistanın ən müxtəlif bəhanələrlə sülhdən yayındığını qeyd etdi: “Ermənistan sülh üçün maneələri aradan qaldırmır. Bu azmış kimi, Ermənistan sürətlə silahlanır. Ermənistanın silahlanma dinamikasına baxsaq, görəcəyik ki, öncə müdafiə, daha sonra hücum silahları almağa başladı. Belə olanda halda 30 il Azərbaycan ərazisini işğal altında saxlayan ölkə və onun niyyəti haqqında qənaət bundan ibarətdir ki, Ermənistan yenidən müharibəyə hazırlaşır. Məsələnin digər, təəssüf doğuran tərəfi budur ki, sülhün əldə olunmamasında özünün bu hərəkətlərini gizlətmək üçün Ermənistan Azərbaycanı ittiham edir. Artıq Ermənistan Konstitusiya Məhkəməsinin etiraf etdiyi kimi, həqiqətən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası adlı sənədin əsasnaməsini təhlil edən Ermənistan Konstitusiya Məhkəməsi bu qənaətə gəlir. Nəticə etibarilə, əsasnamə bilavasitə Konstitusiya mətni hesab edilmədiyinə görə bunun ərazi iddiası olmadığını ortaya qoyur. Ancaq biz bilirik ki, Konstitusiya bütöv sənəddir, onun əsasnaməsi Konstitusiyanın maddələrinin fəlsəfəsini təyin edir. Ermənistan Konstitusiya Məhkəməsi öz konstitusiyasının hüquqi məzmununu da təhrif edir. Ermənistan Azərbaycana yarımçıq sülh təklif edir. Razılaşdırılmış məsələlər sülh üçün əsas yaratmır. Sülh üçün əsas yaradacaq məsələ qalan 20 faizdir. Belə olan halda bir daha Ermənistanın niyyəti ortaya çıxır”.
H.Babaoğlu Qərbi Azərbaycanla bağlı səsləndirilən iddiaya belə cavab verdi: “Qərbi Azərbaycan coğrafi termindir. Ararat Mirzoyan Qərbi Azərbaycan dedikdə azərbaycanlıların nəyi nəzərdə tutduğunu bilmək istəyirsə, QAİ-nin Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi sənədə baxsın. O məktubda QAİ müraciət edir ki, biz Ermənistan Respublikasının Konstitusiyasıanın təhlükəsizlik təminatı altında dünənə qədər, 1987-1991-ci illərə qədər vətəndaşı olduğumuz ölkəyə yenidən vətəndaş statusunda qayıtmaq istəyirik. Bu məzmundan ərazi iddiası məntiqi çıxarmaq mümkün deyil. Əgər öz tarixi torpağına qayıdan insan Ermənistan Konstitusiyasından təhlükəsizlik təminatı istəyirsə, və bununla bağlı baş nazirə müraciət edirsə, baş naziri yaşacağı ölkənin konstitusiyası kimi qəbul edir. Bundan başqa nəticə çıxarmaq mümkün deyil”.
COP29 ilə bağlı Ermənistan mətbuatında dərc olunan yazıları şərh edən Hikmət Babaoğlu bildirdi ki, Ermənistan Azərbaycanın lehinə namizədliyini geri götürdü: “Belə olan halda, Azərbaycanda keçiriləcək COP29-la bağlı qarayaxma kampaniyası həyata keçirmək Azərbaycanı yarımçıq sülhə təşfiq etmək məqsədi daşıyır. Ermənilər hesab edirlər ki, belə olan təqdirdə Azərbaycan sülhə imza atacaq. Azərbaycan isə real sənəd istəyir. Erməni xalqının iradəsi ilə tərtib edilmiş, Azərbaycana qarşı ərazi iddiası olmayan dövlətlə saziş imzalamaq istəyir. Referendum xalqın iradəsinin dəyişdiyini göstərən hüquqi sənədlə əsaslandırılmalıdır. Məlumdur ki, bütün ölkələrin konstitusiyaları referendum vasitəsilə qəbul edilir. Ermənistan xalqı konstitusiyanı qəbul edərkən onun əsasnaməsi ilə tanış olub. Heç bir hakimiyyət əbədi olmur, belə olan halda sülh sazişi imzalamaq əsla doğru deyil. Bu sənəd yenidən xalqa təqdim olunmalıdır. Erməni xalqı Qarabağ, Azərbaycana qarşı heçi bir iddiasının olmadığını bildirməlidir ki, imzalanacaq sənəd legitim olsun. Ermənistan bütün bunları istəmədiyi üçün COP29 tədbirini siyasiləşdirərək Azərbaycana təzyiq etməyə çalışır. Azərbaycan bu təzyiqləri qəbul etmək fikrində deyil. Azərbaycan qalib, güclü ölkədir, sülhün əldə olunması Azərbaycandan daha çox, Ermənistana lazımdır”.
O ki qaldı Qərbi Azərbaycan İcmasının ərazi iddiaları ilə bağlı mövqeyinə, H.Bababoğlu bu fikirləri söylədi: “Qərbi Azərbaycan İcması qayıdış konsepsiyası ilə özünün mövqeyini dünyaya və daxili auditoriyaya çatdırıb. QAİ-nin öz tarixi torpaqlarına qayıdışı ilə bağlı konsepsiyası və məqsədləri BMT-nin Baş Assambleyasının sənədi kimi qəbul edilib. Əgər Ermənistan ərazisinə iddia olsa idi, BMT bu sənədi yaymazdı. Bütün tədbirlərdə QAİ bəyan edir ki, QHT hər hansı ölkəyə qarşı ərazi iddiası irəli sürə bilməz. Konsepsiyada açıq şəkildə göstərilib ki, bu, sülh qayıdışıdır. Bu qayıdış Ermənistan vətəndaşı olan insanların öz vətəndaşlıq hüququnu bərpa etməsidir. QAİ-nin 100-ə qədər beynəlxalq təşkilata göndərdiyi sənədlərlə hər kəs tanışdır. Hər kəs bilir ki, sənədlərdə ərazi iddiası yoxdur. Sadəcə olaraq, ermənilər bunu da bəhanə edərək sülhdən yayınırlar. Ermənilərin istəyi sülh deyil, Azərbaycana qarşı yeni müharibəyə hazırlaşmaq və bunun üçün zaman udmaqdır. Amma nə qədər də vaxt udsalar, Ermənistan Azərbaycanın nə iqtisadi, nə də hərbi-siyasi potensialı ilə rəqabət apara, bizdən üstün ola bilməz. Ermənistan hadisələri bu şəkildə manipulyasiya etməkdənsə, COP29-a qədər tamamlanmamış 20 faizi tamamlamalı, kommunikasiyaları açmalı, konstitusiya ilə bağlı hər hansı formada qərar qəbul etməli, Azərbaycanla sülh niyyətində səmimi olduğunu bildirməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ