Onlayn ictimai-siyasi qəzet
Politoloq: ""Qırmızı cizgi” ifadəsi lətifəyə çevrilib, bunlar aşılır da, yanından keçilir də"
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı 19 avqust tarixli sərt tənqidindən sonra İrəvandan çox İranın əməlli-başlı əl-ayağa düşməsi və təlaşlanması suallar yaradıb. O sırada İranın İrəvandakı səfiri Mehdi Sübhani ötən həftə münəccimlik edərək, Zəngəzur dəhlizinin heç vaxt reallaşmayacağını, “bunun bir xəyal olduğunu” bildirib.
Ardınca İran parlamentinin üzvlərindən biri az qala Rusiyanı hədələyən açıqlama ilə gündəmə gəlib. Daha sonra isə parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi bəyan edib ki, “region ölkələrinin ərazi bütövlüyü, Zəngəzur dəhlizi İran üçün "qırmızı xətt"dir və orada istənilən sərhəd dəyişikliyinə İran sərt cavab verəcək".
Sitat: “Belə illüziyalara qapılanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır olacaq və baha başa gələcək. Ərazi bütövlüyü təhlükə altına düşərsə, ölkə özünü müdafiə edəcək. İran Cənubi Qafqaz regionunda baş verən prosesləri diqqətlə izləyir. Biz dəfələrlə bu dəhlizin İranın "qırmızı xətt"i hesab edildiyini və orada hər hansı dəyişiklik və addımın Tehranın ciddi və qətiyyətli reaksiyası ilə üzləşəcəyini müxtəlif üsullarla region ölkələrinə bildirmişik".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə 9 sentyabrda brifinqdə bildirib ki, bugünlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir. Dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfər, eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir: “İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur.
Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk". O əlavə edib ki, İran münaqişələrin həlli üçün 3+3 regional formatının gücləndirilməsinin tərəfdarıdır.
Göründüyü kimi, dəhliz məsələsində nə qədər qəribə də olsa, Rusiya hədəf seçilməkdədir. Hərgah, bəllidir ki, İran Kiyevin etirazlarına və ortada dəlil-sübutların olmasına rəğmən, neçə vaxtdır Rusiyaya Ukraynada işğalçı müharibəni davam etdirməsi üçün öldürücü hücum silahları, o cümlədən PUA-lar, “Şahed” kamikadzelər verir. Xəbərlərə görə, İran Moskva üçün ballistik raketlər də tədarük etməyə başlayıb. Sual yaranır: nədən Ukraynanın deyil, məhz dünənin işğalçı ölkəsi olan Ermənistanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı rəsmi Tehran üçün “qırmızı xətt”ə çevrilib?
Əslində bu, İranla Rusiya arasında müşahidə olunan gərginlikdir. Təəssüf ki, Tehran Ermənistana deyil, Rusiyaya qarşı iddialar irəli sürür və sətiraltı, ünvansız şəkildə eyni mesajları verməkdə davam edir. Ancaq Tehran bilməlidir ki, 10 noyabr üçtərəfli bəyanatı var və onun 9-cu bəndində Azərbaycanın qərb regionları ilə Naxçıvanın birləşdirilməsi, yaranacaq nəqliyyat dəhlizinin təhlükəsizliyinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunması məsələsi qeyd olunub. Lavrov da elə bunu deyib.
Burada söhbət bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, yaxud da İrana hər hansı məhdudiyyət qoyulmur. Ona görə bu xüsusda İranın bu kimi açıqlamalarının məntiqi anlaşılmır. İran isə burada NATO dəhlizindən, xəttindən danışır və aydın görünür ki, burada manipulyasiya var. Bu, necə “NATO dəhlizi”dir ki, Rusiya onun açılmasının əsas tərəfdarlarındandır? NATO xətti dəhlizin açılmasına deyil, faktiki olaraq Ermənistanda NATO bazasının yaradılmasına niyə Tehran reaksiya vermir? Ermənistanda hərbləşdirilmiş Avropa İttifaqı missiyasının mövcud olması, Ermənistanın ABŞ və Fransa tərəfindən silahlandırılması, hərbi təlimlərin keçirilməsi və digər bu kimi məsələlərə İran niyə seyrçi qalır? Bu cür suallar kifayət qədərdir və məhz bu tipli sualların cavabı verilmədiyi üçün İranın dəhliz məsələsinə münasibəti başa düşülən deyil.
Bu onu göstərir ki, İran ya Qərblə Rusiya arasında oyun oynamaq istəyir, ya da Qərbə yaxınlaşmaq xətti götürür. Burada sual olunur: bu, İranın yeni prezidentinin, yoxsa İranın dini rəhbərliyinin xəttidir? Bunu anlamaq çətindir.
Hər iki halda aydın görünür ki, İran Rusiyadan uzaqlaşmaq xəttini götürmək istəyir. Çünki Ukrayna müharibəsində İranın birbaşa rolu və iştirakı faktı var. Belə çıxır, İran Qərbin təzyiqi ilə və Qərbə yaxınlaşaraq bu xətdən uzaqlaşmağa çalışır? Nəyin qarşılığında? Tehranın İrana qarşı sanksiyaların yumşaldılması, İranı hədəfə alan planların işlək hala gətirilməsinin qarşısının alınması və digər gözləntiləri ola bilər.
Qısası, rəsmi Tehranın Zəngəzur dəhlizi ətrafında qaldırdığı hay-küydə əsas hədəf nədir? İran Ermənistanın, yoxsa özünün dərdini çəkir?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Tehran Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən narazı qalsa da, buna görə Kremllə əməkdaşlığa ciddi xələl gətirməyəcək. İran Rusiyaya pilotsuz uçuş aparatları satmaqla yanaşı, qonşusuna ballistik raketlər verməyə hazırlaşır. İran Rusiya ilə birgə hərbi təlimlərdən də imtina etməyəcək.
“Qırmız cizgi” söhbətinə gəlincə, politoloq qeyd etdi ki, bu ifadə lətifəyə çevrilib, müxtəlif liderlər bu barədə kimlərisə xəbərdar etsələr də, “qırmızı cizgilər” aşılır da, yanından keçilir də: “ABŞ-ın keçmiş prezidenti Barak Obama Suriya lideri Bəşər Əsədi xəbərdar edirdi ki, kimyəvi silahdan istifadə etsə, bu Vaşinqton üçün "qırmızı cizgi"nin keçilməsi olacaq. Əsəd kimyəvi silahdan rəqiblərinə qarşı istifadə etdi, Suriyanın bəzi məntəqələrində zəhərlənmədən ölənlər oldu, Obama "qırmızı cizgi"ni aşan Əsədi cəzalandırmadı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl deyib ki, “ABŞ Rusiyanın "qırmızı cizgilərini" aşmamalıdır". ABŞ Ukraynaya hərbi texnika və raketlər göndərib və Kiyev bu silahlarla Rusiyaya qarşı savaşmaqdadır, beləcə Kremlin “cizgiləri” aylardır aşılıb. Moskvanın Vaşinqtonu cəzalandıracaq yeganə aləti nüvə silahıdır ki, Kreml bu haqda çox danışsa da, düyməyə basmayacaq.
Növbəti “qırmızı cizgi” söhbətini Tehran atıb ortaya. İranın mühafizəkar dairələri hər dəfəsində Zəngəzur dəhlizi üçün “qırmızı cizgi” ifadəsini işlədirlər. Yəni demək istəyirlər ki, Azərbaycan, Ermənistan, Türkiyə, hətta Rusiya İranın “qırmızı cizgisini” nəzərə alaraq Zəngəzur dəhlizini reallaşdırmamalıdırlar. Zəngəzur dəhlizi mövzusu Azərbaycanla Ermənistanın daxili işidir, Bakı İrəvanla razılaşdıqdan sonra Tehranın məntiqsiz “qırmızı cizgiləri” asanlıqla aşılacaq".
Siyasi ekspertlərin fikrincə, başda ABŞ olmaqla, Qərb İranı Rusiyaya qarşı qızışdıracaqsa, İran bu qarşıdurmadan uduşlu çıxa bilməyəcək. Daxilindəki 40 milyon azərbaycanlı faktorunu da Tehran unutmamalıdır.
İranın dəhliz məsələsində tutduğu mövqe təkcə Azərbaycanın və Rusiyanın deyil, həmçinin Çinin, Türkiyənin mövqeyinə qarşıdır. Belə çıxır ki, Tehran onun üçün həyati əhəmiyyət daşıyan bu üç böyük dövləti cılız Ermənistana görə qarşısına alır? Deməli, məsələnin mahiyyətində Ermənistana sevgi amili, Ermənistanın sərhəd bütövlüyünü qorumaq söhbəti dayanmır. Zəngəzur dəhlizinin işləməsi əslində Ermənistana da iqtisadi dividentlər gətirəcək. İran özünün iştirak etmədiyi bu böyük layihədən kənarda qalmaq istəmir. Zəngəzur dəhlizindən pay götürmək istəyir.
Yücel Karauz
Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə Publikaz.az-a deyib ki, İran Ermənistanı tamamilə özündən asılı vəziyyətə salmaq istəyir. Hazırda İran mövcud vəziyyətə başqa bir siyasətlə yanaşır. Buna görə də Rusiya ilə qarşı-qarşıya gəlir.
O əlavə edib ki, hazırda İranın apardığı siyasət ikiüzlülükdən başqa bir şey deyil: “Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyü üçün təhlükə deyil. Zəngəzur dəhlizi ilə bağlı üçüncü bir ölkə deyə bilməz ki, bura bizim qırmızı xəttimizdir. Heç kim kiminsə ərazi bütövlüyünü, sərhədlərini dəyişdirmək niyyətində deyil. Əgər İran sərhədlər üçün bu qədər narahat olurdusa, niyə 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına susdu? Məsələ burasındadır ki, Zəngəzur dəhlizi İrana zərər verəcək bir layihə deyil. Sadəcə, İran bunu anlamaq istəmir. İran ağıllı siyasət həyata keçirərsə, bu dəhlizdə rolu artar”.
General əlavə edib ki, dəhlizlə bağlı İranın bir sıra narahatlıqları mövcuddur: “İran, dəhliz açılarsa, ölkəsinin gəlirlərinin azalacağını və strateji əhəmiyyətini itirəcəyini düşünür. Təbii ki, bu, heç də belə deyil. Məlumdur ki, İranda hakimiyyət din üzərində qurulub. Dini hakimiyyətin strateji prioritetləri arasında Türkiyə və Azərbaycanın güclənməməsi, bölgəyə sülhün gəlməməsi əsas məsələlərdən biridir. İran indi nə danışırsa, danışsın, hamısı boşdur. Zəngəzur dəhlizi açılmadığı təqdirdə Ermənistan adlı bir dövlət olmayacaq. Zəngəzur dəhlizinin açılmasının geci-tezi var. Zəngəzur dəhlizi bölgəyə yalnız sülh gətirəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ