İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrük Komitəsindən ciddi dəyişikliklər anonsu

 

Ekspertə görə, əsas məsələ gömrük orqanına baxışın dəyişməsidir

Bir müddət əvvəl yüksək vəzifəli və rütbəli şəxsləri korrupsiya ittihamı ilə həbs edilən, sədri vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin taleyi çoxlarını maraqlandırır.  Ölkə ictimaiyyəti korrupsiyalaşma səviyyəsi həmişə yüksək qiymətləndirilən gömrük sistemində ciddi dəyişikliklər gözləməkdədir. Əksəriyyət bu sistemdə də bir neçə il əvvəl vergi orqanlarında aparılan təmizləmə, şəffaflaşma prosesinin başlanmasını istəyir.

İki gün əvvəl Dövlət Gömrük Komitəsindən verilən açıqlamadan məlum olur ki, qurumda yeni yol xəritəsi müzakirəyə çıxarılıb. Məlumata əsasən yol xəritəsi layihəsi qısa vaxt ərzində hazırlanıb. Məqsəd müasir çağırışlara cavab verən gömrük modelinin yaradılmasıdır.

Komitədə keçirilən toplantıda gömrük orqanlarının gələcək strateji hədəfləri də müzakirə olunub. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş gömrük sisteminin inkişaf istiqamətləri üzrə vəzifə və öhdəliklərin düzgün yerinə yetirilməsi, həmçinin müasir çağırışlara cavab verən gömrük modelinin yaradılması, şəffaflıq və məmnunluq səviyyəsinin artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması məqsədilə iyulun 22-də DGK daxilində bilikli əməkdaşlardan ibarət işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən Dövlət Gömrük Komitəsinin yaxın illər üçün hədəfləri, zəif tərəflərin aradan qaldırılması və inkişafa yönələn tədbirləri müəyyən edən müvafiq konseptual sənəd və yol xəritəsi layihəsi qısa vaxt ərzində hazırlanıb, avqustun 3-də DGK daxilində geniş müzakirəyə təqdim edilib.

Müzakirələr zamanı strateji hədəflərin müəyyən edilməsi üzrə funksional fəaliyyət istiqamətləri və görüləcək işlərin prioritetlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər nəzərə alınmaqla tez bir zamanda sənədin tamamlanması və qəbul edilməsi, konkret işlərin həyata keçirilməsi planlaşdırılıb.

Gömrük sistemində hansı dəyişikliklərə, islahatlara ehtiyac var? Gömrük orqanlarının fəaliyyətini necə qurmaq olar ki, korrupsiyaya yol verilməsin?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, indiki şərtlər daxilində DGK-nin fəaliyyətində hər hansı fundamental dəyişiklik gözlənilən deyil: “Strategiya deyəndə belə qurumlarda adətən infrastrukturun təkmilləşdirilməsi, bu sahədə yeni layihələrin icrası, müəyyən qədər xidmətlərin elektronlaşdırılması kimi məsələləri əks etdirən sənədi görürlər. Düşünürəm ki, Azərbaycanda ilk növbədə Dövlət Gömrük Komitəsinin funksionallığı ilə bağlı yanaşma dəyişməlidir: bu qurum fiskal qurum, dövlət büdcəsi gəlirlərinin əsas təminatçısı olan qurumlardan biri kimi nəzərdə tutulmamalıdır. Bu baxış qaldıqca, problemlər də qalacaq. Əgər gömrük siyasəti dəyişərsə, daha çox tənzimləmə və uçot funksiyaları ilə məhdudlaşarsa, bu zaman Dövlət Gömrük Komitəsinin, ümumiyyətlə, ayrıca bir institut olaraq deyil, hansısa bir mərkəzi qurumun daxilində fəaliyyət göstərməsi mümkün olacaq. Qiymətləndirmələr göstərir ki, hazırkı şərtlər daxilində belə mərkəzi qurum kimi Maliyyə Nazirliyi daha uyğundur. Bu, gömrük sahəsində uçot və nəzarət sistemini qurmaq üçün əlverişli imkanlar yaradacaq. Yaxud İqtisadiyyat Nazirliyinin nəzdinə verilə bilər. Bu, idxal olunan məhsulların gömrük sərhədini keçməsindən istehlak bazarına qədər keçdiyi yolun izlənməsinə, tam uçota alınmasına şərait yaradar. Yəni burada əsas gömrük orqanına yanaşmadır, baxışdır, onların dəyişməsi mütləq şərtdir”.

NATQ.jpeg (14 KB)

Ekspertin fikrincə, gömrük orqanı inhisarçılıq siyasətinin əsas təşkiledici qurumu funksiyasından uzaqlaşmalıdır: “Ölkədə ədalətli rəqabət mühiti yaradılmalıdır. Ümumdünya Ticarət Təşkilatına daxil olmaq, iqtisadiyyatı liberallaşdırmaq yolu ilə gömrük vasitəsilə tətbiq olunan məhdudlaşdırıcı faktorların zəiflədilməsi yolu ilə gömrük orqanının gücü azaldılmalıdır. Məhz güclü qurum olduğuna görə bu gün gömrük orqanı inhisarçıların əsas dayaq nöqtələrindən birinə çevrilib. Bu güc onun əlindən alınmalıdır. Belə olarsa, gömrük sistemində aşkarlanan son korrupsiya halları bir daha təkrarlanmaz”.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əsas məsələ dövlətin yeni gömrük konsepsiyasıdır: “Bu işin fəlsəfəsi dəyişməlidir. Gömrük gözə görünməyən, heç nəyə mane, ayrıca istintaq orqanı olmayan, statistik məlumatlar üçün vacib olan quruma çevrilməlidir. Gömrük rüsumlarının mahiyyəti yerli istehsala dəstək və yerli istehsalı olmayan, əsas da sosial yönümlü məhsullara 0 yığım üzərində inşa edilməlidir. Gömrük orqanlarınin hərbiləşdirilmiş mahiyyəti də ləğv edilib sivilləşməlidir və İqtisadiyyat Nazirliyində (və ya Maliyyə Nazirliyində) Dövlət Xidməti kimi fəaliyyət göstərməlidir”.

Ekspertin fikrincə, gömrük qanunvericiliyində də dəyişiklik edilməlidir: “Gömrük rüsumları ilə bağlı yeni qanunvericiliyə ehtiyac var, ilk əvvəl ƏDV-nin yığılması gömrükdən alınmalı, Vergi Xidmətinə qaytarılmalıdır”.

İş adamı Şahin Nəcəfovun sözlərinə görə, gömrük orqanları ilə bağlı görüləsi işlər çoxdur: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü reallaşmış olsaydı, bu gün dünyanın hər hansı ölkəsindən Azərbaycana göndərilən yüklə bağlı ətraflı məlumat anında bizim gömrük orqanında olardı. İnhisarlaşmanın güclü olan vaxtlarında beləydi ki, bir ölkədən vurulan malın yolu üzərindəki ölkələrin hər hansı birisində invoysunu dəyişmək mümkün olurdu. Əksər hallarda Qırmızı körpüyə qədər malı gətirib, orada istədikləri məlumatı əks etdirən invoys əldə edib, onunla rəsmiləşdirirdilər. Son illərdə gömrük rəsmiləşdirməsi invoysla deyil, gətirilən malın bazar qiyməti əsasında, yəni statistik dəyərlə aparılır. Bu da sahibkarlar üçün ciddi çətinliklər yaradır. Statistik dəyərlə rəsmiləşdirmə sahibkarlarla vergi orqanlarını üz-üzə qoyur: sahibkarın malı almaq üçün ödədiyi pulla gömrük rüsumunun hesablandığı dəyər arasında ciddi fərq meydana çıxır.  Gömrük sistemində görüləcək əsas işlərdən biri yaşıl dəhlizə hamının  yolunun açılması ola bilər. Bu gün kiçik qrup sahibkardan başqa heç kimi ora buraxmırlar. Bundan əlavə, gömrük qanunvericiliyi başdan-ayağa yenilənməli, daha doğrusu, yenidən yazılmalıdır. Bu prosesə sahibkar assosiasiyaları da cəlb edilməlidir. Heç kimə sirr deyil ki, korrupsiyaya yol açan qanunvericilikdəki boşluqlardır. Bu gün heç bir dövlət qurumu gəlib sahibkara demir ki, mən qoçuyam, sən mənə haqq verməlisən. Qanunvericilikdə yetərincə boşluqlar var və dövlət qurumlarının əməkdaşları həmin boşluqlardan məharətlə istifadə edirlər. Onlar qanuna istinad edərək sahibkardan artıq pul alırlar. Buna görə də korrupsiyaya şərait yaradan boşluqlar tamamilə aradan qaldırılmalıdır. Belə olarsa, sahibkar üçün rahat olar öz malını ixrac etmək, yaxud hardansa mal idxal etmək və bu zaman hər hansı əlavə ödəniş etməmək”.

İş adamına görə, Azərbaycanın yerləşdiyi coğrafi ərazini də nəzərə almaq lazımdır: “Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Asiya ilə Avropa arasında ticarət yollarının üzərində yerləşir, hətta açar ölkələrindən biridir. İranla, Rusiya ilə həm quru, həm də su sərhədi var. Buna görə də Azərbaycanın gömrük sistemi elə qurulmalıdır, tarif siyasəti elə tənzimlənməlidir ki, Asiyadan Avropaya, Cənubdan Şimala, yaxud əksinə ticarət əlaqələri üçün ən əlverişli şərtlər təmin olunsun. Son vaxtlar bildiyiniz kimi, Avropa ilə Asiya arasında yükdaşımalarda Azərbaycanın rolu getdikcə artır. Biz bu amili də nəzərə alaraq elə siyasət, elə şərtlər müəyyənləşdirməliyik ki, öz sahibkarlarımız da bu prosesdən qazanc əldə etsinlər. Hazırda Orta Asiyadan sahibkarlar Azərbaycan üzərindən gedirlər Gürcüstana, maşını alıb aparırlar ölkələrində satır və qazanc əldə edirlər.

Olmazmı ki, bunu elə Azərbaycanın öz sahibkarları etsinlər? Azərbaycandan bir sahibkar Gürcüstandan maşın gətirib satmaq istəsə, iflas edəcək, çünki şərtlər çox ağırdır. Azərbaycan mövcud regional imkanları öz sahibkarlarımızın xeyri baxımından dəyərləndirməlidir. Elə vergi, gömrük siyasəti tətbiq olunmalıdır ki, ölkəmiz regional cazibə mərkəzinə çevrilsin. Bu gün məsələn,Çin karqo malın bir kubu 750 dollara qaldırıb,  Rusiyada bu qiymət 280 dollardır. Amma əvvəllər Rusiyadan gəlib malı bizdən alıb aparırdılar. Bütün bunlara görə deyirəm ki, hər hansı bir iqtisadi siyasətin əsasında sahibkar, sahibkarlığın inkişafı, sahibkara yaradılan şərait dayanmalıdır. Dövlət iş adamlarının çiynində dayanır – onların vergilərindən qidalanır. Bu qidanın daha çox olması üçün sahibkara mümkün qədər rahat şərtlər təmin edilməlidir. Dövlət qurumu iş adamını cibinə girməyi tərgitməlidir, sahibkara özünün qanunsuz gəlir mənbəyi kimi deyil, maaşını təmin edən subyekt kimi baxmağa vərdiş etməlidir. Başqa cür Azərbaycanda azad sahibkarlığın inkişafına nail olmaq mümkün deyil: indiyədək olan təcrübə bunu tam sübut edib”.

 

Dünya SAKİT,
Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR