Onlayn ictimai-siyasi qəzet
Bu, yazı “yada düşər xatirələr” silsiləsindən olacaq. Niyə yada düşdüyünü bilirsiniz. Bilməyənlərə isə gərək “Allah dünyanı yaratdı”dan başlayım.
Deməli, 7-8 il əvvəl idi, yolumuz Alanyaya düşmüşdü. Orada yerli əmlak meneceri, Azərbaycanda dostları olan Kamil adlı bir şəxs bizi təntənəli mükafatlandırma mərasiminə dəvət etdi və öz maşınıyla gəldi, bizi dəniz sahilində, açıq havada keçirilən şölənə apardı.
Kamil bəy orada bizi Ənvər paşanın nəvəsi Osman Mayatepeklə də tanış etdi, o da bizə fəxrlə “Nuru amcamı Baküyə mənim dədəm göndərmiş” dedi. Amma söhbət bunda deyil. Mərasimdən sonra biz Kamilin avtomobilində hadisə yerini tərk etmək üçün şlaqbauma yaxınlaşdıq. Kamil əfəndi başını pəncərədən çıxarıb şlaqbaumu açıb-bağlayan kişiyə böyük ehtiramla səsləndi: “Gürbüz abi, nasılsın?” Kişi “iyiyim, şükür” dedi, şlaqbaumu qaldırdı, keçdik.
Biz Gürbüz abının kim olduğunu soruşmayacaqdıq, Kamil bəy özü dedi ki, Gürbüz abi bir zamanlar jandarmaydı, aksiya keçirən müxalifləri döyə-döyə elədən-eləyə, belədən-beləyə qovurdu, heç kəsə göz açmağa imkan vermirdi.
Soruşdum ki, bəs nə əcəb onunla belə iltifatla salam-kalam edir, əhvalını soruşursan. Kamil dedi ki, Gürbüz abi dövlət məmuruydu, görəvi asayişi qorumaq idi, həm də heç vaxt insafı əldən verməzdi, indi təqaüdə çıxandan sonra burada işləyir, yaxşı kişidir.
Dünən İlqar Əlfioğlu yadıma saldı, Gürbüz kişidən biri də bizdə vardı, adı Çingiz idi. Polkovnik Çingiz Məmmədov. Ölkə müxalifətçilərinin hamısı onu tanıyırdı - Bakıdakı müxalifətçilərin yox ha, bütün ölkə müxalifətçilərinin.
O vaxt o, bütün icazəli, icazəsiz mitinqlərin, yürüşlərin, piketlərin daimi iştirakçısıydı. Amma qarşı tərəfdə dururdu. İcazəli mitinqlərdə eləcə başının dəstəsi ilə bir küncdən dayanır, asayişə nəzarət edirdi. İcazəsiz mitinqlərdə isə od-alova dönürdü. Polkovnikin əlində həmişə bir yekə ratsiya da olurdu, hərdən onu dəyənək kimi də istifadə edirdi.
Sərt, qətiyyətli və prinsipial adam idi Məmmədov. Cürətli də demək olardı. Düzdür, aksiya iştirakçılarından heç kəs ona əl qaldırası deyildi, amma bəzən emosiyalar qızışanda belə o, heç kəsin qabağından çəkilmirdi, sona qədər dirəşirdi.
Bir dəfə bir dəstə jurnalist siyasi liderləri müşayiət edərək mitinq təyin olunan yerə gedirdik. Çingiz Məmmədov öz qrupu ilə qafilənin qabağını kəsdi, dedi ki, oraya yalnız mənim meyitimin üstündən keçib gedə bilərsiniz. Polkovnik bunu o qədər qətiyyətlə dedi ki, hamı bu işin nəticəsinin yaxşı olmayacağını anladı. Söhbət meyit üstündən keçməyə qədər irəliləmədi.
Qəribəydi ki, müxalifətçilər arasında ona nifrət bəsləyən yox idi. Olsa da, çox deyildi. Əksəriyyət deyirdi ki, adamın işi əmrləri icra etməkdir. Bir dəfə o özü də dedi ki, işi budur, hökumətdə kim olur, olsun, ona fərqi yoxdur, əmr etsə ki, insanların bir yerə toplaşmasının qarşısını almaq lazımdır, alacaq, toplaşan kütləni dağıtmaq lazımdır, dağıdacaq.
Onun barəsində söz düşəndə müxalifət funksionerləri deyirdilər ki, hakimiyyətə gəlsələr, Çingiz Məmmədovun rütbəsini artıracaqlar, qoy xidmətini davam etdirsin.
Ta bilmirəm, bunu zarafatla deyirdilər, ya ciddiydilər.
Amma Çingiz Məmmədov bir dəfə özünü “yandırdı”. Yasamal məhkəməsində bir proses gedirdi, ABŞ səfirliyinin ikinci katibi, ana dilimizi yaxşı bilən Conatan Henik həmin məhkəmədə iştirak etmək üçün binaya daxil olanda Çingiz Məmmədov onun qarşısını kəsmişdi. Henik ana dilimizdə ona içəri keçmək istədiyini deyərkən, Çingiz Məmmədov təmiz ingilis dilində ona belə cavab vermişdi: “Qou avey”. Yəni rədd ol burdan.
Heç demə, polkovnik ingiliscə bilirmiş. Həmin dili cənab Henik də bildiyinə görə söz onun xətrinə dəymişdi və qayıdıb getmişdi səfirliyə.
Ondan qısa bir müddət sonra xəbər gəldi ki, Çingiz kişini istefaya göndəriblər. Ta bilmədik onun təqaüd yaşı çatmışdı, yoxsa arğac Conatan Henikdən keçmişdi.
İndi heç onun sağ olub-olmadığını da bilmirəm. Amma onu, demək olar ki, heç kəs unutmayıb. O da bizim Gürbüz kişidir.
Yəni vaxt ötür, ötən illərdə qızışmış ehtiraslar səngiyir, gərginliklərdən əsər-əlamət qalmır, bir çox olub-keçən hadisələrin xassəsi dəyişir, köhnə qovğalar bir az hüznlü, bir az məzəli xatirəyə çevrilir. Əgər arada faciəvi məqamlar yoxdursa, çox şey retuşlanır, gedir.
Bir dəfə bir müxalifətçi “Sədərək” bazarında qatlanıb-yığılan çarpayı (“raskladuşka”) satan keçmiş polis işçisini tanıyıb, bir az zarafatla, bir az da intriqa ilə deyib ki, yadındadırmı, bizi mitinqdə döyürdün. O da deyib ki, bəy, mən sizi qanunlar əsasında və nizamnamə çərçivəsində döyürdüm.
Hə, doğrudan, qanunlar əsasında və nizamnamə çərçivəsində döyüləndə adamın canı çox ağrımır.
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ