Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan-İran münasibətlərinin perspektivi həmişəkindən daha yaxşı görünür. Bakı ilə Tehranın münasibətlərdəki gərginliyə son qoymaq səyləri regional proseslər üçün kritik əhəmiyyət kəsb edərək tərəflərin maraqlarının uzlaşdırılmasına yardımçı olur.
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın ifadə tonu, bəyanatlarının mahiyyəti münasibətlərin dərinləşməsinə və genişləndirilməsinə aydın hazırlığı əks etdirir”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi təhlilçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, İranda Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqaməti üzrə mühüm addımlar atılsa da, daxili siyasi konyunkturada fikir ayrılıqları qalmaqdadır:
“Bununla belə, ən azından iki səbəbdən dolayı İrandakı radikal qüvvələr fəallığı sönük görünə bilər. Birincisi, İran daxili və xarici siyasətdə strategiyası məğlubiyyətə uğramış əhəmiyyətli transformasiyadan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin İranda artan nüfuzu həmin proseslərin bir hissəsinə çevrilir. Bu transformasiya İran elitasını yeni hekayələr yaratmağa doğru istiqamətləndirir və Azərbaycan həmin trayektoriyada əhəmiyyətli yer tutur.
İkincisi, İran baxışlarını və mövqelərini təhlükəsizlik məsələlərini əhatə edən nöqtəyə gətirərək Azərbaycanla əlaqələrin inkişafının zərurət olduğunu dərk edir. Tehran Azərbaycanın güclü və strateji xarici əlaqələri fonunda regional təhlükəsizlik izolyasiyasında qalmaq istəmir. Cənab Pezeşkianın Bakı səfəri Tehranla Vaşinqton arasında danışıqların sürətlə davam etdiyi bir vaxtda, eyni zamanda eskalasiya risklərinin mövcud olduğu həssas bir məqama təsadüf etməsi həmin mətləbi açır”.
Analitik əlavə edib ki, Məsud Pezeşkian Azərbaycan lideri İlham Əliyevlə görüşdə məzmunca Zəngəzur dəhlizinə ölkəsinin razılığını dolayı yolla ifadə etmiş oldu:
“Azərbaycan böyük güclər miqyasında – Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizi barədə razılıq almağı bacarıb. İranın isə Yaxın Şərqdə məğlubiyyətə uğraması fonunda regionda alternativ olaraq müqavimət göstərə bilmək potensialı qalmayıb. Səbəb nə olursa-olsun, İranda da Zəngəzur dəhlizinə geniş perspektiv kimi baxanlar varsa, bunun özü regiondakı dinamikalarda Azərbaycanın mövqelərinin irəliləməsinə gətirib çıxaracaq. Lakin İranın mövqeyini birbaşa köklü dönüş kimi də xarakterizə etmək tezdir və mümkün variantlardan biri kimi, Tehran gələcək siyasi bəyanatlarında yenidən “qırmızı xətləri” xatırladacaq. İranın etiraz notuna baxmayaraq, bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı prioritetlərində Tehranın güclü müqavimət göstərə bilmək ssenarilərini istisna edəcək.
O kil qaldı, Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam”dan bir hissəni səsləndirməsinə, bu, müsbət haldır və əlaqələrin etnik bağlılıq üzərindən də gücləndirilməsinə motivasiyadır: “Bununla belə, cənab Pezeşkianın tezisləri İranın ideoloji və kəşfiyyat laboratoriyaları tərəfindən hazırlanmış “Kassetlər” sənədli filmindəki ideyalarla güclü oxşarlıq təşkil etməkdədir. İran üçün “Arazın hər iki tərəfi” anlayışı İranın dövlət ənənələri və onun ideologiyasının yayılmasını əhatə edən məsələlərdən kənara çıxmır.
Yəni Pezeşkianın “Ayrılıq” notları ciddi və əhatəli inteqrasiya istiqamətləri üçün yaxşı rol oynasa da, İran dövlət ağlında daha dərin mənalara malik strategiya mövcuddur”.
Afaq Mirayiq,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ