Onlayn ictimai-siyasi qəzet
Rəsmi Tehran bəyan edib ki, İsrailə öz hava məkanını açan hər kəsi düşmən hesab edəcəyik; siyasi və hərbi analitiklərin izahı...
“İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını açan hər kəsi düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə icazə verməyəcək”, - deyə Əraqçi bildirib. Nazirin sözlərindən belə çıxır ki, Bakı Tel-Əvivlə hava məkanını bağlamasa, İran Azərbaycanı düşmən ölkələr siyahısına salacaq. Halbuki Tehran qarşısında bu addımı atacaq bir öhdəliyimiz yoxdur. Azərbaycan İsraillə dost ölkədir, yüksək səviyyədə münasibətlər mövcuddur. Vətən müharibəsində İsrail siyasi-mənəvi dəstəyini əsirgəməyib, eləcə də bu ölkədən aldığımız müasir hərbi texnikalar qələbəmizin təmin olunmasında mühüm rol oynayıb. Doğrudur, son hadisələrə görə, AZAL İsrailə uçuşları müvəqqəti dayandırıb. Lakin bu, hava məkanını bağlamaq anlamına gələ bilməz və ümumiyyətlə, Bakı belə bir qərar verməyəcək. Həm də o anlama gələ bilməz ki, hava məkanımız platsdarm rolu oynayacaq və İsrail bizim üzərimizdən İrana zərbələr endirəcək.
Tehran isə İsraillə olan düşmənçiliyində hər zaman çalışır ki, Azərbaycanı bu prosesə cəlb etsin, birmənalı mövqe bildirilsin, rəsmi Bakı strateji seçim eləsin. Amma bizim bu münaqişəyə qarışmaq kimi niyyətimiz yoxdur. Baxmayaraq ki, zaman-zaman İran rejimi uydurur ki, guya Azərbaycan onunla sərhədlərə “sionistləri” yerləşdirib, vaxtaşırı Bakıdakı israilli və iranlı səfirlərin söz atışması da olub, amma özümüzü kənarda saxlaya bilmişik. İndi isə Əraqçi bəyan edib ki, İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək. Bu, bizim üçün istisna ola bilərmi? Yeri gəlmişkən, İsrail İranın hücumuna cavab verəcəyini açıqlayıb. Bu səbəbdən Tehrana və digər şəhərlərə zərbələr gözlənilir. Hücumun hərbi obyektlərə olacağı güman edilir. Ola bilsin ki, İran hava məkanını açıq saxlamaq deyəndə bu detalı nəzərdə tutur. Çünki İsraillə hava məkanını açıq saxlayacaq ölkələrin sayı-hesabı olmayacaq, o zaman gərək İran dünyanın az qala yarısını düşmən elan etsin, hətta müttəfiqi Rusiyanı da.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlu da bu qənaətdədir ki, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi artacaq: “Bunlar ehtimallara əsaslanan proqnozlardır, biz bütün bunların baş verməsini istəmirik. Bununla yanaşı, İsrail-İran müharibəsinin müxtəlif ssenarilərinə hazır olmalıyıq. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib konstitusiya dəyişikliyinə gedib Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki Ermənistanın özü də İsrail-İran müharibəsinin özü üçün ən pis ssenarilərinə hazır olmalıdır...”
E.Şahinoğlunun fikrincə, məsələ burasındadır ki, ABŞ İsrail-İran müharibəsinin kənarında deyil: “ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə qarşı raketlərinin dəf olunmasında iştirak edib. Bu isə o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır. İran rəsmiləri isə bölgədə yerləşən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar. Belə olan halda ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək. ABŞ-ın bölgədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə, İordaniyada yerləşir. Aydındır ki, Ankara ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Bu ərəb ölkələri İranın zəifləməsində maraqlıdır, ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda nazir Abbas Əraqçının söylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcəkmi? Əgər bu baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli Əraqçinin açıqlamasını anlaşılmaz sayır. Onun sözlərinə görə, XİN rəhbəri İranın ərazilərinin vurulması zamanı hava məkanının açıq saxlanmasını nəzərdə tuta bilər: “Məncə, bu mesaj daha çox Suriya, İraq, İordaniya və digər dövlətlərə ünvanlanıb. Çünki İranın bundan əvvəlki qisas hücumu zamanı ballistik raketləri əsasən İraqda yerə salınmışdı. İsrailin müdafiəsində İordaniya, Fransa və digər ölkələr iştirak etmişdilər. Böyük ehtimalla, indi İsrailin İrana gözlənilən mümkün zərbələri zamanı hansı dövlətlərin hava məkanını açıq saxlayacağı nəzərdə tutulur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ