İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin gizli NÜVƏ DONANMASI: Peykdən İLK DƏFƏ görüntüləndi - FOTOLAR

"Google Earth" tərəfindən əldə edilən yeni peyk şəkilləri Çinin hərbi-dəniz bazasında ən azı 6 ədəd atom sualtı qayığının olduğunu göstərir.

Musavat.com "IFLScience"yə istinadən xəbər verir ki, bu barədə ilk olaraq hərbi-dəniz analitiki Aleks Lak məlumat verib.

Məlumatda bildirilir ki, söhbət Şandun vilayətinin şərqində yerləşən Tsinadaodakı birinci sualtı qayıq bazasından gedir.

Analitik tərəfindən müəyyən olunan sualtı qayıqlar arasında ən azı bir ədəd SSBN tipli – strateji təyinatlı ballistik raket daşıyan nüvə sualtı qayığı var. O, digər qayıqların isə təlim məqsədli ola biləcəyini və çox güman ki, adi silahlarla təchiz olunduğunu ehtimal edib.

Analitik həmçinin quru doka yerləşdirilmiş naməlum bir sualtı qayığın da görüntüləndiyini və onun utilizasiya üçün hazırlandığını ehtimal edib.

Nəşrin məlumatına görə, Çin ordusunun arsenalında təxminən 600 nüvə başlığı mövcuddur. Çin nüvə silahından ilk istifadə etməmək siyasətinə sadiqdir. Baxmayaraq ki, son vaxtlar Çin nüvə sualtı donanmasını genişləndirir, ölkənin əsas nüvə qarşısının alınma strategiyası quru və hava əsaslı vasitələrə söykənir.

"Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Donanması həm atom, həm də güclü dizel-elektrik mühərrikli sualtı qayıqlarla təchiz olunub. Hərçənd ki, PLAN (Çin hərbi-dəniz donanması) hazırda nüvə sualtı imkanlarını inkişaf etdirir, dizel-elektrik sualtı qayıqları hələ də Çinin sualtı qüvvələrinin əsasını təşkil edir", – deyə Nüvə Təhlükəsinin Azaldılması Təşəbbüsündən bildirilib.

Məlumata görə, ABŞ hökuməti 2025-ci ilə qədər Çin donanmasının 65 sualtı qayığa çatacağını proqnozlaşdırır.

Çində sualtı qayıq istehsalı

"UNIAN" yazır ki, Çin dünyanın ən güclü sualtı qayıqlarının istehsalını sürətləndirir. Asiya-Sakit Okean Təhlükəsizlik İnnovasiyaları Forumunun tədqiqatçısı Kristian Martinin sözlərinə görə, 093B tipli nüvə enerjili hücum sualtı qayığı ABŞ-ın Hind-Sakit okean regionundakı hərbi-dəniz qüvvələri üçün ciddi təhlükə yaradır.

Ekspert hesab edir ki, bu sualtı qayıq Yaponiyadakı ABŞ hərbi bazalarını hədəfə almaqla, Tayvana mümkün müdaxilə zamanı əsas rol oynaya bilər.

Bundan əlavə, 2024-cü ildə Çin yeni tip sualtı qayığa sahib olub. "The Telegraph" xəbər verir ki, bu sualtı qayıq su altında buraxılan qanadlı raketlərlə təchiz edilə bilər və bu, onu xeyli təhlükəli edir.

Digər tərəfdən, "Defense Express" bildirir ki, Çin dünyanın ən böyük döyüş sualtı dronuna çevrilə biləcək yeni bir qayıq inşa edir. Analitiklərin fikrincə, bu qayıq nisbətən kompakt ölçülərə malikdir ki, bu da onun radarlardan yayınma qabiliyyətini artırır.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR