İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həcc qiymətlərini Şeyx artırıb” iddiası

Pendemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar bahalaşıb 

Hər il Azərbaycanda Həcc ziyarətinin qiyməti açıqlanan zamanı onun yüksək olması ilə bağlı geniş müzakirələr açılır. Təbii ki, müzakirələrə qoşulanların əksəriyyəti qiymətlərin qalxmasından şikayətlənir. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Artıq sosial şəbəkələrdə Həcc ziyarətinin qiymət gündəm mövzusuna çevrilib.

Ceyhun Məmmədov: Radikal təriqətli insanlara qarşı mübarizə  gücləndirilməlidir - AZƏRTAC

Ceyhun Məmmədov 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib: “Əvvəllər də qeyd etdiyim kimi, Qafqaz Müsəlmanları İdarəsi  qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir. Sosial mediada Həcc ziyarəti ilə bağlı gedən müzakirələrə gəldikdə, hər kəs bilməlidir ki, imkanı olan müsəlman ömründə bir dəfə mütləq bu ibadəti yerinə yetirməlidir. Çünki Həccə getmək İslam dininin vacib şərtlərindən biridir”. 

Həcc ziyarətinə getmək üçün verilən pulun sədəqə kimi istifad\ə olunması məsələsinə gəldikdə isə deputat bunları deyib: “Söhbət ikinci dəfə Həccə getməkdən gedirsə, bəli, həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür”.

Sabiq deputat Hacı Qalib Salahzadə uzun illərdir ki, mütəmadi şəkildə Kəbə evini ziyarətə gedir. Eks-deputat deyib ki, Ümrə ziyarətindən 2 ay olar ki, qayıdıb: “Amma indi Həcc ziyarətinə gedib-gəlmək mənim üçün çətin olar. Sağlıq olsun, sentyabr-oktyabr aylarında yenidən Ümrə ziyarətinə getmək fikrim var. Əgər Həccə getməklə bağlı müraciət olsa, həmin şəxslərə kömək etmək barədə düşünərəm. Bir də ki, mən heç kəsi Həccə göndərməmişəm. Kiminsə "mən filankəsləri Həccə yollamışam" deməyini də xoşlamıram. Şəxsin Həccə getməsini Allah istəyib, mən, sadəcə, səbəbkar olmuşam. 1990-cı ildən bu günə kimi hər il Allahın evini ziyarət etmişəm. Vaxt olub ki, ildə iki dəfə Kəbəni ziyarət etmişəm. Hətta mən iki dəfə Kəbə evinin içərisində olmuşam. Allah bütün hacıların ibadətlərini qəbul etsin". Qiymətlərə gəlincə, o deyib: “Vallah mən qiymətləri televiziyadan öyrənmişəm. Həcc ziyarətinə gedən adamlara qulluq etmək, onlara yüksək səviyyədə xidmət göstərmək lazımdır. Ona görə də Həcc ziyarətinin qiymətləri ildən-ilə dəyişir. Onu mən, sən dəyişdirə bilmərik. Orada hotellərdə, binalarda, ümumiyyətlə, elə dəyişikliklər var ki, bunların hamısı xərcdir. Ona görə də qiymətlərdə dəyişiklik olur”. 

Azərbaycanda Həcc ziyarətinin bahalaşmasının səbəbi açıqlanıb. “Sputnik”ə danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, ölkəmizdə Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur. O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib: “Dünyada baş verən müharibələr və qlobal iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşmalar müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub”.

V.Cahangiri qeyd edib ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki əks halda, bəzi xoşagəlməz hallar baş verir: “Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur”.

 Qurum səlahiyyətlisi onu da bildirib ki, Həcc ziyarəti iyun ayında baş tutacaq: “Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə zəvvarların geri dönməsi planlaşdırılıb”.

 Qeyd edək ki, pendemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.

Xalidə GƏRAY, 
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR