Onlayn ictimai-siyasi qəzet
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirildi.
İclasda ötən həftə baş tutmuş həm Premyer Liqa, həm də qurumun bayrağı altında keçirilmiş digər yarışlarda qaydaları pozanlar cəzalandırıldı.
Cəzalar arasında diqqət çəkənlərdən biri də "Araz Naxçıvan"ın gənclərdən ibarət komandasının baş məşqçisi Xəyal Mustafayevlə bağlı oldu.
Mütəxəssis son turda "Qarabağ”la matçın 72-ci dəqiqəsində hakimi təhqir etməsi əsası ilə birbaşa qırmızı vərəqə aldığı üçün beşoyunluq cəzalandırılıb.
Musavat.com xəbər verir ki, Mustafayev qaynarinfo-ya açıqlamasında bununla razılaşmadığını və haqsız yerə cəzalandırıldığını bildirib:
"Mən hakimi təhqir etməmişəm. Nə təhqir? Sadəcə, penalti epizoduna etiraz etmişəm.
Ondan əvvəl, yeddi-səkkizinci dəqiqələrdə bizim oyunçunu yıxmışdılar və rəqib qapısına penalti təyin olunmalı idi. Tərtəmiz penaltini qeydə almır, üstəlik onu təhqir etdiyimi yazıb.
Nəyə görə təhqir etməliyəm? İndiyə qədər heç kimi söyməmişəm. 10 ildən çoxdur liqalarda məşqçiyəm.
Heç vaxt qırmızı vərəqə almamışdım. Üç-dörd sarı vərəqədən sonra bir oyun buraxdığım vaxtlar olub, bu başqa.
Amma hələ bir oyunda qırmızı vərəqə almamışdım. Keçən dəfə "Neftçi" ilə matçda dördüncü hakim kənardan müdaxilə ilə bizim oyunçuya sarı vərəqə göstərilməsinə nail oldu.
Ona etiraz etdim. Mərkəzi hakim sarı vərəqə göstərmədiyi halda, dördüncü hakim niyə görə onu çağırıb, fikrini dəyişdirməlidir?
Halbuki "Neftçi" hesabda irəlidə idi. Belə olan halda nə məcburdur sarı vərəqə göstərmək?
O gün də "Qarabağ"la oyunda sarı vərəqə göstərmək üçün baş hakim üstümə gəldi. Rəqibin heyətində bir futbolçu var, pis deyil, amma gələcəkdə daha yaxşı olmaq üçün ağlını başına yığmalıdır.
Mən penalti epizoduna etiraz bildirəndə, həmin uşaq hakimə, "Get, ona "qırmızı" ver dincəlsin" - dedi. Mən də ona, "Dilini qoy qarnına, çox danışma" - deyərək cavab verdim.
Hakim də məhz bu sözə görə mənə ikinci sarı ilə qırmızı vərəqə göstərdi. Halbuki məndən əvvəl həmin uşağı meydandan qovmalı idi.
Nə hakimi, nə də başqasını təhqir etmişəm. Sadəcə, uşağın sözlərinə etirazımı bildirmişəm.
Hakim də futbolçuya cavab verdiyim üçün ikinci sarı vərəqəni göstərdiyni dedi. Amma qərarda nə üçün hakimi təhqir etdiyimi yazıblar, anlamadım.
Mən uşaq deyiləm. Bu il nə səbəbdəndirsə, hamıya qırmızı vərəqə "paylayırlar”. Belə olmaz, düzgün deyil".
Məşqçi cəzanın azaldılması üçün apelyasiya şikayəti verəcəklərini də bildirdi:
"Bu, haqlı cəza deyil. Yəqin ki, qərarla bağlı apelyasiya şikayəti verəcəyik. Heç kimi təhqir etməmişəm".
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ