Onlayn ictimai-siyasi qəzet
"Pasxa atəşkəsi" ilə bağlı açıqlama Rusiya lideri Vladimir Putinə xeyir verdi.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşr yazır ki, o, bu yolla heç bir real riskə getmədən asan diplomatik qələbə qazandı.
Putin Ukraynada pasxa münasibətilə atəşkəs elan etdiyini o zaman bildirdi ki, bir gün öncə Donald Trampın administrasiyası ABŞ-ın bu ölkədəki atəşkəs səylərindən imtina edə biləcəyi ilə hədələyərək yaxın vaxtlarda irəliləyişin olmaması halında geri çəkiləcəyini bəyan etmişdi.
“Qısa müddətli atəşkəs təklifi Putinə asan diplomatik qələbə qazandırdı. Bu, həm ABŞ-ın münaqişədən çəkilməsinin qarşısını almaq cəhdi, həm də özünü ən çox sülh istəyən lider kimi göstərmək vasitəsi idi”, – deyə WSJ yazır.
Karnegi Avrasiya Mərkəzinin Parisdə yerləşən baş elmi əməkdaşı Tatyana Stanovaya qeyd edir ki, belə qısa müddətli atəşkəsin elan olunması “heç bir risk yaratmır, lakin onu səmimi şəkildə sülh istəyən şəxs kimi göstərir”.
Bununla yanaşı, nəşr yazır ki, Putinin bu bəyanatı onun döyüşlərin dayandırılmasına razılaşmazdan əvvəl “müharibənin əsas səbəblərinin” həllini tələb etməsindən imtina etməyə hazır olduğuna işarə ola bilər.
WSJ həmçinin xatırladır ki, ötən ay Ukrayna ABŞ-ın dəstəklədiyi 30 günlük atəşkəs təklifinə razılıq vermişdi. Amma Putin bu təklifi rədd edərək müharibənin tamamilə dayandırılması üçün daha ətraflı müzakirələrin aparılmasını istəyib.
O bildirib ki, bu mərhələdə döyüşlərin dayandırılması Ukraynanın xeyrinə olacaq, çünki Rusiya döyüş meydanında üstünlük qazanır və atəşkəsə gəlməzdən əvvəl bir çox məsələlərin həll olunması lazımdır.
Qeyd edək ki, Kreml 19 aprel tarixində 18:00-dan 21 aprel saat 00:00-a qədər qüvvədə olacaq atəşkəs rejimi barədə bəyanat yayıb. Ukrayna ordusuna ruslara atəş açmamaq əmri verilib, lakin zəruri hallarda cavab atəşi açmağa icazə verilib.
Ukrayna prezidenti Volodimir Zelenski çıxışında atəşkəsə riayət olunarsa, onu Pasxadan sonra da uzatmaq təklifini irəli sürüb.
Buna baxmayaraq, günün sonunda Zelenski bildirib ki, Rusiya tərəfinin vədlərinə baxmayaraq, cəbhənin bəzi hissələrində Rusiya artilleriyası fəaliyyətini davam etdirir, döyüşlər gedir. Eyni zamanda rus qüvvələri dronlardan istifadə edirlər.
İqbal RZAYEV,
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ