Onlayn ictimai-siyasi qəzet
İranın “Tasnim news” nəşrində Zəngəzurla bağlı yazı dərc olunub.
“İranın Zəngəzurla bağlı Rusiyaya tövsiyəsi: Bu xəyali dəhliz yaranmayacaq!” sərlövhəli yazıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin mümkün qədər tez açılmasının zəruriliyi ilə bağlı sözlərindən sitat gətirilir.
Nəşr yazır ki, Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqazda qəbuledilməz nüfuz dəhlizinə çevriləcək. Bundan əlavə, agentlik Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı onunla çiyin-çiyinə dayanıb və hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək ağlasığmazdır.
Məqalədə İranın Zənzəgur dəhlizinin açılmasına nəyə görə etiraz etdiyi 7 bəndlə izah olunur. Sonuncu bənddə diqqətçəkən məqam var. Sitat: “Rusiya Xarici İşlər Nazirliyi “xəyali Zəngəzur dəhlizindən” istifadə edərək Ermənistanla problemi həll etməyi düşünürsə, yanılır. İranın müqaviməti buna imkan verməyəcək. Yada salaq ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İran İslam Respublikasının qonşularının sayının 15-dən 14-ə enməsi deməkdir. İran və Rusiyanın can atdığı “strateji əlaqələr” konsepsiyasına görə, bu cür taktiki addımlar strateji münasibətlərə ziddir. Çox güman ki, “Zəngəzur dəhlizi” və ya başqa bir dəhliz deyilən nəyisə açmaq istəsələr, qərblilər mütləq müqavimət göstərəcəklər və o zaman bu münaqişə şimal-qərbi İranın həssas sərhədlərinin yaxınlığında yeni alovlanma mənbəyi yaradacaq. Əgər hər hansı ölkə öz sərhədlərindən kənarda başqalarının hesabına yeni alovlanma və qarşıdurma cəbhəsi açmaqla problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq və dünya daimi xaos içində olacaq”.
Göründüyü kimi, Zəngəzur dəhlizi gerçəkdən də İran üçün “qırmızı xətt”ə çevrilir. O, bütün bölgə üçün mühüm olan bu dəhlizin açılmaması üçün hətta əsas strateji müttəfiqi olan Rusiyaya da dirəniş göstərməyə, onunla çəkişməyə hazırdır.
Musavat.com sözügedən yazı və İranın mövqeyi ilə bağlı ekspertlərə müraciət edib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Qafqaz təkcə regionun qonşuları olan İran və Rusiyanın deyil, dünyanın digər güc mərkəzlərinin də həmişə diqqətini cəlb edib:
“Ötən əsrin sonlarında Cənubi Qafqazın əhəmiyyəti daha da artıb. Azərbaycan böyük neft ehtiyatları, müstəqil xarici siyasəti ilə bu gün dünya birliyində böyük rol oynayır. Bu baxımdan Qafqazda öz yerlərini tutma istəkləri həddən artıq böyükdür. Düzdür, bu, müasir metodlarla, iqtisad-siyasi münasibətlərlə, diplomatik kanallarla edilməyə çalışılır.
Rusiya və İranın Cənubi Qafqazda hər hansı məsələ ilə bağlı fikir ayrılığının olması normal haldır. Bu, zaman-zaman müşahidə olunub, sonradan da öz həllini tapıb. Əsas odur ki, Cənubi Qafqazda Azərbaycan kimi lider ölkə var. Azərbaycan həm Qafqazda sülhün, əmin-amanlığın, mehriban qonşuluğun oturuşmasında əhəmiyyətli rol oynayır, həm də dünya birliyində böyük rolu var. Azərbaycan ərazi və əhali baxımından kiçik olsa da, Qoşulmama Hərəkatının liderlərindən biridir. Azərbaycanın bu və ya digər məsələ ilə bağlı mövqeyi böyük dövlətlərdən tərəfindən diqqətlə izlənilir. BRICS kimi nüfuzlu beynəlxalq təşkilata üzvlüyümüz dünya mətbuatında, diplomatik dairələrdə müzakirə edilən mövzulardan biridir. Cənubi Qafqazda istənilən məsələ Azərbaycanın mövqeyi olmadan həll edilə bilməz”.
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan heç zaman başqa dövlətlərin münasibətlərinin pisləşməsində fayda axtarmayıb.
“Azərbaycan hər zaman mehriban münasibətlərin, beynəlxalq hüququn işləməsinin tərəfdarı olub, bundan sonra da belə olacaq. Cənubi Qafqazın taleyi, gələcəyi Azərbaycanın apardığı stabil, sülh, beynəlxalq hüququn bərqərar olması siyasəyindən çox asılıdır” - deyə millət vəkili əlavə edib.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Tehran Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsindən narahatdır:
“Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağırılması bununla bağlıdır. Səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın Zəngəzur dəhlizinə verdiyi dəstəkdən narahatdır. Tehranın Kremlin də Zəngəzur dəhlizi əleyhinə siyasət yürüdəcəyi hesabı yanlış çıxıb. İrandakı dairələr əvvəlkitək hesab edirlər ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədini bağlayacaq. Halbuki, söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran da istifadə edə bilər.
Tehran Azərbaycanla Ermənistanın daxili işlərinə qarışa bilməz. Zəngəzur dəhlizinin açılmasına iki dövlət qərar verəcək – Azərbaycan və Ermənistan. Tehran dəhliz mövzusunda Bakıya təzyiq edə bilmədiyinə görə İrəvana təzyiq etməyə çalışır. Ancaq Ermənistan hakimiyyəti də ortaq layihələrdə iştiraka maraq göstərir. Tehranın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi işə düşəcək”.
E.Şahinoğlu hesab edir ki, indiki dövrdə Rusiya ilə münasibətlərin gərginləşdiyini, yaxud soyuqlaşdığını vurğulamaq düzgün olmazdı:
“Sadəcə Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı yaranıb. İran Rusiyaya yumşaq formada mesaj göndərib ki, bu onun maraqlarına ziddir, Rusiya bunu nəzərə almalıdır. Bundan çıxış edərək Rusiya ilə münasibətlərin soyuduğunu, gərginləşəcəyini söyləmək düzgün olmazdı. Əksinə, İran və Rusiya strateji tərəfdaşdırlar, hərbi əməkdaşlıq da var. Zəngəzur dəhlizinə görə bu iki dövlət arasında ciddi gərginliyin yaranacağını zənn etmirəm”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ