İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremllə müttəfiqliyi pozur: Paşinyan yenə Putinin həbsinə qərar verdi

Belə anlaşılır ki, Ermənistan Rusiya ilə hərbi müttəfiqliyə artıq önəm vermir, Kremllə münasibətlərin gərginləşə biləcəyindən də çəkinmir... Paşinyan hakimiyyəti Ermənistanın Rusiya prezidentinin həbsinə qərar vermiş BCM-yə qatılma prosesini yenidən aktivləşdirməklə, Kreml sahibini nə vaxtsa, qandallamaq öhdəliyi götürür...

Rusiya-Ermənistan münasibətlərində çatlar dərinləşməkdə davam edir. Bu iki dövlətin hərbi-siyasi müttəfiqliyi artıq demək olar ki, dormal xarakter daşıyır. Rəsmi İrəvan Rusiyanı ciddi “sınağa” çəkməkdədir, Kreml isə yaranmış vəziyyətə çarə tapmaqda çətinlik çəkir. Və bu, Rusiyanın Cənubi Qafqaz siyasətinə sarsıdıcı zərbələr vurmaqdadır.

Böyük ehtimalla Kremldə Ermənistanın Rusiyaya xəyanət edəcəyi barədə heç vaxt düşünməyiblər. Rusiya siyasi dairələri həmişə Ermənistanı Kremlin təlimatlarına məhkum edilmiş for-post kimi qəbul ediblər. Çünki Rusiya ermənilərə “dövlət” hədiyyə edib, keçmiş SSRİ-nin dağılmasından sonrasa, Ermənistanı hərbi-siyasi himayə altında saxlayıb. Hətta Azərbaycanın 20 faiz ərazilərinin işğal olunmasında da Rusiya Ermənistana hər cür dəstəyi göstərib. Bütün bunların qarşılığında isə rəsmi İrəvanın həmişə Rusiyaya minnətdar olacağı və Kremlin direktivlərinə həssas yanaşacağına əminlik yaranıb.

Əslində, Ermənistanda baş nazir Nikol Paşinyanın siyasi komandasının hakimiyyətə gəlişinə qədər rəsmi İrəvan Rusiyanın “sədaqət” gözləntini mümkün qədər qarşılamağa çalışıb. Ancaq ABŞ-ın “Soros” Fonduna bağlı Paşinyan hakimiyyəti hər şeyi dəyişib. Paşinyan hakimiyyətinin israrlı və ardıcıl propoqandası nəticəsində indi Ermənistan cəmiyyətində Rusiya erməni toplumunun qatı düşməni hesab olunur.

ktmt-ermeni-rus.jpeg (115 KB)

Paşinyan hakimiyyəti ABŞ və Qərb qarşısında Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə öhdəlik götürüb. Son illərdə rəsmi İrəvan bu istiqamətdə kifayət qədər avantürist addımlar da atıb. Buna misal olaraq, KTMT-nın İrəvan sammitinin yekun sənədinin baş nazir Nikol Paşinyan tərəfindən imzalanmamasını, bu hərbi-siyasi alyansın Ermənistanda keçirilməsi nəzərdə tutulan hərbi təlimlərinin ləğv olunmasını, bu qurumu tərk etmək barədə niyyətin açıq şəkildə bəyan olunmasını və s. göstərmək olar.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistanın KTMT-dan çıxmaq barədə cəhdlərinə Kremldə kifayət qədər ciddi yanaşırlar. Belə anlaşılır ki, Rusiya siyasi dairələri Ermənistanın “Qərbə qaçış” planlarının reallaşa biləcəyinə artıq inanmağa başlayıblar. Və bu səbəbdən də indi Ermənistana münasibətdə konkret addımların atəlmasına cəhd göstərilir.

Məsələ ondadır ki, hazırda Rusiya mətbuatı Paşinyan hakimiyyətini ciddi şəkildə hədəfə almağa başlayıb. Baş nazir Nikol Paşinyana qarşı əsas ittihamlar ondan ibarətdir ki, Ermənistan Rusiyaya xəyanət edir. Rəsmi İrəvanın məqsədyönlü şəkildə Rusiya sülhməramlı qüvvələrini və hərbi bazalarını hədəfə alaraq, nüfuzdan salmağa çalışdığı vurğulanır. Və bütün bunlar Ermənistanın Qərbdən gələn direktivləri icra etməsi kimi izah edilir.

Kremldə belə qənaət yaranıb ki, Ermənistan Rusiyaya münasibətdə “Ukraynanın açdığı çığır”la irəliləyir. Kremlə yaxın siyasi dairələr Ermənistanın Cənubi Qafqazda Rusiya üçün yeni Ukraynaya çevrilmək üzrə olduğuna artıq əmindirlər. Ona görə də, Rusiya mətbuatında Ermənistanın ən qısa zamanda cəzalandırılmasının vacibliyi barədə mesajlar gündəmə gətirirlər.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Ancaq digər tərəfdən, Kreml Ermənistana münasibətdə radikal addımların atılmasına da tələsmir. Bəzi ehtimallara görə, Rusiya siyasi dairələri rəsmi İrəvanın yola gətirilə biləcəyinə ümidlərini hələ tam itirməyiblər. Ona görə də Ermənistanın Rusiyaya qarşı “kaprizlər”inə, rəsmi İrəvanın bəzi tələblərinə müsbət cavab verməyin mümkünlüyünə eyham vurmaqla cavab verirlər.

Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın KTMT-dan gözləntilərinin qarşılanması üçün müzakirələrin mümkünlüyünü vurğulamışdı. O, bildirmişdi ki, əgər, rəsmi İrəvan müzakirələrə həvəs göstərərsə, KTMT-nın Ermənistanın hərbi təhlükəsizliyinin təmin oluması ilə bağlı anlaşma əldə oluna bilər. Hətta Kreml bu məsələyə adətən, Ermənistanın mövqeyinə sərt reaksiya verən Belarus prezidenti Aleksandr Lukaşenkonu da alət etməyi bacarıb. Çünki “Batka” Ermənistan da haqlı olduğu məqamların mövcudluğunu vurğulamaqla, müşahidəçiləri təəccübləndirməyi bacarıb.

Bütün bunlara baxmayaraq, Kremlin Paşinyan hakimiyyətini yola gətirməyə nail olduğunu düşünmək də qətiyyən mümkün deyil. Ən azından ona görə ki, rəsmi İrəvan KTMT-nı tərk etmək və Rusiyadan uzaqlaşmaq xəttini daha israrla davam etdirir. Hər halda, rəsmi İrəvanın Azərbaycanla sərhəd bölgəsində ABŞ bayrağını ucaltması Kremli qətiyyən məmnun edə bilməz. Çünki ABŞ bayrağı Ermənistanı Azərbaycandan qoruya bilməsə də, Kremlə rəsmi İrəvanın Rusiyadan uzaqlaşmaq niyyətinin ciddi olduğunu çatdırır.

Digər tərəfdən, rəsmi İrəvan Rusiya ilə “iplərin qoparılması”na yol aça biləcək daha bir avantürist addım atıb. Belə ki, bir müddət öncə Paşinyan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu gündəmə gətirib. Halbuki Ermənistan BCM-yə qatılmaq barədə hələ 2000-ci illərin əvvəllərində müraciət etmişdi. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan BCM-yə məhz Rusiya prezidenti Vladimir Putinə qarşı həbs qərarı verildikdən sonra xüsusi diqqət yetirməyə başlayıb.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Son məlumatlara görə, rəsmi İrəvan Roma statutuna artıq rəsmən qoşulub və yaxın bir neçə həftə ərzində bu barədə sənədi Ermənistan parlamentində ratifikasiya etmək niyyətindədir. Artıq bu məsələ ilə bağlı Ermənitanın ədliyyə naziri rəsmi açıqlama da verib. Və bu, o deməkdir ki, rəsmi İrəvan Rusiya ilə hərbi-siyasi müttəfiqliyə qətiyyən əhəmiyyət vermir.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə Roma statutu ilə bağlı məsələ gündəmə gətirilərkən, Kreml olduqca sərt reaksiya vermişdi. Ona görə də, rəsmi İrəvan geri çəkilməli oldu və həmin hüquqi sənədin parlamentdə ratifikasiyasını təxirə saldı. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya ilə müttəfiqlik münasibətlərinə zərər verən və Kremllə gərginlik yaradan addımlardan yayınmağın vacibliyini də vurğulamışdı.

Bütün bunları nəzərə aldıqda, cəmisi bir neçə ay sonra yenidən Roma statutunun ratifikasiya üçün Ermənistan parlamentinə göndərilməsi istər-istəməz müəyyən şübhələr yaradır. Belə anlaşılır ki, rəsmi İrəvan üçün artıq Rusiya ilə müttəfiqlik elə bir ciddi önəm daşımır. Hətta Paşinyan hakimiyyəti Kremllə münasibətlərin gərginləşə biləcəyindən də çəkinmir. Və Ermənistanın Rusiya prezidentinin həbsinə qərar vermiş BCM-nə qatıldığını təsdiqləməklə, Kreml sahibini nə vaxtsa, qandallamaq öhdəliyi götürür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR