İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın tapdadığı "qırmızı xətt"lər... - "Şahed"lər necə olsun bəs?

Rusiya XİN başçısı Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı Ermənistana 19 avqust tarixli sərt tənqidindən sonra nə qədər qəribə də olsa, İrəvandan çox İran əl-ayağa düşüb, təlaşlanıb.

Artıq üçüncü həftədir Tehran rəsmiləri səs-səsə verərək, hansısa “qırmızı xətlər”dən danışır, hətta hədələyirlər. Amma Rusiyanın adını çəksələr də, hədəfləri əlbəttə ki, qonşu Azərbaycan və Türkiyədir.

Son olaraq İranın İrəvandakı səfiri, qatı anti-Azərbaycançı və panfarsist Mehdi Sübhani iki gün öncə münəccimlik edərək, Zəngəzur dəhlizinin heç vaxt reallaşmayacağını, “bunun bir xəyal olduğunu” bildirib (Zaman göstərəcək, kim xəyallarla yaşayır, kim isə gerçəklə).

Ardınca İran parlamentinin üzvlərindən biri az qala Rusiyanı hədələyən açıqlama ilə gündəmə gəldi. Bu gün isə həmin parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi “gül vurub”.

Mehr agentliyinin yaydığı məlumata görə, Əzizi öncə köhnə bayatını təkrarlayaraq deyib ki, “region ölkələrinin ərazi bütövlüyü, Zəngəzur dəhlizi İran üçün “qırmızı xətt”dir və orada istənilən sərhəd dəyişikliyinə İran sərt cavab verəcək” (Görəsən öz evinin içində ali qonağını öldürən ölkəyə ayarımdır cavab verə bilməyən İran bunu necə edəcək? Hərgah Zəngəzur dəhlizi əsla sərhəd dəyişikliyi anlamına gəlmir, bu İrəvan və Tehranın məkrli uydurmasıdır).

Gəl ki, komissiya sədri İbrahim Əzizi tutduğunu buraxmır.

Sitat: “Belə illüziyalara qapılanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır olacaq və baha başa gələcək. Ərazi bütövlüyü təhlükə altına düşərsə, ölkə özünü müdafiə edəcək. İran Cənubi Qafqaz regionunda baş verən prosesləri diqqətlə izləyir. Biz dəfələrlə bu dəhlizin İranın “qırmızı xətt”i hesab edildiyini və orada hər hansı dəyişiklik və addımın Tehranın ciddi və qətiyyətli reaksiyası ilə üzləşəcəyini müxtəlif üsullarla region ölkələrinə (oxu: Azərbaycan və Türkiyəyə - red.) bildirmişik”.

Buna deyərlər “qırmızı xətt”in ağını çıxarmaq.

Əvvəla, biz Azərbaycan torpaqları erməni işğalı altında olanda, şəhər-kəndlərimiz, məscidlərimiz yerlə-yeksan ediləndə, müsəlman əhalimiz soyqırımlarına və etnik təmizləmələr məruz qalanda İranın indi az qala hər gün dil boğaza qoymada bəyan etdiyi “qırmızı xətlər”ə nə dərəcədə sadiq olduğunu, kimin – haqqın, yoxsa batilin tərəfində olduğunu görmüşük. Yəni qeyri-səmimilik məsələsi.

Təəssüf doğuran odur ki, Tehran rəsmiləri heç nə olmayıbmış kimi, bizi unutqan sayaraq, eyni yanlışı və qərəzi Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra da davam etdirir. Bunu Ukrayna nümunəsindən də apaydın görmək olar.

Bəllidir ki, İran Kiyevin etirazlarına və ortada bunca dəlil-sübut olmasına rəğmən, neçə vaxtdır Rusiyaya işğalçı müharibəni davam etdirməsi üçün öldürücü hücum silahları, o cümlədən PUA-lar, “Şahed” kamikadzelər verir. Xəbərlərə görə, İran indi də Moskva üçün ballistik raketlər tədarük etməyə başlayıb. Ki, rus ordusu daha qəddarcasına suveren Ukraynanın ərazilərinin altını-üstünə çevirsin. Bunu israrla dansa da.

Sual ortaya çıxır: nədən Ukraynanın deyil, məhz dünənin işğalçı ölkəsi olan Ermənistanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı rəsmi Tehran üçün “qırmızı xətt”ə çevrilib, hərgah heç kim bu ifritə ölkəyə hücuma hazırlaşmır?! Dəhliz naminə Qərbi Zəngəzura ordu yeritmək də Azərbaycan və Türkiyənin ağlına gəlmir. Bunlar hamısı “miatsum” mərəzindən hələ də qurtula bilməyən xəstə ermənilər və onların Arazın o tayındakı etibarlı dost-havadarlarının – İranın uydurmasıdır.

Amma yalan ayaq tutar yeriməz. Zəngəzur dəhlizi isə günün birində mütləq açılacaq - istəsəniz də, istəməsiniz də. Çünki bu, ikiyə bölünən 50 milyonluq xalqın ana südü kimi halal haqqı! Bunu da biz deyirik...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR