İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Hindistandan muzdlu döyüşçülər gətirib: Hindlilərə hərbi təlimlər keçilir, terrorçu dəstələr yaradılır

Hindistanın kasib əyalətlərindən hindlilər pulla şirnikləndirilərək, Ermənistana göndərilir... Rəsmi İrəvan terror taktikasına sadiq qaldığını növbəti dəfə təsdiqləyir...

Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərə regiondan kənar ölkələrin müdaxilə cəhdləri genişlənir və intensiv xarakter almaqdadır. Bu kobud müdaxilə cəhdləri isə hazırda birmənalı şəkildə yalnız Ermənistan üzərindən göstərilir. Və bu məsələdə Ermənistanın hərbi-siyasi gücsüzlüyü xüsusi rol oynayır.

Məsələ ondadır ki, Ermənistan ordusu döyüş qabiliyyətini itirərək, silahlı hərbi dəstələr kimi fəaliyyət göstərir. Rəsmi İrəvan bu ordunun qarşıya qoyulmuş hər hansı hərbi vəzifəni yerinə yetirə bilməyəcəyini artıq anlayır. Ona görə də, rəsmi İrəvan indi mövcud vəziyyətdən çıxış yolları axtarmağa çalışır.

Bir müddət öncə Ermənistan parlamenti qadınların həqiqi hərbi xidmətə çağırılmasına hüquqi baza yaradan qanunu qəbul edib. Bu addımın atılması Ermənistan ordusunun şəxsi heyətinin formalaşdırılmasında yaranmış ciddi problemlər ilə birbaşa bağlıdır. Bir çox erməni ailələri övladlarını hərbi xidmətə göndərmək istəmirlər, onları müxtəlif yollarla hərbi çağırışdan yayındırırlar. Nəticədə Ermənistan ordusunda əsgər çatışmazlığının böhranlı həddə çatdığı bildirilir.

media-1546853700_ermeni-esger-senger-5n8lac0uvest1h74ymqo.jpg (54 KB)

Digər tərəfdən, Ermənistan vətəndaşları ordu sıralarında hərbi əməliyyatlarda iştirak etmək istəmirlər. Ona görə də, Ermənistan ordusunda fərarilik, hərbi postları buraxıb, qaçma halları geniş yayılıb. Və bu barədə hətta Ermənistan mətbuatı belə, geniş məlumatlar dərc edir.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti hazırda hərbi qüvvə problemini həll etmək üçün ən müxtəlif və yolverilməz variantlardan istifadə etməyə çalışır. Bu variantların sırası qadınların həqiqi hərbi xidmətə çağırılması ilə məhdudlaşmır. İndi rəsmi İrəvanın müxtəlif xarici ölkələrdən Ermənistana gətirilmiş şəxslərin hesabına muzdlu silahlı dəstələrin yaradılması prosesinə start verdiyi barədə kifayət qədər ciddi məlumatlar mövcuddur.

Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, müzdlulardan ibarət silahlı dəstələrin yaradılmasında Hindistan Ermənistana ciddi şəkildə yardım göstərir. Bu məlumat Hindistanın Ermənistandakı səfirinin bir neçə gün öncə verdiyi bəyanatın arxasında gizlənən məxfi məqamları anlamağa imkan yaradır. Çünki Hindistan səfiri onun ölkəsinin Ermənistana hər cür hərbi və siyasi dəstək verməkdə qərarlı olduğunu vurğulamışdı və bunu Pakistan faktoru ilə izah etməyə çalışmışdı.

Belə ki, Hindistan və Pakistan arasında düşmənçiliyin mövcud olduğu hər kəsə məlumdur. Hindistan səfiri də Pakistanın Azərbaycan ilə strateji müttəfiqliyinin ölkəsi üçün təhlükəli olduğunu vurğulamışdı. Ona görə də, Hindistanın Ermənistana fəal hərbi-siyasi dəstək verdiyini iddia etmişdi. Və bütün bunların bir bəhanə olduğu isə qətiyyən şübhə doğurmur.

editor_40448cdf3acbe80688ed791eeeeb5dd2_a31erz5i2uyk9obgj6mv.jpg (33 KB)

Məsələ ondadır ki, Hindistanın Ermənistana dəstək məsələsində Fransa ilə ortaq hərəkət etdiyi sübuta ehtiyacı olmayan məqamdır. Rəsmi Dehli Fransa hərbi şirkətlərinin Hindistan ilə ortaq istehsal etdiyi silahların Ermənistana ötürülməsinə başlayıb. Yəni, Hindistan Fransa ilə birlikdə Ermənistanın silahlandırılması ilə məşğuldur. Və bu prosesin yaxın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

İndisə belə anlaşılır ki, Hindistan Ermənistanın hərbi cəhətdən gücləndirilməsi üçün növbəti addımların atılmasına başlayıb. Etibarlı mənbələrdən aldığımız məlumatlarda bildirilir ki, Hindistandan Ermənistana müzdluların göndərilməsi son vaxtlar daha da intensivləşib. Ermənistanla əldə olunan məxfi anlaşmaya əsasən, rəsmi Dehli Hindistanın kasıb əyalətlərdən bu ölkənin vətəndaşlarını pulla şirnikləndirərək, toplayır. Sonra müzdlu hindlilər Hindistanda təlim keçirlər. Ardınca isə onlar Ermənistana göndərilir. Və onların hərbi təlimləri Ermənistanda yerli şəraitə, burada icra edəcəkləri hədəflərə uyğun şəkildə davam etdirilir.

Onu da qeyd edək ki, etibarlı mənbəmizin dediyinə görə, Hindistandan göndərilmiş müzdlular Ermənistanda işçi qüvvəsi kimi qeydiyyata alınır. Yəni, rəsmi İrəvan Hindistandan gətirilmiş müzdlu terrorçuları işçi qüvvəsi adı altında gizlətməyə çalışır. Halbuki, bunu təkzib edən kifayət qədər ciddi məqamlar mövcuddur.

Birincisi, rəsmi İrəvan Hindistandan gətirilmiş "işçi qüvvəsi"ni hansı səbəbdən hərbi təlimlərə cəlb etdiyini mütləq izah etməlidir. Çünki hansısa "inşaat işlərinə cəlb ediləcək hindlilərə" atıcı silahlardan istifadə üzrə hərbi təlimlər keçib, onların terrorçu kimi yetişdirilməsi müəmmalı məqamdır. Digər tərəfdən, əgər, müzdlu hindlilər işçi qüvvəsidirsə, Ermənistanın onlara ehtiyacı ola bilərmi? Çünki Ermənistanda işsizliyin ən yüksək səviyyədə olduğu inkaredilməz reallıqdır. Əgər, Ermənistanın işçi qüvvəsinə doğrudan da ehtiyacı varsa, deməli, ilk növbədə ermənilər barədə düşünməlidir.

pasha-bohran-kreml-111.PNG (402 KB)

Bütün bunlar onu göstərir ki, Ermənistan müzdlu hindlilərin hesabına yeni silahlı terror dəstələri yaradırlar. Hər halda, rəsmi İrəvan iqtisadiyyatı çökmüş Ermənistanın kənardan gətirilmiş işçi qüvvəsinə ehtiyacı olduğuna heç kimi inandıra bilməz. Yəni, Ermənistan indi hərbi xidmət keçmək istəməyən erməniləri əvəzləyəcək müzdlu terrorçu dəstələrə ehtiyac duyur. Ona görə də, belə müzdlu dəstələrin yaradılması üçün hindlilərdən istifadə etməyə çalışır.

Bir müddət öncə Ermənistanda hindli müzdlulardan hərbi məqsədlərlə istifadə edildiyini təsdiqləyən məlumat yayılmışdı. Məlum olmuşdu ki, Ermənistanın hərbi təxribatlarının törədildiyi sərhəd bölgəsində iki Hindistan vətəndaşı odlu silahdan açılan atəşlə yaralanıb. Nə qədər qəribə də olsa, rəsmi İrəvan vərdişlərinin əksinə olaraq, bu barədə məlumatların üzərini qapadılmasına cəhd göstərdi. Hətta hindlilərin yüngül yara aldıqlarını və silahlı toqquşmalardan qaynaqlanmadığını iddia etdi. Ancaq Paşinyan hakimiyyəti yaralanmış həmin iki hindlinin sərhəd bölgəsində, hərbi təmas ərazisinə niyə göndərildiyini izah edə bilmədi.

Göründüyü kimi, rəsmi İrəvan yeni hərbi avantüralara xüsusi həvəs göstərir. Paşinyan hakimiyyəti gələcəkdə Azərbaycana qarşı törədilməsini planlaşdırdığı hərbi təxribatlarda iştirak etmək məqsədilə Hindistandan gətirdiyi müzdlulara təlim keçir, onları savaşa hazırlayır. Bu, rəsmi İrəvanın hərbi terror taktikasına hələ də sadiq qaldığını növbəti dəfə təsdiqləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR