Onlayn ictimai-siyasi qəzet
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli memorandum imzaladı; bunun ardınca daha geniş tərkibli, Rusiya və İranın daiştirakçılığı ilə tədbirlər düzənlənə bilər
Sentyabrın 10-da Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovaninin görüşü baş tutub. Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşün nəticələrinə dair üçtərəfli memorandum imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyinin də açıqlamasında qeyd edilir ki, görüşdə əsrlərdir xalqlarımızın mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi olaraq qeyd edilib. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın xalqlarımızın xoşbəxt gələcəyi və rifahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Əminliklə vurğulanıb ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın inkişafı təkcə ölkələrimiz üçün deyil, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verəcək. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Nazirlərin üçtərəfli görüşü 3+3 formatında region dövlətlərinin əməkdaşlıq niyyətinin tərkib hissəsi kimi anlaşıla bilərmi? Bunun ardınca daha geniş tərkibli, Rusiya və İranın da iştirakçılığı ilə tədbirlər düzənlənəcəkmi? Azərbaycan prosesdə hansı rola malikdir?
Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərdən bəhs edərkən, ilk növbədə, siyasi dialoqun yüksək səviyyəsinə diqqət çəkmək lazımdır. Üç ölkə arasında siyasi dialoq prezidentlər və parlament rəhbərləri, həmçinin digər səviyyələrdə birmənalı şəkildə dəstəklənir. Qonşu dövlətlər müxtəlif beynəlxalq platformalarda əksər hallarda bir-birilərinin maraqlarını müdafiə edirlər. Üçtərəfli iqtisadi əlaqələr də siyasi dialoqun yüksək səviyyəsinə adekvat qurulub. Deyə bilərik ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli regionda təhlükəsizliklə bağlı kövrək və həssas dövr olduğunu nəzərə alaraq, imzalanmış memorandumu əməkdaşlığın genişlənməsində mühüm sənəd hesab edir. Azərbaycanla Türkiyənin hərbi müttəfiqliyinin Şuşa Bəyannaməsi ilə yüksəldiyini vurğulayan hərbi analitikin fikrincə, bu memorandum da əlaqələri gücləndirəcək. Onun sözlərinə görə, üç ölkədən biri NATO dövləti, ikisi isə bu yöndə ordu quruculuğu həyata keçirən dövlətlərdir. R.Məmmədli Türkiyə-Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının həmişə inkişafda olduğunu qeyd edərək regionun təhlükəsizliyinin qarantlarından biri sayır: “Türkiyə hər iki ölkəyə təhdidlərə reaksiya verəcək bir müttəfiqdir. Ona görə də hər il müdafiə nazirləri bir araya gəlirlər və bu platformanın saxlanması strateji məsələdir. Ölkələr arasında hərbi-sənaye kompleksinin inkişafı, birgə təlimlərin keçirilməsi ilə bağlı addımlar atılır”.
R.Məmmədli altılıq platformasının reallaşması üçün imkanlar olduğunu düşünür: “İran da bu yaxınlarda oxşar bəyanatla çıxış etdi. Rusiya da 3+3 formatını dəstəkləyir. Bu məsələdə Rusiya-Gürcüstan münasibətləri, bir də Ermənistanın mövqeyi prosesi nisbətən tormozlayır. Lakin gedişat bu regional əməkdaşlıq formatının reallaşacağını deməyə əsas verir. Çünki bölgənin təhlükəsizliyinin təminatı məhz region dövlətlərinin işidir, kənar güclərin cəlb edilməsi isə bu mənzərəni pozur. Fikrimcə, bu coğrafiyada yeni siyasi konfiqurasiya yaranır və istər-istəməz müdafiə, kəşfiyyat, təhlükəsizlik kimi sahələrdə region dövlətinin əməkdaşlığını genişləndirməyi zəruri edir. Üç ölkənin müdafiə nazirlərinin imzaladığı memorandum da buradan qaynaqlanır. Ümumən altılıq platformasının gerçəkləşməsi bölgədə dayanıqlı sülhün yeganə təminatıdır. Biz bölgəni öz "şengen zona"mıza çevirə bilərik. Bütün nəqliyyat kommunikasiyaları işlək vəziyyətə gətirilərsə, xalqlararası əlaqələr inkişaf edərsə, ticarət dövriyyəsi də artdıqca təhlükəsizliyin təminatı daha da prioritet olacaq. Düşünürəm ki, Batumidə imzalanan memorandum münasibətlərin güclənməsində yeni bir səhifə açacaq".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ