İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyaya dron verir, əvəzində nə qoparacaq? - Bakı və Ankaranın maraqları təhlükədə

Kremlin Qarabağla bağlı Tehranın əlini gücləndirəcək güzəşti istisna edilmir, İran Rusiyadan Türkiyənin Yaxın və Orta Şərqdə sıxışdırılmasını da istəyə bilər - Detallar

İran Rusiya ilə Ukraynaya qarşı hərbi əməkdaşlığı genişlənməkdədir. Xəbər verildiyi kimi, Rusiya Tehrandan dronlarla (PUA-larla) yanaşı, uzaqmənzilli raketlər almağa da hazırlaşır. “Yeni Müsavat” məlumat verir ki, rəsmi Tehran bunu israrla dansa da, faktiki Ukrayna şəhərlərinin atəşə tutulmasında məhz İran dronlarından istifadə olunması sübut olunub.

Artıq Ukrayna tərəfi buna görə rəsmi Tehrana sərt etirazını bildirib. İki ölkə İranın Rusiyaya açıq hərbi dəstəyi üzündən diplomatik münasibətlərin qırılmasının bir addımlığına gəlib. Kiyevdən İran səfiri qovulub, Ukrayna prezidenti də Tehranı yalan danışmaqda ittiham edib. İranın Ukrayna mülki təyyarəsini vurmasını xatırladan Zelenski həmçinin bəyan edib ki, İran ikinci dəfə ukraynalıların ölümünə səbəb olur. “Bizim kəşfiyyat xidmətimizin və müttəfiq ölkələrin kəşfiyyat xidmətlərinin əlində sübutlar var. İran Rusiya ilə ticarət edir, ”Şahed" dronlarını və raketləri Rusiyaya satır.

İran tərəfi bunu təkzib edərək bildirir ki, bu, İranı istəməyən ölkələrin təxribatıdır. “Bəzi ölkələr bizim diplomatik münasibətlərimizin olmasını istəmirlər”, “Biz Rusiyaya dron və ya raket satmamışıq” və s. bütün bunlar hamısı İranın yalanlarıdır. Onlar müxtəlif səviyyələrdə bunu inkar edirlər. Lakin biz hər gün Ukraynanın mülki infrastrukturuna yüzlərlə zərbənin şahidi oluruq. İran Rusiyanı dronla təchiz edir. İran ukraynalıların ölümü üçün Rusiyanı təchiz edir və bütün bunları pula görə edirlər", - Zelenski vurğulayıb.

Lakin bizi düşündürən isə budur ki, Rusiyaya hərbi köməyi qarşılığında fars rejimi - hansı ki, son vaxtlar Azərbaycana qarşı da açıq hədələr səsləndirir, Araz boyu hərbi təlimlər keçirir - Moskvadan nə umacaq? Konkret olaraq Güney Qafqazda Rusiya İrana hansı reveransları və ya güzəşti edə bilər? Məsələn, Qarabağla bağlı Tehranın əlini gücləndirəcək güzəşt mümkündürmü? Bəs Yaxın və Orta Şərqdə (Suriyada) Tehran Moskvadan Türkiyənin sıxışdırılmasını istəyə bilərmi?

Politoloq: “İrana qarşı sanksiyalarda Türkiyə və Aİ ABŞ-la həmrəy deyil” -  28.11.2018, Sputnik Azərbaycan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Ukrayna İranla diplomatik münasibətlərə son qoymağı düşünür: “Kiyev Rusiyaya pilotsuz uçuş aparatları satan İranın terrora sponsorluq edən dövlət kimi tanınmasını beynəlxalq təşkilatlardan istəyəcək. Kiyev bu məqsədlə BMT, NATO, ATƏT kimi təşkilatlara müraciət hazırlayır. Tehran hələ də Rusiyaya dron satmadığını və ya nəyinsə əvəzinə vermədiyini bildirir. Halbuki Ukrayna ordusu həmin dronların qalıqlarını toplamaqla məşğuldur. Rusiya həmin dronları böyük ehtimalla Xəzər üzərindən daşıyıb.

İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? Türkiyə Azərbaycana və Ukraynaya pilotsuz uçuş aparatları satıb və bunu heç zaman gizlətməyib. Sadəcə, Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb. Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satıb, bu İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir. Ona görə də Rusiyaya silah satmalarını açıq şəkildə bəyan edə bilmirlər. Halbuki hamı bilir ki, Rusiya İran dronları ilə Ukrayna şəhərlərini hədəf alıb, mülki insanları öldürüb. Zelenski şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, qalıqları mövcuddur. Bunlar varkən Tehran hələ da reallığı inkar etməyə çalışır".

Ekspert deyir ki, İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, xarici işlər naziri İrəvana gedərək Ermənistana dəstək ifadə edir, yerdə qalır Tehranın Ermənistana pilotsuz uçuş aparatları satmağı. Onun fikrincə, gedişat buna doğrudur: “Tehranın məntiqi belə olacaq - Azərbaycan İranın düşməni İsraildən pilotsuz uçuş aparatları alırsa, biz də Azərbaycanın düşməni Ermənistana pilotsuz uçuş aparatları sata bilərik. İsrail bizə hava sahəsini qorumağa imkan verən ”dəmir günbəz" satarsa Ermənistanın Azərbaycana qarşı istifadə etməyi planlaşdırdığı İran istehsalı olan dronların faydası olmayacaq, sadəcə bu “izdivac” onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərində daha dərin çat yaradacaq. Seçim Tehranındır".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib: “Əsas silah təchizatı Rusiya olan İrəvan 44 günlük müharibədə ağır zərbə alan hərbi arsenalını gücləndirmək üçün İran və Hindistan kimi üçüncü ölkələrə üz tutur. İrəvanın hərbi baxımdan özünü bərpa etmək cəhdləri həm hazırda regiondakı proseslər, həm də perspektivdə yenidən təhdidlər yaratması baxımından Azərbaycana sərf etmir. Hərçənd Azərbaycan Ordusunun arsenalında olan Türkiyə istehsalı ”Bayraktar" və İsrail istehsalı dronlarla müqayisədə İran dronları daha zəifdir, xüsusilə dağ relyefində döyüşlərin aparılması baxımından. Və Türkiyənin yeni istehsalı olan “Akıncı”nı hərbi arsenalımıza daxil etməyə hazırlıq da Azərbaycanın gücünü qat-qat artıracaq. Burada İranın Azərbaycana dua, Ermənistana PUA göndərməsi siyasəti də yenidən gündəmə gəlir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR