Onlayn ictimai-siyasi qəzet
Bir az irəlidə olanlar geridəkilərə və yaxud da heç inkişaf etməyənlərə təzyiq edirlər - özü də sırf iqtisadi-siyasi, hətta hərbi baxımdan da yox, həm də texnoloji aspektdən. Ona görə kimlərsə hələ də ən müxtəlif “gizli sövdələşmə nəzəriyyələri”ndən, hansısa “konspiroloji ssenarilər”dən danışanda deyirəm ki, özünüzü yormayın, konspirologiyaya-filana ehtiyac yoxdur, indi hər şey heç vaxt olmadığı kimi tamam çılpaqdı, kimsə nəyisə gizlətmək üçün özünə əziyyət belə vermir: qoca dünya sanki təzədən “uşaqlığ”ına qayıdıbdır...
Bu səbəbdən xeyli vaxt idi ki, diqqətimiz həm də Türkiyə ətrafında cərəyan edən proseslərdə idi və hətta prezident Ərdoğanın ABŞ-yə son səfərini də daha çox bu aspektlərdən izləyirdik.
Qərəz, Ankaranın ətrafındakı son olayların çözümünə gəldikdə, bir tərəfdən Yaxın Şərq problemləri ilə bağlıdır bu, digər tərəfdən də bəzi hərbi-texnoloji məqamlarla.
Əvvəlcə qeyd edək ki, digər yaxın müttəfiqimizlə - İsraillə qardaş Türkiyə arasında çoxdandır, hətta bir neçə ildir ki, çox ciddi soyuqluq müşahidə olunur və biz də bir təhlilçi kimi məsələni dəfələrlə çozməyə çalışmışıq.
Qəzzadakı müharibənin fonunda, xüsusən də Fələstinə son dəstəklərlə bağlı gərginlik lap pik həddə çatıb.
Amma Təl-Əvivi bir az realist olmağa çağırardıq. Ona görə ki, bizə elə gəlir, B.Netanyahu və kabineti hətta bir siyasi təhlilçinin də sezə biləcəyi dərəcədə reallıq hissini itiribdir.
Başqa məsələlər bir tərəfə, qoy, rəsmi Təl-Əviv bircə suala cavab verməyə çalışsın: Fələstini yalnız Ankara dəstəkləyirmi? Həm də Ankaranın bu xalqa dəstəyində Tehrandan fərqli olaraq beynəlxalq hüquqa, BMT-nin bu vaxta qədər qəbul etdiyi sənədlərə zidd bir şey varmı?
Baxın, son günlərdə daha neçə böyük dövlət Fələstini tanıdı? Heç olmasa, nəzərə alın ki, Beynəlxalq Cinayət Məhkəməsi baş nazir Netanyahu haqqında qərar qəbul edib, hansı ki, Qərbin, ümumiyyətlə, beynəlxalq aləmin dəstəyi olmadan mümkün olmazdı! Bütün bunları təkcə Türkiyə və ya Ərəb Dövlətləri Liqası, hətta İslam ölkələri, İslam Əməkdaşlıq Təşkilatı edibmi? Əlbəttə, yox! Trampın birinci idarəçiliyi dövründə Qüdslə bağlı verdiyi qərar əslində İsrail və onun hökuməti üçün siqnal olmalı idi, ona görə ki, onu bir-iki dövlətdən başqa heç kim dəstəkləmədi! Hərçənd bir sıravi siyasi müşahidəçi kimi biz də hesab edirik ki, Yerusəlim məsələsində İsrailə güzəşt olmalıdır: bəli, “iki dövlət” formulu saxlanılmalı, amma Yerusəlim İsrailin bölünməz paytaxtı kimi tanınmalıdır, çünki digər dünyəvi dinlərin də burada təmsil olunmasına baxmayaraq, şəhər yəhudilər üçün bir tarixi-dini simvoldur.
Həm də ümid edirik ki, belə bir güzəşt regiondakı gərginliyi də bir az azaldardı: hər halda, bizə belə gəlir və bir daha qeyd edirik ki, bu, bizim, adi bir siyasi təhlil adamının subyektiv mövqeyidir.
O ki qaldı qardaş Türkiyə ilə bağlı digər problemlərə, sanki iki-üç həftə əvvəl belə söhbətlər gəzdi ki, guya Moskva "S-400" komplekslərini “geri istəyir”! Həm də Ərdoğanın ABŞ səfərində də məşhur qırıcı təyyarələrlə bağlı məqamlar da əsas yerlərdən birini tutmalı idi.
Məhz bu səbəbdən əvvəldə dedik ki, texnoloji cəhətdən inkişaf etmiş ölkələr digərlərinə, hətta müttəfiqlərinə təzyiq edirlər ki, onları bir az da itaətkar və müti etsinlər.
"S-400" komplekslərinə gəldikdə, vaxtilə amerikalılar da deyirdi ki, bununıla Moskva Türkiyənin, hətta NATO-nun müdafiə sistemlərinə müdaxilə imkanları qazana bilər. Prinsipcə, düz də deyirdilər! Amma əvəzində nə təklif edirdilər? Özlərinin “Petriot”larını Ankaraya verdilərmi? Çox təəssüf ki, yox! Hələ də verməyiblər və çox güman, heç vaxt da verməyəcəklər, çünki məqsəd Türkiyəyə texnoloji təzyiq etmək, onu da müti “müttəfiq”ə çevirməkdir.
Söz texnologiyalardan, xüsusən də hərbi texnologiyalardan düşmüşkən, bir məqamı da qeyd edək.
Ermənistanın baş naziri də arada ABŞ-dən Rusiyaya yollandı ki, beynəlxalq atom toplantısında iştirak etsin, çünki Metsamor atom stansiyası da İrəvanın boynunda daha bir “xalta”dır və Kreml bundan hələ ki çox məharətlə istifadə edə bilir; Ermənistana təkcə nüvə yanacağı vermir, həm də stansiyanı yenidən quracağı haqda vədlər verir.
Amma bizə elə gəlir ki, sonuncu yalan vəddir, çünki AES qurmaq üçün milyardlarla dollar lazımdır. Həm də səhv etmirəmsə, İrəvan bu xüsusda ABŞ ilə də sövdələşmə qurmaq istəyir.
Bunu niyə qeyd edirik? Qardaş Türkiyə də nüvə dövləti olmağı hədəfləməlidir. Səhv etmiriksə, onun artıq bir AES-i var və təəssüf ki, deyəsən, onu da ruslar qururlar. Olsun! Amma başqa məqam da var. Çox güman, İsrailin də nüvə silahı var və bunun olmaması təəccüblü olardı, çünki vaxtında demək olar, bütün ölkələr üçün nüvə silahını yəhudi alimləri yaratmışdı. İran mollaları da buna can atır. Ona görə də məsələ ilə bağlı Ankara da nəinki ciddi düşünməli, hətta bir az tələsməlidir...
O ki qaldı Ankaranın Vaşinqtondan daha nə qopara biləcəyinə, Tramp özünün daha bir ideyasını işə salmaq istəyir: Avropa kimi Türkiyəni də Rusiyadan neft almağı dayandırmağa çağırır!
Əlbəttə, dərhal qərar veriləsi məsələ deyil. Birincisi, Vaşinqton anlamalıdır ki, elə belə məsələ deyil, bu, bunun qarşılığında ciddi “siyasi ticarət” olmalıdır.
İkincisi, Rusiya da başa düşməlidir ki, bəzi məsələlərdə Türkiyə ilə hesablaşmaq lazımdır, ona görə ki, Ankara nə vaxtsa, Trampın təklifini ciddi şəkildə nəzərdən keçirə bilər...
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ