İnsanlara hürriyət, millətlərə istiqlal!

İki Əlidən birinin partiyası maliyyə yardımı alacaq

Parlamentdə təmsilçisi olmayan partiyalar da dövlətdən maliyyə alacaq

Azərbaycan növbədənkənar parlament seçkiləri başa çatıb və partiyaların, demək olar ki, hamısı müxtəlif sayda namizədlərlə seçkidə iştirak edib. Seçkilərdə iştirak edən siyasi partiyalar maliyyə yardımı alacaq.

 Belə ki, ötən il qüvvəyə minən "Siyasi partiyalar haqqında" Qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib.

 Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür;

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir;

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır;

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək.

Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

AXCP seçkidə iştirak etmədiyi üçün Əli Kərimli maliyyə dəstəyi almayacaq, məsələn onun adaşı HƏP lideri  Əli İnsanov isə yeni qanun verdiyi üstünlükdən yararla biləcək. Beləliklə, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar.

Müsavat, AG, Ümid, Xalq, Demokrat, Ədalət, Müasir Müsavat, Klassik Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Yeni Zaman, Gələcək Azərbaycan, Haqq Ədalət və Azad Vətən partiyaları.

Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR