Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamenti “Gürcüstanda demokratiyanın geri çəkilməsi və siyasi plüralizmə təhdidlər” adlı qətnamə qəbul edib.
495 deputat sənədin lehinə, 73-ü əleyhinə olub, 86 deputat isə bitərəf qalıb. Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə, Aİ-nin respublikanın inkişafı üçün ayıracağı 121,3 milyon avronun dondurulmasına və vizasız rejimə yenidən baxılması tələbi irəli sürülüb.
Gürcüstan hakimiyyətinin fikrincə, sanksiya tətbiq edilməməsi üçün Avropanın tələblərinin yerinə yetirilməsi, respublikaya ən azı 14 milyard lariyə (5 milyard dollardan çox) başa gələcək.
Beləcə, bir zamanlar region ölkələrinin ictimaiyyətinin Avropaya sürətlə inteqrasiya edən gürcülərə apardığı həsəd də sıfırlanmaqdadır. Gürcüstan onların sırasına qayıdır.
Əslində, Avropa Parlamentinin qətnaməsi hakim “Gürcü arzusu” partiyasını Rusiyanın təsir agenti adlandıran gürcü müxalifətinin bəyanatlarına əsaslanır. Xüsusilə, avropalı deputatlar xarici agentlər haqqında qanunları və cinsi azlıqların təbliğatına qarşı mübarizəni tənqid ediblər. Qətnamədə deyilir ki, Avropa İttifaqı ölkələrinin nümayəndələrinin fikrincə, Gürcüstan öz qanunvericiliyinin liberallaşdırılmasından uzaqlaşdığına görə, onun üçün vizasız rejimə yenidən baxılmalıdır. Onlar “Gürcü arzusu”nun banisi Bidzina İvanişvilinin siyasətə qayıdışından məyus olduqlarını da bildiriblər və “Rusiyaya dönüşün xeyrinə ölkənin Avro-Atlantik oriyentasiyasını pozmaq cəhdi”nə görə ona qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.
Avropa Parlamenti Gürcüstan hakimiyyətinin öz seçki kampaniyasında Rusiya-Ukrayna hərbi münaqişəsinin görüntülərindən istifadə etməsini pisləyib, həmçinin rəsmi Tiflisi Abxaziya və Cənubi Osetiyanın suverenliyinin tanınmaması prinsiplərindən kənara çıxmaqda ittiham edib. Əslində “Gürcü arzusu” həmişə Sxinvali və Suxumi haqqında birmənalı danışıb , həmin bölgələri “işğal olunmuş ərazi” adlandırıb. Düzdür, hakim partiya seçki kampaniyası çərçivəsində barışıq mövzusu ilə oynayıb və bu, müxalifətə öz rəqiblərini milli maraqlara xəyanətdə ittiham etmək imkanı verib.
Avropalı deputatlar daha əvvəllər Tiflisi Rusiyanın iqtisadi blokadasına qoşulmağa çağırıblar. Amma gürcülər bu riskə getməyiblər. Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski bildirib ki, Tiflis anti-Rusiya sanksiyaları tətbiq etməyəcək, çünki bununla o, yalnız özünə zərər verəcək, Rusiya isə ümumiyyətlə heç nə hiss etməyəcək. “Üstəlik, bu, şübhəsiz ki, müəyyən qarşıdurmaya gətirib çıxaracaq və bu da asanlıqla hərbi qarşıdurmaya çevrilə bilər. Ona görə də biz qətnaməni anti-Gürcüstan hesab edirik”, - deyə siyasətçi yekunlaşdırıb.
Bir tərəfə baxanda gürcü vitse-spiker haqlıdır. “İlan vuran ala çatıdan qorxar” deyiblər. Tarixə 08.08.08 müharibəsi kimi düşmüş qısamüddətli Gürcüstan-Rusiya müharibəsinin acı nəticələri Tiflisdə hələ də unudulmayıb.
Parlamentin spikeri Şalva Papuaşvili də bu fikirlə razılaşaraq deyib ki, bu cür sanksiyalardan yalnız gürcü xalqı zərər görəcək: “Qətnamə müəllifləri çox yaxşı bilirlər ki, biz ikitərəfli sanksiyalarla Rusiyaya zərər verə bilmərik”. Eyni zamanda o, anti-Rusiya sanksiyalarının Gürcüstan iqtisadiyyatının 18% azalmasına səbəb olacağını bəyan edib.
Ölkənin baş naziri İrakli Kobaxidzenin bu məsələyə dair mövqeyi isə belədir ki, “müəyyən qüvvələr” ölkədə ikinci cəbhənin açılmasını, Gürcüstanın Rusiya ilə müharibəyə qoşulmasını istəyirlər, bu isə Gürcüstanın mənafeyinə uyğun deyil.
Baş nazirin fikrincə, Avropa Komissiyası Gürcüstama dair rəyini yalnız oktyabrın 30-da açıqlayacaq. Bu o deməkdir ki, Brüssel Gürcüstanda keçirilən parlament seçkisinin nəticələrini gözləyir. Kobaxidze ümid edir ki, “Gürcü arzusu”nun qələbəsi avropalıları Tiflisə hücum fikrindən daşındıracaq. Yəni onlar hazırkı hakim partiyanın güclü olması ilə barışacaqlar.
Müxalifətin “Güclü Gürcüstan” seçki koalisiyasının liderlərindən biri Ana Natsvlişvili bildirib ki, qətnamənin qəbulu “Gürcü arzusu”nun artıq Aİ-də müttəfiqlərinin olmadığının əyani sübutudur. “Əgər Gürcüstan vətəndaşları “Gürcü arzusu”nun taleyini bölüşmək istəmirlərsə, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində onun əleyhinə səs verməlidirlər. Əks halda, təcridin ağır yükü gürcü xalqının üzərinə düşəcək”, - o vurğulayıb.
“Avropa Parlamentinin qətnaməsi məsləhət xarakteri daşıyır və birbaşa hüquqi nəticələrə malik deyil, lakin növbədənkənar seçkilər və ümumilikdə mövcud vəziyyət fonunda səslənən qiymətlər gürcü seçicilərinə təsir edəcək. Xüsusilə, bu o deməkdir ki, Aİ Gürcüstandakı prosesləri diqqətlə izləyir və gürcülər digər məsələlərlə yanaşı, geosiyasi seçim etməli olacaqlar. Əvvəllər heç vaxt beynəlxalq münasibətlər məsələsi bu qədər aydın şəkildə qaldırılmamışdı”, - Geocase mərkəzinin rəhbəri Viktor Kipiani bildirib.
Bu arada Rusiya prezidenti Vladimir Putin Rusiyaya işləmək üçün gələn Gürcüstan vətəndaşları üçün 90 gündən çox müddətə vizasız rejimi genişləndirib. 2008-ci ildən bəri bu, Rusiyanın Gürcüstana qarşı atdığı ən ciddi barışıq addımıdır. Rusiya bu cüt jestlərlə, eləcə də Tiflisin Abxaziya və Cəmubi Osetiya üzərindəki yurisdiksiyanı bərpa etməsinə ümidlər verməklə gürcüləri Avropaya inteqrasiya yolundan döndərmək istəyir və bu istiqamətdə xeyli nailiyyət qazanıb. Gürcülər Avropa İttifaqının ölkələrinə təzyiq göstərməsindən məmnun deyillər. Onlar uzaq Avropadansa qonşu Rusiyaya vizasız gedib-gəlməyə daha müsbət yanaşırlar.
Avropa İttifaqı seçkilərdən sonra Gürcüstana qarşı vəd etdiyi sanksiyaları tətbiq etsə, bu, Gürcüstanla Aİ arasındakı körpünü daha da qəzalı vəziyyətə gətirəcək.
Bir sözlə, ya Avropa İttifaqı Gürcüstana münasibətdə silsilə səhvlər buraxdı, ya da gürcülər bu tutumları ilə Avropa ailəsinin üzvü olmağa hazır olmadıqlarını göstərdilər, hər nə oldusa, bir Qafqaz respublikası qonşularından qoparaq “avropalı” ola bilmir.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ